Свобода людям, независимость нациям!

Uşaqları polisə verən psixoloq

1678 05.12.2025 08:28 Колумнисты A A

“Bekarçılıq bütün qəbahətlərin anasıdır”

(hansısa bekar müdrik)

Sovetlər dağılan vaxt yazıçı və şairlərimiz arasında özünü guya dissident elan etmək dəbə minmişdi. Deyirdilər anadangəlmə millətçi olmuşlar, Kommunist Partiyasına nifrətlə yanaşmışlar. Hətta az qalırdılar desinlər ki, o dövrdə hökumətdən ev, pul, medal, maşın, mükafat və sairəni də qəsdən alırdıq, istəyirdik bu üsulla Sovetlərin iqtisadi gücü azalsın. Ən az alanın Komsomol mükafatı var idi. Bəzən şair-yazıçılar bu mükafatlar üstündə, sözün əsl mənasında, qırğına çıxırdılar. 

İndi Mədəniyyət Nazirliyi 50 min manatlıq illik kitab mükafatı elan edəndə həmin dövr yada düşür. Bununla ədəbiyyat inkişaf edəcəkmi? Əksinə, beş-on kitab oxuyanı da itirəcəyik. Ara qarışıb, məzhəb itəcək, qardaş qırğını düşəcəkdir. İdarə bir-iki teatrda narazılıqları tənzimləməyə çətinlik çəkirdi, gəl gör AYB-nin 3 min üzvü qara canavar kimi ağzını açıb mükafat istəsin... 

Yeri gəlmişkən, nazirlik illlik ədəbiyyat, kitab mükafatını Britaniyanın ünlü “Buker” mükafatı ilə müqayisə edib, ona bənzəyəcəyini açıqlayıb (Təvazökarlığa nə demək olar? Təvazökarlıq da mədəni insanın əlamətlərindən biridir). Ancaq “Buker”i dövlət maliyyələşdirmir, özəl sponsorları var. Həmçinin kralın və ya Britaniya baş nazirinin imzasıyla təqdim edilmir. Bunlar ciddi fərqdir. 

O cümlədən oxşarlıq tam olsun deyə milli kitab ödülümüzə “Bekar” adı qoymaq lazımdır. Onsuz Azərbaycanda camaat yazı-pozu ilə məşğul olmağı ən böyük bekarçılıq sayır. İstənilən ailədə, məsələn, icra hakimiyyətində sürücü işləyən üzvün hörməti şeir yazan üzvdən min dəfə artıqdır. 

Digər tərəfdən, bu mükafat əslində dövlət təltifində paralellik, israfçılıq yaradır. Çünki onsuz hökumət AYB xəttiylə özü seçdiyi yazıçılara il ərzində daim görüm-baxım edir. Məsələn, hansısa şairə bazar dəyəri 100 min manatı keçən ev verirlər. Yaxud fərdi təqaüdlər siyahısı vardır. Bunlar artıq mükafat sayılmır? Necə deyərlər, qudurasan qurbağa...  

Paralellik başqa sahələrdə də özünü göstərir. Bu yaxında qəribə bir şey öyrəndik, sən demə Bakıda “Qorxu evi” adlı məkan varmış. Uşaq-muşaq ora girir, işıqlar sönür, aktyorlar bunları qorxudurmuş. Bir uşağın başı partlayandan sonra şikayət edilmişdi. 

Hamımızda istər-istəməz sual yarandı: qorxuya xüsusi yer ayırmağın mənası var idimi, əgər bütün həyatımız qorxu-ürkü içində keçirsə? Haçan xəbərləri açsan, o bunu baltaladı, bu onu doğradı, filankəs yandı, behmənkəsi xəstəxanada öldürdülər, məktəbin zavuçu qarovulçunu hissələrə ayırdı və sairə. Yalan olmasın, elə bil “Dekster” serialını, ya da Corc Romeronun filmlərini izləyirsən. 

Bu günlərdə Qaradağ Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Niyazi Əliyevi vəzifəsindən azad elədilər. Xəbəri dəqiqliklə təkrarlamağımın mənası budur: bu “icra hakimiyyəti psixoloqu”, ümumiyyətlə, nəyə lazımdır ki? Hansı uşaq problemlə üzləşəndə icra hakimiyyətinə gedir və ya aparılır? Bu nə anekdot vəzifədir? 

Ancaq guya məktəblərdəki psixoloq ştatları daha qabağa gedibmi? Təsadüfən elə bu mövzuda düşünərkən bir əziz oxucudan məktub aldım: “Bizim kənddə bir korrupsioner var, gəlini məktəbdə ingilis dilindən dərs deyirdi. Sonra gəlin müəllimlərin attestasiyasından keçə bilmədi, işdən çıxardılar. Qayınata dava-şava saldı, gəlini bu dəfə məktəbə... psixoloq ştatına düzəltdirdi. Təbii ki, gəlinin psixologiya üzrə heç bir təhsili yoxdur. Bizim bir qohum uşağından soruşub ki, psixoloqunuz nə işlə məşğuldur, uşaq deyib: ”Sözə baxmayan uşaqları polisə verir". 

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz boş vaxtlarınızı necə keçirirsiniz.     

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости