Свобода людям, независимость нациям!

Rusların güllə yağışı altında qalstukunu çeynəyən kim idi?

2168 26.01.2026 17:29 Колумнисты A A

Açığı, Mixail Saakaşvilinin bu mövqeyi şəxsən mənim üçün çox gözlənilməz oldu. Gürcüstanın illərdir həbsdə saxlanılan keçmiş prezidentinə qəfildən nə oldu ki, Zəngəzur dəhlizi ilə bağlı narahatlığı baş qaldırdı? Məntiqlə Mişanı Gürcüstan azərbaycanlılarına qarşı vaxtaşırı baş qaldıran millətçi dalğa narahat etməli idi. Yaxud rəsmi Tiflisin 3+3 formatından “pəhriz saxlaması”nın Gürcüstana heç nə qazandırmayacağını təcrübəli siyasət adamı kimi başa salmalı idi. Yoxsa Zəngəzur dəhlizi “təhlükəsi”ndən danışmaq?..

Axı, Saakaşvili təqribən 3 il əvvəl Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistana müraciət edərək Cənubi Qafqazda hərbi münaqişə ola biləcəyi barədə xəbərdarlıq etmişdi və bunda Rusiyanın xüsusi marağı olduğunu bildirmişdi. Üstəlik, o, məsələnin alternativ həll yolları ola biləcəyini vurğulamışdı.

Qərbin növbəti TƏXRİBAT NİYYƏTİ – Gürcüstan 2008-ci ildəki səhvini  TƏKRARLAYACAQ?

Sitat: “Mən Azərbaycan və Ermənistan liderlərindən Ukrayna və Moldova arasında mövcud razılaşmanı mümkün nümunə kimi nəzərdən keçirmələrini xahiş edirəm. Bu iki ölkə bir-birinin sərhədlərini tanıyan müsbət qonşuluq münasibətlərini saxlayır. Ukraynanın Odessa şəhərindən Odessa vilayətinin cənubuna nəqliyyata ehtiyacı olduğu bir ssenaridə Moldova Dnestr bölgəsi boyunca bir yolu icarəyə götürməyə razılıq verdi. Keçmiş Odessanın qubernatoru kimi Ukraynanın Bessarabiyasına getməli olanda tez-tez Ukrayna sərhədçilərinin nəzarəti altında bu icarəyə götürülmüş yoldan (onu təmir etmişəm) istifadə edirdim. Moldova bu müqavilədən kommersiya faydası əldə edir. Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyətə bənzər həll variantının həyata keçirilməsi hər iki ölkə üçün faydalı olardı. Ermənistan mühüm tranzit marşrutlarına çıxış əldə edəcək, həmçinin kommersiya və maliyyə üstünlükləri əldə edəcək”.

Bu xitabında o, “Dədə Qorqud”luq edir, hər iki Cənubi Qafqaz ölkəsini hərbi əməliyyatlardan yayındırmağa, Rusiyanın maraqlı olduğu “həll variantı”ndan çəkinməyə çağırır. Təqdirolunan mövqe idi. Hərçənd, Rusiya yeni müharibə istəsə də - ən azı “sülhməramlı”larını Zəngəzur dəhlizində əbədi yerləşdirmək üçün – Azərbaycan bu varianta getmədi. Hətta 2024-cü ilin əvvəllərində Zəngəzur dəhlizinə yaxın ərazilərdə Ermənistanın terrorçu qruplaşmalarının təxribatları olsa da, ölkəmiz təmkinli davrandı, düşmən hədəfi məhv edilsə də, ordumuz genişmiqyaslı əməliyyatlara ehtiyac duymadı.

Çünki Azərbaycan dövləti 44 günlük müharibədən və bir günlük antiterror əməliyatından sonra sülh danışıqlarının alternativinin olmadığı barədə prinsipial mövqeyinə sadiqlik nümayiş etdirib. Zəngəzur dəhlizinin reallaşdırılması ideyası da Azərbaycana məxsusdur və məsələnin sakit, danışıqlar yolu ilə həllini məqbul hesab edib. İndi sual olunur, o vaxtlar “Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyətə bənzər həll variantının həyata keçirilməsi hər iki ölkə üçün faydalı olardı”, deyən Saakaşviliyə nə oldu ki, birdən-birə “Azərbaycan Prezidentinin Ermənistandan keçən tranzit marşrutu ilə bağlı açıqlaması Gürcüstanın 1990-cı və 2000-ci illərdə əldə etdiyi hər şeyi sıfırlayacaq”- qənaətinə gəldi?

Gürcüstan əks-Azərbaycan qaz oyununu yeni detallarla davam etdirir... -  Baki-Xeber.com

Axı, bu, həmin Mişadır ki, dəfələrlə Azərbaycan dövlətinə və Prezidentinə təşəkkür edib, 2008-ci il hadisələrində, Rusiya ordusunun Tiflisin bir neçə km-liyində olduğu zaman rəsmi Bakının bütün riskləri göz önünə alaraq Gürcüstana dəstək verməsinə, qışda donmaması üçün qaz nəql etməsinə görə minnətdarlığını bildirib. “Qardaş qonşu dövlətimiz bizi ölkənin yaşaması üçün vacib olan infrastruktur və maliyyə imkanları ilə təmin etdi. Mən şəxsən İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”, - sözlərinin müəllifi Saakaşvilidir. O günləri və sözləri nə tez unutdu? İndi isə Mixail Saakaşvili “Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir”-deyir və təhlükə kimi Zəngəzur dəhlizini göstərir.

