Свобода людям, независимость нациям!

Yazıçı hara, “futbolçu cığallığı” hara? – “Şəkil”in müəllifinin yanlış qeydləri

2163 20.01.2026 11:26 Колумнисты A A

6-7 il öncə yazıçı Şərif Ağayarın “Şəkil” adlı hekayəsini “Kulis.az” saytında oxuyanda “şedevr” saydım və hekayəni indi oxuduğunz saytda təkrar çap etdik. Resenziya da yazdım, hekayəni də, yazıçının ustalığını da təqdir etdim.

Ondan sonra da Şəriflə vaxtaşırı yazışırıq, rastlaşanda söhbətləşirik, sosial şəbəkədə rəy, şərh mübadiləsi edirik. Yəni aramız yaxşıdır. Ancaq kaş dünən o, Feysbuk səhifəsində o postu yazmayaydı, mən də oxumayaydım.

Biabırçı qeydlərdir. Bu cümlələr nəinki Şərif Ağayar kimi 50 yaşını geridə qoymuş, özünü yazıçı kimi təsdiqləmiş, istedadlı nasir və naşir kimi ad çıxarmış bir qələm adamına, ümumiyyətlə, özünü ziyalı hesab edən heç kəsə yaraşmaz. Bunu etsə-etsə, yaradıcılığa yeni başlayan və necəsə, bir yolla adını duyurmağa çalışan gənc biri edər. Bu, hətta “üzrlü səbəbdən” olsa da, qəbahətdir.

Necə yəni “Mirzə Babayev istisna heç kim öz səsi ilə oxumaq istəmir”?.

“Rəşid Behbidov kimi yüksək uydurulan orta səviyyəli sənətkar gey səsi üçün əziyyət çəkir” nə deməkdir?
Adamın barmaqları bu sözləri yazarkən kompüter klaviaturasının düymələrini necə basa bilər? Öz gözəl səsi ilə 50-60 (bəlkə də çox) ölkədə Azərbaycanı təmsil etmiş bir şəxsin səsini “gey səsi” adlandırmaq nə dərəcədə ədalətlidir?

“Muğam başdan-ağaya ruslara tabe olan nakişilik ahəngidir” fikri muğam oxuyanlara və muğamsevərlərə təhqir deyilmi?

Bir sevilən sənətkarı “qarabağlı tülkü” adlandırmaq nəyə lazımdır?

Yazıda başqa biədəb, söyüş səciyyəli ifadələr, mübahisəli mülahizələr də var. İnanmaq olmur ki, bunları “Şəkil”in müəllifi yazıb.

Elə ona görədir ki, Şərifin bu statusunun altında yazılan şərhlərin tam əksəriyyəti müəllifi qınayır. Onun özü isə nə bu əndazəsini aşan, bəzən təhqirə varan tənqid və ittihamlara cavab vermir, nə də onları və öz yazdığını silmir.

Sanki Şərif bu statusu məhz onun üçün yazıb: polemika və dinamika olsun, lap söysünlər də, amma adı hallansın.

Bu isə yuxarıda dediyim kimi, Şərifə və onun yazıçılıq missiyasına uyğun deyil.

Yazıçı ilk növbədə ədalətli, obyektiv olmalıdır, kateqorik olmamalıdır. Necə ki bir məclisə düşəndə tanınmış yazıçı və jurnalistlərdən hər kəs ağıllı söz gözləyir, danışanda maraqla dinləyir, o da özünü bu ampluada aparmalıdır.

Yoxsa futbolçu cığallığı ilə yazıçılıq bir araya sığmır.

(“Futbolçu cığallığı” ifadəsini bir qədər açaq. Hər gün baxdığımız futbol matçlarında belə epizodlar olur: bir futbolçu rəqibinin qıçını qırır, ona kart göstərən hakimin üstünə cumur ki, mən ona heç nə etməmişəm; o biri əli ilə qol vurur, sayılmayanda başını tutur, etiraz edir; başqası ofsayta düşür, bayraq qaldıran yan hakimə söyür, əliylə “korsan” jesti edir və s. Yəni başdan-başa cığallıqlar. Bu üzdəndir ki, nadir hallarda ədalətli hərəkət edən məşqçi və oyunçulara “Feyr pley” mükafatı verilir).

Azərbaycanın yeni nəsil yazıçılarının bu sayaq cığallıq dolu, mübahisə və tənqid doğuran mülahizələr yürütməsi ilk dəfə deyil. Bu üsuldan bundan öncələr də istifadə edən gənc yazıçılar olub. Bəziləri babat populyarlıq qazanıb, bəziləri uğursuzluğa düçar olub, amma heç biri bu yolda davamlı yürüməyib.

Özü də bu cığırı bizim yazıçılar aşmayıb. Dünən sırf Şərif Ağayarın qalmaqallı statusu ilə bağlı zəng edən, onunla münasibətimin yaxşı olduğunu bilən bir hörmətli şəxs danışdı ki, məşhur sovet müğənni və aktyoru Vladimir Vısotskinin ən populyar vaxtlarında (1970-ci illərdə) bir yazıçı “Literaturnaya qazeta”da onu yıxıb-sürüyən məqalə dərc etdirib və o dövrün insanlarını xeyli təəccübləndirib və qəzəbləndirib. Çünki Vısotskiyə xalq sevgisi kəllə-çarxda imiş. Başqa bir yazıçıdan tənqidçi yazıçının niyə belə etdiyini soruşublar, o da cavab verib ki, nə etsin, indiyə qədər adını bir kimsəyə tanıda bilməyib, amma bu gün yüz minlərlə adam ondan və onun Vısotski barədəki yazısından danışır.

Ümumiyyətlə, neçə vaxtdır ölkəmizdə müsbət reputasiya ilə tanınan şair, yazıçı, aktyor, alim, siyasətçi, musiqiçi və sair tanınmış peşə sahiblərini “yerdən-yerə vuran”, onların “bir qəpiklik istedadının olmadığı”nı iddia edən məqalələr çoxalıb.

O cür yazıların içində müəyyən həqiqətlər və haqlı fikirlər də olur, amma mülahzələrin tam əksəriyyəti mübahisəlidir. Yenə idman-futbol terminləri ilə desək, həmin məntiqlə Messi və Ronaldonun da “bir qəpiklik futbolçu” olmadıqlarını iddia etmək olar. Bu, nə qədər obyektiv sayıla bilərsə, həmin iddialar da o qədər doğrudur.

Bununla belə, bu cür fikirləri top-tüfənglə qarşılayaraq, onun müəlliflərini təhqir etmək olmaz. Bir sözdür, deyirlər, yazıçı sözüdür, hakim qərardadı deyil.

Ümumilikdə götürsək, ölkənin dərdi hansısa müğənninin “öz səsi ilə oxumaması”dırmı?

P.S. Google-də axtarış verərkən aydın oldu ki, ötən əsrin 70-ci illərində qəzetdə Vısotskini kəskin tənqid edən, onu "antimillilik", "filistinizm" və "dekadentizm"də ittiham edən yazıçı Viktor Popkov olub. Bu gün Popkovu xatırlayan varmı? Vısotskini necə?

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости