İstənilən müharibə nə vaxtsa bitir. Bitməlidir. Amma gərək o, elə yekunlaşsın ki, haqsız durduğu yerdə haqlı tərəf cəzalanmasın, təcavüzə məruz qalan incidilməsin. Elə bitsin ki, bir müddət sonra yeni müharibəyə zəmin olmasın. İşğalçı şirniklənməsin, əksinə, ağır bədəl ödədiyi üçün “qalib” gəlməyinə peşman edilsin.
Bu mənada ABŞ lideri Donald Trampın XXI əsrin ən qanlı, ən uzun müddətli savaşını dayandırmaq istəyi, əlbəttə, təqdiredicidir. Amma və lakin savaşı nəyin bahasına olur-olsun, lap dəqiqi, Ukrayna xalqının heysiyyatı və qüruru hesabına dayandırmaq nə dərəcədə doğru? Bu, müasir dünyamızda yeni və son dərəcə pis nümunə-presedent yaratmazmı?..
Haqqında danışılan, ancaq hələ ki, dərc edilməyən 28 bəndlik “sülh sənədi”ni deyirik. Təbii ki, Ukrayna prezidenti Volodimir Zelenski ona imza atmadıqca o, sənəd sayılmaz. Hələ Ali Radanın təsdiqini demirik. İstənilən halda fakt-faktlığında qalır: Trampın gələn cümə axşamına – noyabrın 27-dək rəsmi Kiyevə vaxt verdiyi bildirilir. Əks təqdirdə, Vaşinqtonun Ukraynaya hərbi və kəşfiyyat dəstəyini kəsəcəyi iddia olunur.
Vəziyyətin mürəkkəbliyini nəzərə alan Zelenski gözlənildiyi kimi, dərhal digər müttəfiqlərlə aktiv məsləhətləşmələrə başlayıb. Xalqa müraciət edib. “Ya milli ləyaqətimizi qorumalıyıq, ya da ABŞ-ı itirə bilərik” deyib...
Bəs həm ləyaqəti, həm də ABŞ-ı itirməmək, qoruyub saxlamaq mümkünsüzmü? Mümkündür. Bu da bilavasitə Ağ Ev başçısı və onun komandasından asılıdır. Çox çətindir, fəqət, reallaşa biləndir. Şərtləri ilk abzasda sadaladıq.
Əslində Zelenskinin yuxarıdakı ismarışın bir ucu elə Birləşmiş Ştatlara dəyir. Yəni Ukrayna lideri xalqa emosional müraciətində Trampa da ismarış göndərib, faktiki o da Ağ Ev rəhbərinə möhlət verib. Son qərara gəlmək üçün...
Sözsüz ki, hər cür iddialara və ittihamlara, məlum korrupsiya qalmaqalına rəğmən, Ukrayna xalqı bu gün öz tarixinin ən sərt imtahanını verir. Bu imtahandan, ona qarşı başladılan ədalətsiz müharibədən alçaldılmış şəkildə çıxmamaq onun haqqı. Liderlər, Zelenski gəldi-gedərdi, xalq isə əbədi. İşğalçı Putini nəyin bahasına olur-olsun, razı salmağa çalışan Qərb siyasətçiləri keşkə bu barədə daha dərindən düşünəydilər.
Bu, baş verməyəcəksə, əmin ola bilərsiniz, I Pyotrun heyranı az sonra başqa qonşu ərazilərə göz dikəcək. Misal üçün, Qazaxıstanın rusların üstünlük təşkil elədiyi şimal bölgələrinə. Bu haqda Rusiyadan dəfələrlə hədyan-hədələr də səslənib. Elə zənn etməyik ki, ötən həftə Kremldə Tokayevlə Putin arasında imzalanan strateji müttəfiqlik haqda sənədi Moskva həmişə ciddiyə alacaq. Bundan qat-qat güclü zəmanəti Rusiya 1994-cü ildə Ukraynaya verməmişdimi?..
Hələ qarşıda kritik 5 gün var. Nə olacaqsa, yəqin ki, o zaman kəsiyində olacaq. Bəzi məlumatlara görə, Trampın möhləti uzadacağı istisna deyil. Axı Kərbəlayi İsmayılın təbirincə desək, masaya qoyulan hər şeydən öncə qiymətsiz bir şey - Ukrayna xalqının namus-qeyrət məsələsidir. Bu xalq hələ bir az da dözə, milli ləyaqət naminə hətta partizan müharibəsinə də qərar verə bilər.
Odur ki, təkrarlamaqda fayda var. Ukrayna-Rusiya müharibəsi necə bitir-bitsin, Beynəlxalq Cinayət Məhkəməsinin axtarışa verdiyi Putin özünü qalib hiss etməməlidir. Çünki bu, beynəlxalq hüququn və kollektiv Qərbin məğlubiyyəti ilə yanaşı, onu yeni torpaqlar tutmağa şirnikəndirəcək.
Bu xüsusda alman qəzeti “Tagesspiegel” 1938-ci ilin məşhur “Münhen sövdələşməsi” ilə ABŞ-ın 28 bəndlik planı arasında tarixi paralellik aparmaqda haqlıdır. O vaxt Böyük Britaniya və Fransa Çexoslovakiyanı öz ərazisinin bir hissəsini Almaniyasına verməyə məcbur etmişdi – faşistləri yumşaltmaq üçün. Sitat: “İndi isə Ukraynanı təkcə ərazisinin bir hissəsindən imtina etməyə deyil, həm də silahsızlanmağa məcbur edirlər. Bunu heç Hitler də çexlərdən tələb etməmişdi... Bir il sonra isə böyük müharibə başladı”.




