Deyir, bir nəfər ağsaqqal zəhmətkeşimiz yolda turistləri tutub, türkün məsəli, əlləşdiribdir. Mən videosunu izlədim, həqiqətən, ağsaqqal müəyyən dərəcədə əliuzunluq etmişdi, turist zənən xeylağının sinə nahiyəsinə əl atmağa çalışırdı.
Turistlər ər-arvad imişlər və velosipedlə dünya səyahətinə çıxıbmışlar. Milliyyətləri də maraqlı idi, ər alman, övrət isə yapon çıxmışdır. Az qala 2-ci dünya müharibəsi başlamaq olardı – ağsaqqalın bədniyyət hərəkəti üzündən.
Zəhmətkeşlərimiz də bu addımı qınayır, turizm sektoruna zərbə vuracağını qeyd edirlər. Baxmayaraq ki, şayiələrə görə, sonra ağsaqqal aşkar edilərək tərəfimizdən götürülmüş və tədbir görülmüşdür, turistlər isə polis orqanlarına dərin minnətdarlıqlarını çatdırmışdır. Ola bilsin, gedib “Berliner Zaytunq” qəzetinə intervü də verəcəklər, bizim ictimai-siyasi asayişdən nümunə götürməyə çağıracaqlar, ondan sonra Almaniya ta dağılmayacaqdır.
Mövzu almanlardan düşmüşkən, bir şəhər əfsanəsi var, bilməyənlərə yazıram. Deyir, o vaxt Bakıdakı Hökumət Evinin tikintisində alman əsirləri işlədiblər. Bir gün əsirlərə nəzarət edən əsgər onların ciblərində-filanda sement gizlətdiyini aşkar edir, cəzalandırmaq istəyirlər, ortaya çıxır ki, əsirlər həmin sementi özləriylə aparmır, elə tikinti meydançasında quma qatırmışlar. Bəs niyə belə gizli şəkildə, bunu əsirlər izah edir: “Sizin iş icraçıları beton qarışığına sementi az qatır, oğurlayırlar, biz isə sementi az məhlulla tikinti apara bilmərik, bu bina sonra uçar”.
Ta söhbət açılıb, birini də yazım, Vüsal adlı dostum danışıb. Deyir, dayım mühəndis olub, sovet vaxtı Azərbaycanda hansısa tikintini ADR-dən (1990-cı ilədək Almaniyanın şərqi, Almaniya Demokratik Respublikası adlı dövlət – Z.H.) gəlmiş mühəndislərlə birgə tikirmişlər. Almanların çox gözəl iş alətləri – çəkic, balta, vintaçan, mişar və sairə - varmış. Nahar fasiləsində almanlar alətlərini iş sahəsində qoyurlar, qayıdanda görürlər hamısı oğurlanıb. Bizim ustalar tərəfindən...
Nəsə, “Yada düşər xatirələr” verilişini dayandıraq, qayıdaq ölkəmizdə turizmin inkişafına əngəl törədən camaat mövzusuna. Həqiqətən, hökumət bu işə külli miqdarda vəsait xərcləyir, lakin xalq nədənsə dəstəkləmir. Gah kimisə şortikdə tutub döyürlər, gah ağacın altındakı kölgəni satmağa cəhd edirlər. Turistlər də nəticədə çıxır gedir başqa diyarlara. İndiki uşaqların yadında olmaz (veriliş davam edir – Z.H.), 2000-ci illərin əvvəlində dövlət başçısı gömrükçülərimizin hava limanında turistləri soymağı temasında müşavirə keçirmişdi, orda demişdi ki, bir yapon biznesmen Azərbaycana iş qurmağa gəlirmiş, bizimkilər 100 dollar istəyib, o da minib başqa uçağa, çıxıb gedib Türkiyəyə.
Yəni, bizim turizm sektorunda neqativ imicimiz əslində təzə söhbət deyil. Məsələn, 1636-cı ildə Şamaxıdan keçən tanınmış alman səyyah və alimi Adam Oleari yazır ki, orda bir ağsaqqal mənim əlimdəki çubuğu qapazlamaq istəyirdi, vermədim. Maraqlı əhvalatdır, yerimiz yoxdur, hamısını yazardım.
Ancaq, necə deyərlər, zopanın iki başı var axı. Turistlər də bizim əraziyə adətən çirkin məqsədlərlə gəlirlər. (Hansı məqsədlərlə, yazmıram, özünüz məndən yaxşı bilirsiniz). O ağsaqqalın elədiyi hərəkət, əlbəttə, axmaq və bambılı hərəkətdir, lakin turizm potensialı baxımından bizim əcnəbilərə təklifimiz nədən ibarətdir? Bax, burada Kərəmi adətən ağlamaq tutur.
Hərçənd, arada barışıq olsa Kərəm Əslini tam sərbəst qucaqlaya biləcəkdir və ağlamayacaqdır. Ən azı bu istiqamətdə müsbət irəliləyiş vardır.
P.S. İmici düzəltmək üçün biz gərək deyək ki, el adətimizə görə turistləri mütləq əlləşdiririk, burda pis niyyət, cinsi qısnama, harrasment-zad yoxdur. Bəlkə ondan sonra xaricdən qucaqlanmaq istəyənlər bura axışar.




