Свобода людям, независимость нациям!

Putindən ŞOK etiraf – Ukrayna bircə qış da dözə bilsə...

2610 09.12.2025 13:06 Колумнисты A A

Rusiya prezidenti Vladimir Putin ölkənin demoqrafik durumundan bərk narahat olmağa başlayıb. Kreml rəhbəri təəssüf və təlaşla bildirib ki, görülən bütün tədbirlərə, qəbul edilən proqramlara rəğmən, əhalinin artım tempi yetərli deyil və mənfi proses davam edir.

Putinə görə, demoqrafik böhranın aradan qalxması üçün kişilər ailə qərarlarında daha çox rol oynamalıdır. Eyni zamanda, o, Moskvanın əsas strateji hədəfini belə ifadə edib: “Bizim tarixi vəzifəmiz xalqımızın qorunması və sayının artırılmasıdır”...

Hanı bəs? Paradoks ondadır ki, əhalisi onsuz da azalmağa doğru gedən Rusiya yüz minlərlə gənc rusu dörd ildir Ukraynaya qarşı işğalçı müharibədə boşuna qırdırıb və qırdırmağa davam edir. Nəzərə alsaq ki, öldürülən hər subay gənc gələcəyin potensial ailəsidir, ailə başçısıdır, onda fəlakətli mənzərə daha da aydınlaşar.

Odur ki, daha bir məntiqli sual yaranır: Putinin əhali sayından dolayı narahatlığının səmimiliyinə inanmaq mümkünü? Çətin.

Məslə ondadır ki, Rusiya lideri illərdir nəyin bahasına olur-olsun, ölkə sərhədlərini genişləndirmək kursu götürüb. “Rusiyanın sərhədləri heç yerdə bitmir” deyən bir adamın, qonşu dövlətlərə qarşı işğalçı siyasətini az qala, milli təhlükəsizlik məsələsi səviyyəsinə qaldıran bir şəxsin əhali artımı ilə bağlı qayğısı sırf bu niyyətdən doğa bilər. Müharibə üçün daim “təzə ət” lazımdır axı...

Şübhəsiz, rusların azalmasına miqrasiya da təsir edir. Ölkədəki qeyri-müəyyənlik, davam edən ədalətsiz müharibə səbəbindən dolanışığın getdikcə pisləşməsi, normal iş yeri problemi, orduya çağırış təhlükəsi istər-istəməz gənc kişi əhalinin, bəzən ailələri ilə birgə ölkədən getməsini şərtləndirir. Nəticədə əmək bazında onsuz da ağır olan durum bir az da kəskin şəkil alır.

Doğrudur, işğalçıya qarşı mübarizə aparan Ukraynanın əhalisinin də oxşar problemi var. Ancaq Kiyevin ABŞ da daxil, kollektiv Qərb timsalında çox güclü və imkanlı dəstəkçisi var. Britaniya Nazirlər Kabinetinin rəhbəri Pat Makfadden bu xüsusda maraqlı proqnoz verib. Onun qənaətincə, Ukraynanın Avropa tərəfdarları qışda Kiyevi dəstəkləyə bilsə, Rusiyanın iqtisadi problemlərinin gələn il daha da pisləşəcək və Putin danışıqlardakı təsirini itirəcək. Cəmi bir qış...

Bunu Kremldə də hesablamaya bilməzlər. Yəni bu bir tükətmə, taqətdən salma savaşıdırsa, Rusiya Ukraynadan heç də yaxşı durumda sayılmaz. Ona görə də Putin əndişə içindədir və tələsir. Bu ovqatı maksimum kamifulyaj eləməyə çalışsa da. Gəl ki, acı gerçək dəyişmir: bitmək bilməyən işğalçı müharibə Rusiyanı içəridən permanent şəkildə “yeyir”, “korroziyaya” uğradır. Bütün sferalarda. Bu da növbəti fakt.

“The Wall Street Journal”ının araşdırmasına görə, Rusiyanın süni intellekt (Sİ) sahəsində vəziyyəti çox pisdir. Bildirilir ki, Putinin “strateji prioritet” elan etdiyi Sİ sferası ölkənin texnoloji ambisiyalarını doğrultmaq əvəzinə böhranı daha da dərinləşdirib. “Stenford Universitetinin reytinqində Rusiya 36 ölkə arasında cəmi 28-ci yerdədir. Ölkənin ən yaxşı İİ modelləri belə ChatGPT və Gemini-nin köhnə versiyalarından geri qalır. “Yandex”in sabiq top-meneceri Yuriy Podoroşnı vəziyyəti belə ifadə edib: “Rusiya bu yarışı uduzub””, - məqalədə vurğulanır.

Geriliyin əsas səbəbi də məlum: sanksiyalar Sİ sektorunu da çökdürməkdədir. Eyni səbəbdən ölkəyə çip və qrafik prosessor idxalı 84% azalıb. Şirkətlər avadanlığı yalnız vasitəçilərdən və qeyri-rəsmi kanallardan əldə edə bilir. Bu çatışmazlıq isə mövcud sistemlərin stabil işləməsinə belə mane olur.

“Rusiyanın bütün İİ startapları son bir ildə birlikdə cəmi 30 milyon dollar investisiya cəlb edib. Müqayisə üçün, təkcə OpenAI 6 milyard dollardan çox maliyyə toplayıb”, - nəşr bildirir və əlavə edir ki, ölkədən çıxan yüksək ixtisaslı mütəxəssislərin sayı (“beyin axını”) artıq kritik həddə çatıb: “Son illərdə güclü Sİ mühəndislərinin təxminən 80%-i Rusiyanı tərk edib. Bu isə ölkənin texnoloji sıçrayış etmək imkanlarını faktiki olaraq sıfıra endirir”.

Bütün bu ağır neqativ prosesləri qısa zamanda geri döndərmək, o sırada əhali artımında hansısa müsbət göstəriciyə çatmaq əlbəttə ki, asan olmayacaq. Bəlkə heç mümkün olmayacaq. Ancaq bundan ötrü ən azından təcavüzkar müharibəni təcili dayandırmaq gərəkdir. Etnik xalqlar xaric, əhali sayı sürətlə azalan, dünyanın ərazicə ən böyük dövləti olan Rusiyanın yeni torpaqlar görəsən nəyinə lazım?..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости