Təxminən 10-11 il öncəydi, bir səhər saytlarda xəbər yayıldı ki, ADNA-nın 4 tələbəsi gecəylə Pakistan-Əfqanıstan tərəflərə yola düşüblər. Bu haqda ADNA rəhbərliyi, hətta Təhsil Nazirliyi də açıqlama verdi.
Medianın yüngülvarı araşdırmasından sonra məlum oldu ki, tələbələr dindar imişlər, neçə vaxtdır vəhhabi sektasına qoşulubmuşlar, bu günlərdə isə onlardan “cihad”a əməli dəstək verməsi tələb olunub və kimsə onları səfərbər edərək Əfqanıstanda “kafirlərə qarşı din-iman savaşı” aparan “Taliban”ın döyüşçüsü olmağa aparıb.
O zaman bu hadisə cəmiyyətdə şok effekti yaratmışdı. Sosial şəbəkələrdə minlərlə istifadəçi bu barədə yazır, özümüzün Qarabağ problemimiz olduğu halda gənclərimizin yeddi ölkə o yanda “din savaşı” pərdəsi altında aparılan vətəndaş müharibəsinə göndərilməsini qınayırdılar.
Ancaq onlar cavabsız da qalmırdılar. Özlərini mömin elan etmiş din fanatikləri gənclərin yad ölkələrdə labüd ölümə aparılmasına qarşı çıxanları söyür-qarğayır, “kafir”, “dinsiz-imansız” adlandırır, hədələyirdilər.
Daha sonra dindar gənclərin İraq və Suriya ərazisində qondarma “İraq-Şam İslam Dövləti” (İŞİD) yaratmış ekstremistlərə dəstək üçün səfərbər edilməsi prosesi başlandı. Konkret olaraq Sumqayıt, Qaraçuxur və Müşviqabad məscidləri hərbi komissarlıq kimi fəaliyyət göstərir, illərdən bəri tora saldıqları, maddi kömək etdikləri şəxslərə “borclarını qaytarmağı” təklif edir, onları bir az da şirnikləndirir, Türkiyə üzərindən İraq və Suriyanın ərazisinə keçirir, açıq ölümə göndərirdilər.
Ölkənin şimal rayonlarında yaşayan və vəhhabiliyə könül verən onlarla gənc kişini ailə və uşaqları ilə səfərbər edib İŞİD-in nəzarətində olan ərazilərə göndərmişdilər. Hər gün oralarda həlak olan həmvətənlərmiz barədə xəbərlər gəlirdi, saytlarda onların ölümlərindən sonra çəkilmiş şəkillərini də paylaşırdılar.
Sonradan aydın oldu ki, arvad-uşaqları ilə birlikdə Suriyaya və İraqa göndərilmiş gənc kişilərin biri də salamat qalmayıb, çoxları elə ilk döyüşdəcə öldürülüblər, dul qalmış arvadlarını isə digər döyüşçülərə paylayıblar – özü də bir neçə dəfə.
Üstündən 10 ildən çox vaxt keçib, valideynləri ilə birlikdə Suriya və İraqa aparılmış uşaqların, demək olar ki, hamısı həmin ölkələrin zindanlarından xilas edilərək ölkəmizə qaytarılıb, qadınların bir xeylisi isə hələ də əsirlikdə, dustaqlıqdadır. Suriya və İraq hökumətləri onları İŞİD-in tərkibində dövlətə qarşı vuruşmuş terrorçulara tay tutub. Halbuki özləri də bilirlər ki, İŞİD-in tətbiq etdiyi şəriət rejimində qadın söz sahibi deyildi, ərinin əmrlərinə mütləq qaydada riayət etməliydi.
Hazırda döyüşlərdə öldürülmüş azərbaycanlılarla bağlı xəbərlər hər gün Ukrayna və Rusiyadan gəlir.
Ukraynanın məsələsi belədir ki, azərbaycanlılar bu ölkənin vətəndaşlarıdır, bir xeylisi uzun illər əvvəldən orada yaşayıb-işləyib, vətəndaşlıq alıblar. Gözünü dünyaya Ukraynada açanlar da çoxdur və onların xarici aqressora qarşı müharibəyə aparılmaları təbiidir.
Ancaq Rusiyaya gəlincə, vəziyyət fərqlidir.
Birincisi, Rusiya hakimiyyəti milliyyətcə rus olan gənclərin qanlı müharibəyə daha az sayda göndərilməsinin qayğısına qalır, əsas gücü qeyri-rusların səfərbərliyinə yönəldir.
İkincisi, Rusiyada məkumluq həyatı yaşayan və ya sonradan “ilişən” qeyri-rusları “ya uzunmüddətli həbs cəzası, ya da muzdla Ukraynada döyüşmək” seçimi qarşısında qoyurlar. Öz fərasətlərinə güvənən, birtəhər aradan çıxacağını düşünən bizimkilər ikinci variantı seçirlər.
Üçüncüsü, onları daha çox pul qazanacaqları vədi ilə şirnikləndirir, aldadırlar, arxa cəbhədə, mətbəxdə işləyəcəklərini, təchizatla məşğul olacaqlarını deyir, hərbi hissəyə aparan kimi əllərinə silah verib səngərə basırlar.
Artıq Ukraynaya qarşı döyüşlərdə həlak olan həmvətənlərimizin sayı 2020-ci ildə baş verən 44 günlük müharibədə şəhid olanların sayına çatır. Qarabağ müharibəsi ayyarımda başa çatmışdısa, Rusiya-Ukrayna savaşının dördüncü ilinin tamamına 2 ay qalıb. Bu müddətdə həlak olan yüzminlərlə gənc kişinin arasında çox sayda azərbaycanlının olması labüddür.
Rusiyanın minlərlə şəhərində asayişi qoruyan, xüsusi təyinatlı polis dəstələrində xidmət keçən on minlərlə cantaraq (boyu 2 metrə çatan) rus kişilər var, onlar özləri üçün “müqəddəs savaş” adlandırdıqları müharibəyə getmirlər, qeyri-rusların səfərbərliyi ilə məşğul olurlar.
Müharibədə həlak olanların ailələrinə çatası qan pulunun, yaralananlara ödənilməli olan kompensasiyanın mənimsənilməsi halları da yayğındır. Ölənlərin bir çoxu qəsdən itkin elan edilir ki, dövlət xərcə düşməsin. Rusiyanın muxtar dairələrinin rəhbərləri dilə gəlib etiraz edirlər ki, artıq müharibədə ölənlərə və yaralananlara pul çatdıra bilmirlər.
Xarici ölkələrdən cəlb edilmiş muzdlular elə gəldikləri gün peşman olur, geri dönmək istəyirlər.
Vəziyyət belədir. Əgər kimsə bundan sonra rusların yağlı vədlərinə inanıb Ukrayna müharibəsində pul qazanmağa gedəcəksə, bilsin ki, ölümü seçir.
Vaxtilə Suriya və İraqdan birtəhər canını qurtarıb geri qayıdanlar həbsə məruz qaldıqları kimi, Ukrayna müharibəsindən qayıdan vətəndaşlarımız da əvvəl-axır həbsə düşəcəklər.