Diqqət edin, Saakaşvili deyib ki, onun hakimiyyəti dövründə demokratik Gürcüstan xarici investisiyalar üçün cəlbedici olmuşdu. Sitat: “Mənim vaxtımda qurulan geniş beynəlxalq əlaqələr və sürətli Avro-Atlantik inteqrasiyanın başlanması da bizi gücləndirmişdi. Bunlar təhlükəsizliyimizin qarantiyası idi, tranzit funksiyamızı və xüsusilə demokratik sistemimizi qorumaq üçün Buş 2008-ci ildə 6-cı donanmanı göndərmişdi”.

Görəsən, kimsə soruşurmu ki, Buşun göndərdiyi donanmanın hesabınamı Cənubi Asetiya və Abxaziyanı itirdiniz, rusların güllə yağışının altında qalstukunu çeynəyən kim idi?
Belə yerdə deyirlər: çörəyimizin duzu yoxdur. Yaxud da neft-qazımızın, kəmərlərimizin, BTC, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars dəmir yolumuzun bəxt-taleyi də deyə bilərik. Azərbaycanın həyata keçirdiyi nəhəng layihələrin hesabına Gürcüstan on illərdir ki, on milyardlar qazanır. Üstəlik, rəsmi Bakı hər zaman Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasını istəyib, separatizmə, işğala qarşı çıxıb. Amma belə çıxır ki, dostumuz Saakaşvili Azərbaycanın öz ərazilərini işğaldan azad edilməsindən rəncidə olub, çünki böyük qələbənin davamında Zəngəzur dəhlizi sürətli şəkildə icra olunmaqdadır.

Necə olur ki, ABŞ Gürcüstana gələndə demokratiya gəlir, Qafqaza gün doğur, amma Zəngəzur dəhlizinin Ermənistan hissəsini 99 illik icarəyə götürəndə Gürcüstan Moskva və Tehranla birgə “uçuruma yuvarlanır?”

Zəngəzur dəhlizinin açılışında Tramp da iştirak EDƏ BİLƏR | Modern.az

Əcaib məntiqdir, axı, niyə? Azərbaycan Prezidenti Tiflis səfəri zamanı hətta “Qafqaz evi” ideyasından bəhs etmişdi, rəsmi Bakı bütün qonşularla normal əməkdaşlıqda maraqlıdır. Saakaşvili kimi təcrübəli siyasətçi bizim Ermənistanla əbədi düşmənçiliyimizimi istəyirmiş? Diqqət edin: “Amerikanın Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürdüyü ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq müqaviləsinin imzalanması bu dəfə Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. Bəli, məhz İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu o deməkdir ki, Qırmızı körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) “dəmir pərdə” enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq”.

Başqasının bədbəxtliyi üzərində xoşbəxtliyini qurmaq...Yaraşdırmadım. Allah qapısını açsın. Görünür həbsxana mühiti onun da düşüncələrində zərərli izlər buraxıb, hətta öz-özünü inkar mövqeyindən çıxış edir. Bu arada Gürcüstanın baş naziri İrakli Kobaxidzenin “Azərbaycan və Ermənistanın elan etdiyi alternativ yük dəhlizi Gürcüstanın tranzit potensialı üçün təhlükə yaratmır”- mövqeyinə alqış düşür. Bəli, anlayır ki, hətta Zəngəzur dəhlizi geciksə belə, mart ayında Araz çayı üzərində tikintisi başa çatdırılacaq körpü vasitəsilə İran ərazisindən Naxçıvana, oradan da Türkiyə və Avropaya istiqamətlənmiş alternativ marşrut reallaşacaq. Gürcüstan bu məsələyə normal mövqe sərgiləsə, proseslərdən daha uduşlu çıxacaq. Gürcüstana rəhbərlik etdiyi, Ukraynada mühüm dövlət postları tutduğu illərdəki emossionallıq öz sözünü deyir. Qərbə aldanıb, ölkəsinə qayıtmaqla məhkum həyatı yaşamalı olan Saakaşvili gərək “İlham Əliyevin prinsipiallığına, yüksək ləyaqətinə və öz xalqının əsl lideri kimi davrandığına heyranam”-sözlərini yaxın keçmişdə söylədiyini də unutmasın. Prezident Əliyevin qərarlarına, iradəsinə qarşı çıxanlar məğlub olublar. Hətta Nikol Paşinyan, Vaaqn Xaçaturyan İlham Əliyevə təşəkkür edirsə, Saakaşvilinin Azərbaycanın ideya müəllifi olduğu layihəyə qarşı çıxması qəbulolunmazdır və anlaşılan deyil.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости