Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatının təfərrüatları açıqlandıqca, adamlar əsl gerçəyin heç də ilk günlərdə olduğu kimi ütülü, sığallı olmadığını görürlər.
Heç demə, bu əməliyyatda təxminən 75 nəfər ölüb. Maduronu tutmaq, Trampın eqosunu təmin, ABŞ-nin gücünü təsdiq etmək üçün 75 insan güdaza gedib.
75 nəfər... Az deyil. Bu, əksəriyyəti gənc şəxslərin nə günahı vardı? Vəzifələri rəsmən dövlət başçısı olan şəxsi mühafizə etmək idi və onlar iş başındaykən qəfil həmlə ilə öldürülüblər.
Venesuela və Kuba təhlükəsizlik qüvvələrinin əməkdaşları olan bu şəxslər Pentaqon üçün “legitim hədəf”dir, amma hərəsi bir ailənin övladı və ya başçısıydı.
Bu baxımdan “Maduro əməliyyatı” qələmə verildiyi kimi, “zərgər dəqiqliyi ilə həyata keçirilmiş”, “son dərəcə təmiz” əməliyyat sayılmaz. Bu qədər adam ölübsə, nə “zərgər dəqiqiliyi”?
SSRİ tarixində bənzər bir əməliyyat 27 dekabr 1979-cu ildə, Əfqanıstanın paytaxtı Kabulda, Tac Bəy sarayında həyata keçirilib. Həmin vaxt sovet xüsusi təyinatlı qüvvələri bir neçə ay öncə partiya yoldaşı Nurməhəmməd Tərakini devirib öldürərək hakimiyyətə yiyələnmiş Hafizulla Əmini sarayındaca devirib-öldürüb, yerinə Babrək Karməlı gətiriblər.
ABŞ-nin Venesuelada etdiyi ilə Kremlin Kabulda etdiyinin arasında əsas fərq odur ki, amerikalı xüsusi təyinatlılar prezident Maduro və arvadını diri götürüb aparmışdısa, sovet xüsusi təyinatlıları Əminə aman verməmiş, özünü öldürüb, arvad-uşağını yaralamışdılar. Sovet komandanlığı əfqan liderin sağ qalmasını məsləhət bilməyib, “adam yoxdur, problem də yoxdur” devizi ilə işləyiblər.
SSRİ Əminin sarayına 540 xüsusi təyinatlı döyüşçü ilə hücum edib. Bundan başqa, əməliyyat yerinə zirehli texnika, raket qurğuları cəlb edilib. Əməliyyat zamanı sovet tərəfindən 14 nəfər həlak olub. H.Əmini mühafizə edənlərdən isə 200 nəfər öldürülüb, 1700 nəfər təslim olub.

Bu hücum da xeyli dərəcədə qisas səciyyəsi daşıyıb. Təraki Brejnevin şəxsi dostu olub. Onun xaincəsinə öldürülməsi baş katibə pis təsir edib. Üstəlik, baş nazir Əminin Qərbə meylləndiyi, ABŞ ilə əlaqələr yaratmaq istəməsi şübhəsi güclənib. Ona görə də özünü Şərq yarımkürəsinin atamanı hesab edən SSRİ rəhbərliyi beynəlxalq qanunlara məhəl qoymadan, BMT üzvü olan müstəqil dövlətin baş sarayında hərbi əməliyyat keçirib.
İndilikdə Venesuealda keçirdiyi əməliyyatın ABŞ-yə nəyə başa gələcəyi bilinmir, amma Kabul əməliyyatının SSRİ-nin dizini yerə gətirdiyi şəksizdir.
Moskva bu məşum səhvi ilə özünü qan bataqlığına saldı, Əfqanıstanda başlanan partizan müharibəsinin iştirakçısına çevrildi, on minlərlə canlı qüvvə, minlərlə texnika, milyardlarla vəsait itirdi, beynəlxalq aləmdə təcridə məruz qaldı. İllərdən bəri hazırlığı aparılan Moskva olimpiadası sırf Əfqanıstana müdaxilə üzündən boykot olundu. Son illərdə mülayimləşməsi ilə “dəmir pərdə”ni çatladaraq, yeni-yeni dünyaya açılan SSRİ “terrorçu dövlət” adlanacaq hala gəldi, mədəni dünya ilə arasındakı uçurum dərinləşdi, yalnız sosialist düşərgəsi ölkələrinin ümidinə qaldı.
1979-cu ildə Kabula ildırım sürəti ilə girmiş sovet hərbi kontingenti 1989-cu ildə Əfqanıstan-Özbəkistan sərhədini Termez şəhəri səmtindən geriyə keçəndə məhzun və ölüvay görünürdü.
Bəs SSRİ-nin Əfqanıstanda qazancı nə olmuşdu? Demək olar ki, heç nə. Tam fiasko. Arada minlərlə əfqan kommunist də bədi-fənaya getdi. Ölkə “Taliban”ın əlinə keçdi, daş dövrünə qayıtdı.
İndi Venesuelaya sübh çağı həmlə edən ABŞ-nin qazancı nə olacaq? Bu, gələcəkdə bilinəcək.
Yalnız bunu bəri başdan demək mümkündür ki, ABŞ SSRİ-nin əsas məşum səhvini təkrarlamayıb, Venesuelaya hərbi kontingent yeritməyib. Birbaşa işğal Pentaqona baha başa gələrdi, itkiləri çox olardı. Venesuelanın ordu birləşmələrinin bir hissəsi mütləq partizan müharibəsinə start verərdi. Nizami ordu hissələri olmasa da, narkokartellərin sərəncamındakı çoxminli döyüşçülər əllərini, qollarını sallayıb oturmazdılar. Zatən, ABŞ-nin hədəf taxtasında məhz onlardır.
Ancaq orası da dəqiqdir ki, Venesueala Əfqanıstan kimi olmayacaq. Orada bir düz-əməlli seçki keçirmək kifayətdir ki, daşlar yerinə otursun. Bir də narkobaron generalların poqonu sökülməlidir. ABŞ bunu asanlıqla edə bilər. Fəqət indilikdə Tramp administrasiyası Venesuelanın demoktatikləşməsində maraqlı deyilmiş kimi görünür. ABŞ-yə Venesuealda sözəbaxan despotlar lazımdır.




