“Sülh şəraitində yaşamağa öyrəşirik. Bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah və sabitlik üçün daha çox işlər görə bilərsiniz”.
Bu sözləri Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən deyib...
Təəssüf ki, sülh elə-belə əldə olunmur, yaxud nimçədə hədiyyə olaraq gətirilmir, yeri gələndə böyük qurbanlar tələb edir. Azərbaycan xalqı sülhə nail olmaq üçün minlərlə şəhid verib. Böyük maddi-mənəvi itkilər, etnik təmizləmələr və soyqırımları, sarsıntılar və məşəqqətlər yaşamalı olub. Son dərəcə ağır sınaqlardan keçib. Niyə?
Ona görə ki, böyük güclərin görünməmiş “ikili standart” siyasəti ilə, riyakarlığı ilə üzləşmişik. BMT TŞ-nin erməni işğalı ilə bağlı qəbul etdiyi qətnamələri özümüz reallaşdırmalı olmuşuq. İndi isə beynəlxalq hüquq ozamankından da hörmətsiz və bərbad bir durumdadır.
Odur ki, mövcud vəziyyət ən əvvəl kapitulyant Ermənistanı narahat etməli və tələsdirməlidir. Çünki sülh müqaviləsi imzalanmayana qədər onun sərhədləri xüsusən də hazırkı qlobal reallıqlar fonunda şərti sayılacaq. Necə deyərlər, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Uzun on illər ərazi bütövlüyümüzü tanımayan, hətta lağa qoyan təcavüzkar ölkənin özü artıq tanınmağa əşhədü-ehtiyac duyur...
İstənilən halda, pis və ya yarımçıq sülh müharibədən yaxşıdır. Bir şərtlə ki, tərəflərin işğalçı niyyəti olmasın. Müharibə hazırlığından çox qarşılıqlı iqtisadi-ticari əməkdaşlığı gücləndirmək haqda düşünsünlər.
Azərbaycan sarıdan belə əndişə yoxdur, ola bilməz. Bakının pis niyyəti olsaydı, hələ 44 günlük müharibə zamanı müzəffər ordumuz rahatca Ermənistan ərazisinə girər, ən azından Zəngəzur dəhlizinə nəzarəti ələ keçirərdi. Hərçənd, ora da qədim Türk yurdudur – Qərbi Zəngəzur ötən əsrin 20-ci illərində bolşeviklər tərəfindən Azərbaycanla zorla qopardılaraq Ermənistana birləşdirilib...
Yeri gəlmişkən, ötən il Ağ Evdə İlham Əliyevlə görüşdə həmkarı Donald Tramp təəccüblənmişdi ki, nə əcəb ordumuz İkinci Qarabağ müharibəsi zamanı daha da irəliləməyib? Azərbaycan Prezidenti isə ona gərəkən cavabı vermişdi. Bakı buna ona getməyib ki, pis-yaxşı qüvvədə olan beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə sayğılıdır. Bizə beynəlxalq birlik tərəfindən tanınan ərazilərimiz kifayət edir.
İndi əsas problem Ermənistanı da normal dövlət olmağa vadar etməkdir. Bu da Azərbaycanla sülh müqaviləsini imzalamaqdan və İrəvanın öz qonşularına qarşı əsassız torpaq iddialarından əl çəkməsindən keçir. Həmçinin, sərsəm miflərdən (“böyük ermənistan”, saxta “soyqırımı” iddiası və s.) imtinanı tələb edir...
İnsafən, Baş nazir Nikol Paşinyan “real Ermənistan” narrativi əsasında bu yöndə səylər göstərir, cəmiyyəti böyük sülhə inandırmağa və hazırlamağa çalışır. Ehtiyatlı şəkildə də olsa, xəstə toplumu miflərdən qurtulmağa səsləyir. Nə dərəcədə hədəfə nail olacaq, əlbəttə ki, qarşıdakı kritik parlament seçkilərinin nəticələrindən və konstitusiya referendumundan görəcəyik.
Dəfələrlə yazmışıq, bu, ermənilər və “Ermənistan” adlı simvolik dövlət üçün sonuncu şansdır. Nədən ki, istənilən sülhün alternativi müharibədir. Ermənistan daha bir müharibədən çıxmaya bilər, əgər onun səsvermə hüquqlu vətəndaşları bu il bağışlanmaz səhvə yol versə və tarixi şansı buraxsalar...




