Prezidentin yerli telekanallara müsahibəsində yenidən bu mövzuya qayıtması təsadüfi deyil; bu reallıqda Azərbaycan dövləti və xalqı daim güclü olmalıdır
Prezident İlham Əliyev Yeni il münasibətilə xalqa müraciətində ölkəmizdə sülh, təhlükəsizlik və əmin-amanlıq şəraitinin hökm sürdüyünü xüsusi vurğuladı.
Dövlətimizin başçısı əminliklə bildirdi ki, 2026-cı il də Azərbaycan üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr əvvəlki illərdə olduğu kimi uğurla icra ediləcək. Bu əminliyin real nəticələrini biz ordu quruculuğunda, torpaqlarımızın işğaldan azad edilməsində, xarici təzyiqlərə qarşı prinsipial və qətiyyətli mövqedə aydın şəkildə gördük. Çünki “xalq–iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”.
Prezident müraciətində 2025-ci ildə şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etdiyimizi xatırlatdı. Bildirdi ki, beş il əvvəl Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə bizimlə əbədi qalacaq və Azərbaycan xalqı bu Zəfərlə daim fəxr edəcək. Doğrudan da, Vətən müharibəsi zamanı hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı və fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi Qələbəmizi təmin edən əsas amillər oldu. Qarabağ Zəfəri Azərbaycan xalqının taleyi üçün misilsiz əhəmiyyət kəsb edən hadisə kimi tarixə yazıldı və bu Zəfər haqqında hələ uzun illər danışılacaq.
Şübhəsiz ki, bu Qələbə haqqında danışmaq haqqına ən çox sahib olan şəxs Müzəffər Ali Baş Komandan, Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Azərbaycan 30 illik erməni işğalına son qoydu, ərazi bütövlüyünü, suverenliyini və milli ləyaqətini bərpa etdi. Zəfərimizin beşinci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad isə son illərdə ordu quruculuğu sahəsində görülən işlərin real mənzərəsini həm xalqımıza, həm də bütün dünyaya nümayiş etdirdi.
Həmin paradda dar gündə Azərbaycanın yanında olan Türkiyə və Pakistan liderlərinin Prezident İlham Əliyevlə birlikdə ordumuzun keçidini fəxarətlə izləməsi də xüsusi rəmzi məna daşıyırdı. Ən müasir silahlar, hərbi texnika, aviasiya vasitələri Azərbaycan Ordusunun gücünün göstəricisi idi. Dövlət başçısı son beş ildə Silahlı Qüvvələrimizin potensialının əhəmiyyətli dərəcədə artırıldığını, ordumuzun bu gün istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu vurğuladı. Yerli istehsal olan silah və texnikalarla yanaşı, xaricdən alınan müasir silah sistemləri də Ordumuzun arsenalına daxil edildi. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələri minlərlə əsgər və zabiti əhatə edir.

Bütün bunlarla yanaşı, Prezident xüsusi olaraq bir məqamı diqqətə çatdırdı: “Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qalıb”. Azərbaycan əbədi düşmənçilik yolunu seçməyib. Əksinə, qalib ölkə olaraq məğlub edilmiş Ermənistana sülh əlini uzadıb. Çünki bu, Azərbaycanın uzaqgörən və məsuliyyətli siyasətinin təzahürüdür. Dövlət başçısının dediyi kimi, Azərbaycanın başqa ölkələrin torpaqlarında gözü yoxdur.
Lakin arxayınlaşmaq da olmaz. Çünki 30 illik işğal təkcə Ermənistanın deyil, onun arxasında dayanan anti-Azərbaycan qüvvələrinin də nəticəsi idi və bu qüvvələr bu gün də vəziyyətdən məmnun deyillər. Müasir dünyada beynəlxalq hüququn işləmədiyi, “kim güclüdürsə, o haqlıdır” prinsipinin getdikcə əsas meyara çevrildiyi bir reallıqda hər bir dövlət öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir.
Yeni ilin ilk günlərində baş verən hadisələr də Prezidentin bu fikirlərinin nə qədər əsaslı olduğunu bir daha sübut etdi. Dünya “güclü haqlıdır” sindromunu yaşayır. Azərbaycan isə 44 günlük Vətən müharibəsində apardığı ədalətli və ləyaqətli mübarizə ilə öz prinsipial mövqeyini ortaya qoydu. Hətta kapitulyasiya aktına imza atmış Ermənistana qarşı belə “qalib güclüdür” yanaşmasını nümayiş etdirmədi, əksinə, humanist mövqe sərgilədi, erməni xalqı üçün “çörək yolu” açdı.
Ordunun gücləndirilməsi isə növbəti təhlükələrə hazır olmaq zərurətindən irəli gəlir. Prezidentin vurğuladığı kimi, dünyada genişmiqyaslı silahlanma prosesi gedir və belə bir şəraitdə Azərbaycan hər an öz ərazi bütövlüyünü, suverenliyini və müstəqil seçimlərini müdafiə etməyə hazır olmalıdır.
Ermənistanda isə hazırkı hakimiyyət “real Ermənistan” ritorikasını önə çəksə də, daxili siyasi proseslər, xüsusən revanşist qüvvələrin aktivləşməsi bölgədə sülh üçün ciddi risklər yaradır. Revanşistlərin yenidən hakimiyyətə gəlməsi regionda gərginliyi artıra bilər. Bununla yanaşı, Ermənistanı konfrontasiyaya sürükləyən bəzi xarici paytaxtlar və Avropa təsisatları üçün bölgədə sabitlik deyil, gərginlik daha cəlbedici görünür. Avropa İttifaqının və Avropa Şurasının son qərarları və bəyanatları da bunu təsdiqləyir.
Prezidentin Qarabağa səfərləri zamanı ad çəkmədən etdiyi xəbərdarlıqlar, 2026-cı il dövlət büdcəsində hərbi xərclərin artırılması və təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılması təsadüfi deyil. Dövlət başçısı nəyi, nə zaman və necə demək lazım olduğunu hər kəsdən yaxşı bilir.
Azərbaycan Vətən müharibəsindən sonra Zəfərini beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək üçün ardıcıl addımlar atıb və buna nail olub. Bu gün Qarabağ məsələsi beynəlxalq gündəlikdən tamamilə çıxarılıb. Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. “Böyük Qayıdış” proqramı uğurla icra olunur, azad edilmiş ərazilərdə artıq on minlərlə insan yaşayır, çalışır və təhsil alır. Keçmiş məcburi köçkünlər 32 yaşayış məntəqəsində öz doğma yurdlarına qayıdıblar. Dünyada buna bənzər ikinci nümunə tapmaq çətindir.

Prezidentin yerli telekanallara müsahibəsində yenidən “kim güclüdürsə, o haqlıdır” mövzusuna qayıtması da təsadüfi deyil. Görünür, XXI əsrin əsas devizi məhz budur. Bu reallıqda Azərbaycan dövləti və xalqı daim güclü olmalıdır.
Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı vurğuladı ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü Azərbaycan dövləti dayanır. Ortaq tarix, dil, mədəniyyət və köklər bütün azərbaycanlıları birləşdirir və onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir.
Hər bir azərbaycanlı yaşadığı ölkədə özünü təsdiqləməli, varlığını nümayiş etdirməli və gücə çevrilməlidir ki, nə özünə, nə də dövlətinə xətər toxunsun. Qalib ölkənin və xalqın Lideri güclü olmağın düsturunu məhz bu şəkildə təqdim etdi.




