Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Azərbaycandan gələn benzin Ermənistan vətəndaşları üçün sərfəlidir, boykot çağırışlarına baxmayaraq, yanacaqdoldurma məntəqələrində növbələr yaranır.
Yaxşı açıqlamadır, ermənilərin maddi-psixoloji durumunu yaxşı izah edir. Ararat (əslində biz ona Ağrı deməliyik) kirvənin ağrı-acısı düşsün Ermənistandakı destruktiv qüvvələrin ürəyinə. Adam praqmatikdir, görür ki, bizim benzin xalq üçün daha sərfəlidir, deyir, yalandan vüqarlı olmaq bir şey deyil, alın, avtomobilinizin çənini doldurun, xeyir işlərə sürün. Xalq da anlayır ki, prinsipə düşərək, “mən Azərbaycandan gələn benzini maşınıma tökmərəm” demək axmaqlıq olar. Heç tökmə, benzin doldurmayacaqsan, maşınla təcili bir yerə getmək lazım olanda, məcbur olub taksi tutacaqsan. Həmin taksi də çəninə Azərbaycan benzini doldurmuş olsa, nə edəcəksən? “Saxla, saxla, düşürəm, mən Azərbaycan benzini ilə işləyən taksiylə getmirəm” deyəcəksən?
Göründüyü kimi, absurd söhbətdir. Siyasət başqa şeydir, ticarət başqa. Ona görə də gərək benzinimizi boykot etməyə çağıran revanşist qüvvələr ağıllı olsunlar.
Sırf siyasətə, düşmənçiliyə görə bir ölkənin mallarını boykot etmək emosional məsələdir. Ağıllı qövmlər belə şey etmirlər, bunu əsasən qızışqan, əlindən bundan başqa bir şey gəlməyən camaatlar edir. Məsələn, bir ara Anadolunun bəzi şəhərlərində İsrailə ziyan olsun deyə “Koka-Kola” və “Fanta” kimi içkiləri alıb küçəyə axıdırdılar, elə bilirdilər ki, bununla da Netanyahunun dədəsini yandırırlar. Halbuki o qazlı suları dükandan alanda artıq onu istehsal edən şirkətə öz xeyirləri vermişdilər. Onda sonra o suları ha küçəyə axıt, ha eşşəyə içirt, istehsalçı holdinqlərə dəxli yoxdur.
Fransa ilə aramızda qanqaraçılıq düşəndə bizdə də çağırışlar olurdu ki, gəlin, fransız mallarını boykot edək. Çox adam bu xüsusda danışırdı, amma “Pejo”, “Reno”, “Porşe” sürmək istəyənlər, üst-başına fransız ətiri püskürtmədən adam içinə çıxa bilməyənlər bu boykota qoşulmadı. Əslində ehtiyac da yox idi. Guya Bakı qlamurları “Şanel” almasa, şanlı fransız brendinin, lap elə Makronun şanına kəsir gələcəkdi? Heç veclərinə də olmayacaqdı.
10-12 il öncə Moskvada supermarketdə işləyən bir qohum Bakıya gələndə özüylə İrəvanda istehsal olunmuş tut arağı gətirmişdi. Deyirdi, yarım litrlik cürdəyi (butulka) 27 dollardır. Göz yaşı kimi dumduru material idi. Əvvəlcə patriot damarımız tutdu, dedik, düşmən arağı içmənik. Amma sonra praqmatizm güc gəldi, fikirləşdik ki, bunun pulu artıq verilib, içsək də, içməsək də, budur. Sırf dadına baxmaq, tərifli erməni “tutovka”sının deyilmişcən olub-olmadığına yəqinlik hasil etmək üçün hərəyə bir qədəh gillətdik. Qədəhlərin dalı masaya dəyməmiş “birini də süz” deyənlər oldu. Hamımız etiraf etdik ki, köpəyuşağı tut arağı düzəltməyin çəmini bilirlər.
İndi qoy ara açılsın, ticarət yoğunlasın, İrəvan konyakları (brendiləri), erməni “tutovka”sı marketlərimizdə peyda olsun, görəcəksiniz ki, ölkəmizdə onların nə qədər xiridarları var.
Amma 2020-ci ildən əvvəl bu söhbət mümkün deyildi. Onda yaralı olan tərəf biz idik, ermənidən gələn xeyiri də boykot edərdik, deyərdik, eybi yox, biz 2 manatlıq “napitok” içərik, amma erməni içkisinə əl uzatmarıq.
İndi ermənilər təxminən o durumdadırlar, özlərini yaralı sayırlar, hesab edirlər ki, torpaq itiriblər. Sanki Qarabağ bunların dədə-baba torpağıymış və alıb özlərininki edibmişlər, indi əllərindən çıxıb, ona görə vaysınırlar.
Belə şeylər müvəqqətidir, ötüb keçəcək. Ola bilər ki, qarşılıqlı həvəs sayəsində kirvəlik, yeznə-qayınlıq institutları da bərpa olunacaq, hələ başqa şeylər də. Bizə nə var, xəmirimiz sıyıqdır, isti təndirdə küt getməyə meylliyik. Ermənilər də ayaqlarını yerə dirəyib höcətlik edəsi deyillər, anlayırlar ki, düşmənçilik apardıqları millətlə “güllə-güllə” oynamaqla heç nə edə bilməzlər, amma üzə gülə-gülə, güllərlə, qılıqla çox şey edə bilərlər.
Bax, bu saat şou-biznesimizə təcili 3-4 dənə nayruhi və şuşanik lazımdır. And olsun inandığınıza, onların üstündə milli həcilərimiz qırğına çıxar, axçiləri zər-zibaya tutarlar.
Yoxsa “mən maşınıma Azərbaycan benzini vurmuram” nədi?
Yazarlardan biri də iki daşın arasında yazıb ki, Azərbaycan benzini İrəvanda satılır, patriotlar dinmir, gücləri Samirə Əfəndiyə çatırmış. Elə deyil. Biz benzini ermənilərə pulla satırıq, Samirə isə erməniyə 12 balı müftə vermişdi.




