Öncə zəhmətkeşlərimizi 28 aprel - Azərbaycanda sovet hökumətinin qurulmasının ildönümü münasibətilə təbrik edirəm, onlara qardaş kommunist ailəsində yeni zəfərlər diləyirəm.
Bunu qara yumor kimi qiymətləndirməyin, ciddiyəm. Axı bizdə 28 apreldən 28 maya keçid əslində görünüş baxımından baş verib, mahiyyətcə böyük dəyişiklik yoxdur. Yalnız, el dilində desək, “o vaxt pul var idi, heç zad yox idi, indi hər şey var, almağa pul yoxdur”.
Bu tema, ümumiyyətlə, sağlamlığa ziyanlı temadır, ona görə başını bağlayıb keçirəm başqa mövzulara, yoxsa əziz oxucularımız bu minalanmış sahədən məni xilas etməyə ANAMA ekspertlərinin çağırılmasını istəməzlər. Gümanım belədir, bəlkə onlar “daha kəskin yaz, dağ kimi durmuşuq arxanda” deyirlər, ancaq mənim, türkün sözü, tırka sözünə gedən vaxtım ötüb, üzrlü sayın.
Dağ kimi durmaq demişkən, hökumət bir daha xalqın qayğısına qaldığını isbat elədi, sel-sudan, yağışdan ziyan çəkənlərə yardım proqramı açıqlandı. Sevindirici haldır, biz ağa ağ, qaraya qara deməliyik, müsbət şeyləri görməliyik, Avropanın yaxşısını... Nəsə, bu da başqa söhbətdir, sözümün canı odur ki, yağış işi üçün maliyyə ayrılmışdır, özü də babat puldur - təxminən 85 milyon manat. Həmin pulla divarlar, yollar, bəndlər bərkidiləcək, sel yuyan evlər təzədən tikiləcək. Yəni proqramda, sənəddə camaatın fərdi evlərinin ayrıca nəzərdə tutulması alqışa layiqdir, çünki mən ötən yazılarımdan birində də bunu xüsusi vurğulamışdım ki, əgər dövləti xalq qurubsa, dövlət ona çətin anında yardım etməyə borcludur. Xalqın pulu xalq üçün sərf edilirsə, nə gözəl...
Ancaq ötən illərin acı təcrübələrinə əsasən, bu işdən oğurluq etmək istəyən xeyli, üzr istəyirəm, lotu-potu da olacaqdır, əmin ola bilərsiniz. Artıq onlar ağız suyu və mədə şirəsinin ifrazatına başlamışdır - vəsaitin mürəkkəbi qurumamış. Və mən Nostradamus, Vanqa nənə, nə bilim, Falçı Mirağa olmasam da, proqnoz edirəm ki, gələn illərdə Hesablama Palatasının (HP) növbəti hesabatında oxuyacağıq: “Sel üçün ayrılan vəsaitlərin filan milyonu təyinatına uyğun deyil, Behmənkəs müəllimin villasının həyətində Svarovski daşlarından it damı tikilməsinə, o cümlədən, onun övrət və cocuqlarının Maldiv adalarında dayvinqinə sərf edilmişdir”.
Əlbəttə, adətən Vüqar müəllimin (HP sədri) Milli Məclisə və ya Baş Prokurorluğa təqdim elədiyi hesabatlarda bu qədər xırdalıqlar, təfərrüatlar, nüanslar olmur, mən özümdən uydurdum, ancaq aşağı-yuxarı vəziyyət bu cür olur. Misal istəyirsinizsə, buyurun, qəttəzə söhbət var.
HP Kənd Təsərrüfatı Nazirliyi sistemində son 3 ildə külli miqdarda maliyyə pozuntusu aşkar edərək faktları prokurorluğa göndərib. Məsələn, əkin-biçin üçün dotasiyalar yalandan ayrılıb mənimsənilirmiş.
Statkomun göstəriciləri KTN-in rəqəmlərindən 127 min hektara yaxın az çıxıb. 26 min ton pambıq və tütün isə “pripiska” edilib, yəni, kağızda var, ortalıqda yoxdur (bax: 28 aprel söhbətimiz).
Sitat: “Peyk görüntüləri vasitəsilə 117,5 min hektar torpaq sahəsində becərmə işlərinin aparılmadığı təsdiqini tapdığı halda, 19 fermer təsərrüfatına 24,2 milyon manat məbləğində əkin subsidiyası ödənilib”.
Yəni kənd təsərrüfatı məmurlarımız “Nə əkərsən, onu da biçərsən” ata sözümüzü faktiki yalana çıxarıblar, əkilməmiş torpaqdan babat pul “biçiblər”!
Başqa sitat: “4 918,6 ton şəkər çuğunduru, 87 115,3 ton pambıq, 5 898,8 ton tütün istehsal edən 10 hüquqi şəxs (fermer) məhsulu tədarükçüyə vermədiyi halda dövlət büdcəsindən 14,9 milyon manat vəsait əldə edib”.
Əladır, vallah. Məhsul yox, əkin yox, dotasiyanı dədə malı kimi götürüb yağmalayıblar. Sonra da camaat fikirləşir ki, niyə pomidor bahadır, soğan ağladır, nə bilim, xiyar əyri bitir...




