Doğrusu, 46 gün öncə barəsində ev dustaqlığına verilmə hökmü çıxarılmış Ramiz Mehdiyevlə bağlı işin istintaqının ölkə müxalifətini əhatə edəcəyi barədə fikirlər səslənsə də, bir elə inandırıcı görünmürdü.
Çox adam düşünürdü ki, “50 nəfərlik dövlət şurası” yaratmağı planlaşdıran akademikin komandasında hər halda öz yaxın adamları – keçmiş kadrları, köhnə dostları, həmyerliləri olacaq.
Gümanlar daha çox vaxtilə yüksək dövlət vəzifələri tutmuş, sonra hansısa səbəbdən (əsasən ötmüş yaşa görə) vəzifələrindən kənarlaşdırılmış, özlərini “Heydər Əliyevin qvardiyası” adlandıran və iqtidar komandasının gəncləşdirilməsindən narazı qalanların üzərinə yönəlirdi.
Bu “qvardiya”nın gizli müxalifət olduğu, yenilənmiş iqtidar komandasını bəyənmədiyi açıq-aşkar idi.
Jurnalist jəmkarlar onları zarafatla “cipli müxalifət” adlandırırdılar, deyirdilər, nəqliyyat xüsusunda ölkədə 3 cür müxalifət var, birincilər cip sürür, ikincilər “avtobus müxalifəti”dir, üçüncüləri isə “Fiat Dobla” markalı avtomobillərdə polis bölməsinə aparırlar.
Ancaq məlum istintaqın gedişi hələlik birincilərə toxunmayıb (bu, gözlənilir), xeyli müddətdən (40 gündən çox) sonra radikal müxalifətin nümayəndələrinin saxlanması ilə davam edir.
Saxlanılanlardan üçünün – sabiq deputat Cəmil Həsənlinin, Əli Kərimlinin köməkçisi Faiq Əmirovun və partiya fəalı Saleh Rüstəmovun qısa müddətdən sonra azadlığa buraxılması onun göstəricisidir ki, işlə bağlı normal istintaq gedir. Adamların ifadəsi alınır, sərbəst buraxılırlar.
Ona görə də “davam edir 37” ajiotajı yaratmağın yeri yoxdur. 37-ci ildə sərbəst buraxılma söhbəti olmayıb, gecəylə aparılanlar əlli-ayaqlı gedib.
Ümumiyyətlə, indi elə bir dövrdür ki, heç kimi sona qədər və dönməz şəkildə şərləyib cəzalandırmaq mümkün deyil. Qurama ittihamların puçluğu məhkəmədə ortaya çıxır. Məhkəmənin gedişində hər hansı prosessual pozuntu olanda isə bu, Avropa İnsan Haqları Məhkəməsinin baxış predmeti olur.
O ötən əsrin bədnam otuzuncu illərində idi, adamı tutur, üzünə yalançı şahidlərdən və yaxın adamlarından işgəncə ilə alınmış ifadələri oxuyur, tələsik mühakimə edir, qısa müddətə hökm çıxarır, elə həmin gün də güllələyidilər. Nə apelyasiya vəsatəti, nə bağışlanma üçün müraciət haqqı, heç biri olmurdu.
Ona görə də böyük ehtimalla Ramiz Mehdiyevin “Kremlə məktubu” ilə bağlı işin istintaqının bütün təfərrüatları üzə çıxanda heç kəs ittihamların həqiqiliyini şübhə altına ala bilməyəcək.
Yəni belə olmalıdır. Ortada ciddi bir plan, gizli bağlılıqlar, şəbəkələşmə, iş bölgüsü olubsa, hamısı sənədli-sübutlu şəkildə ortaya qoyulmalıdır.
Yoxsa elə adamlar ki, müxalifətçilyin özünü artıq kriminal əməl sayır və qanunun bütün sərtliyi ilə cəzalandırılmasını istəyir.
Bu, Stalin dövründən qalma totalitar təfəkkürün məhsuludur və totalitarizmin hökm sürdüyü bir sıra ölkələrdə müxalifətçi olmaq cinayət törətməyə bərabər tutulur, qanunlarla təqib edilir.
Azərbaycan o ölkələrdən deyil və olmamalıdır. Siyasi rəqabətin əndazələri var və bütün qüvvələr fəaliyyətlərini o çərçivəyə sığdırmalıdırlar.
Başqa bir dövlətin maddi, siyasi, kəşfiyyat, informasiya dəstəyindən istifadə edərək hakimiyyəti üsyan, inqilab, qiyam yolu ilə devirməyə çalışmaq isə, söz yox, dövləti cinayətdir. Belə hərəkətlər dünyanın istənilən ölkəsində mühakiməyə məruz qalır.
Hətta 2021-ci ilin yanvarında Donald Tramp hələ vəzifəsini xələfi Baydenə təhvil verməzdən öncə tərəfdarlarını Kapitoli təpəsəindəki parlament binasının qarşısına müqavimətə çağırdıına və iğtişaşa səbəb olduğuna görə məsuliyyətə cəlb edildi. Trampdan başqa yüzlərlə şəxs qanuni seçkilərin nəticələrini tanımamaq təşəbbüsü ilə çıxış etdiklərinə və dövlət qulluqçularına müqavimət göstərdiklərinə görə mükahimə edilib cəzalandırıldılar.
Lakin o da ola bilər ki, 87 yaşlı akademikin vəzifədən “vaxtsız və əsassız” yerə çıxarılmasından qaynaqlanan narazılığının arxasında konkret əməllər silsiləsi olmayıb, eləcə utopik niyyətlər olub. O zaman bu cinayət işinin perspektivi olmayacaq. Ruslar demişkən, xəyal etmək zərərli şey deyil.
12 ildən sonra 2013-cü ilin siyasi hadisələrini araşdırmaq isə, görünür, son 1 ildə Rusiya və Azərbaycan arasındakı gərginliklərlə bağlıdır. Kreml yenə məkrli bir niyyətə düşüb və yenə də özünə maşa axtarır. Bu, açıq-aydın bəllidir. Azərbaycan iqtidarında isə, bir dəfə də yazdığımız kimi, özünüqoruma instinkti işə düşüb və bu, indiki məqamda əsas instinktdir.
Hər halda istintaq gedir və hiss olunur ki, bir neçə istiqamətə şaxələnib. Ortada ciddi cinayət əməli varsa, təfərrüatları açılacaq və hamımız hər şeyi biləcəyik.




