İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Bakıda tutulan İran casuslarının müdafiəsində

5932 26.04.2024 11:00 Gündəm A A

Dövlət Departamenti insan haqları hesabatında həm Azərbaycana qarşı qərəzini, həm də “erməni sevgisini” ortaya qoyub; hüquq müdafiəçiləri və partiya sədrindən sərt reaksiyalar...

ABŞ Dövlət Departamenti “2023-cü il İnsan Hüquqları Təcrübələri” üzrə dünya ölkələrində insan hüquqlarına dair illik hesabatında həm Azərbaycana qarşı qərəzini, həm də “erməni sevgisini” ortaya qoyub. 

Əlbəttə ki, ABŞ-ın bu cür qərəzli hesabatları real vəziyyəti əks etdirməkdən çox, ənənəvi olaraq digər ölkələrə təzyiq aləti kimi istifadə olunur. Bu səbəbdən də ABŞ-ın hər il dünya ölkələrində insan haqlarına dair hesabatını artıq heç bir dövlət  ciddi qəbul etmir. Bunun da əsas səbəbi odur ki, bu cür “hesabatlar”ın  hazırlanması zamanı ikinci və üçüncü dərəcəli ABŞ diplomatlarının fəaliyyət göstərdikləri ölkələrdə sosial mediada yayılan neqativ məlumatlardan “fakt” kimi istifadə olunur. Bu cür “məlumatlar” da dəqiqləşdirilmədən, peşəkar təhlil aparılmadan məlum hesabata daxil edilir.

Əgər ABŞ dünyada insan haqları sahəsinə “nəzarət” rolunu üzərinə götürürsə, hesabatlarında, əvvəla, sosial mediada yayılan, çox vaxt həqiqəti əks etdirməyən və təsdiqlənməyən şayiə və dedi-qodular yox, təsdiqlənmiş real məlumatlara əsaslanmalıdır.

Ümumilikdə ABŞ özünü bu rolda görürsə, öz ölkəsində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə hesabatla çıxış etsin, ABŞ-da rasizm, islamafobiya, miqrantların hüquqlarının pozulması həbsxanalarda dözülməz şərait və digər məsələləri də hesabata daxil etsin. Ekspertlərə görə, BMT, dünya dövlətləri də bir araya gəlib ABŞ-da insan haqları barədə hesabat hazırlamalıdır. ABŞ-ın Qəzza hadisələri barədə susqunluğu, İraqda və Əfqanıstanda ordusunun yerli əhaliyə qarşı cinayətləri yada salınmalıdır. 

Azərbaycan hakimiyyətinə sərt tənqidlərin yer aldığı hesabatda ötən il sentyabrın 19-20-də Azərbaycanın erməni silahlılarına qarşı keçirdiyi antiterror əməliyyatına da toxunulub. Hesabatda iddia olunur ki, “Azərbaycan Qarabağda tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat başlayıb və nəticədə 100 mindən çox sakin - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb”. 

Sənəddə həmçinin Bakıda və ətraf rayonlarda İran casuslarının həbsi ilə bağlı narahatlıq da bəyan edilib. Hesabatda deyilir ki, il ərzində hökumətin qeydə aldığı qurumlardan kənarda ibadət edən çoxlu sayda şiə müsəlmanları İranla əlaqədə olduqları iddiası ilə həbs edilib. “Bu həbslər İranın casus şəbəkələrini hədəfə alma kimi səciyyələndirilsə də, məlum ittihamların böyük əksəriyyəti narkotiklə əlaqəli cinayətlərlə bağlıdır”.

Hesabatda əlavə edilir ki, il ərzində hökumət Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin (CPT) 2004-2017-ci illər arasında ölkəyə həyata keçirdiyi altı səfərlə bağlı hesabatlarına cavab olaraq heç bir tədbir görməyib. Sənədin “həbsxana və təcridxanan şəraiti” bölümündə deyilir ki, həbsxana şəraiti bəzən həddindən artıq sıxlıq səbəbindən ağır və həyat üçün potensial təhlükə yaradır. “Həbsxanalarda qeyri-kafi qidalanma, istilik, ventilyasiya və kanalizasiya sistemlərinin çatışmazlığı var və tibbi xidmət zəifdir”. 

Rəsmi İrəvan ermənilərin Qarabağdan könüllü çıxmasını qəbul etdiyi halda ABŞ Dövlət Departamentinin bu “canıyananlığı”nın səbəbi nədir? Dövlət katibi Entoni Blinken Brüsseldəki 5 aprel toplantısında Qarabağ ermənilərinin Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləmişdi. İndi Dövlət Departamenti  bu hesabatla niyə özünü təkzib edir? Eyni sualları saxlanan İran casusları haqda da söyləmək olar. Vaşinqton İran casuslarını belə müdafiə etməklə nə məqsəd güdür? İranın təsir dairəsinin zəifləməsini istəyən ABŞ casus şəbəkəsinin ifşasından nə üçün narahatdır?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, “insan haqları” adı altında yayılan sənəddə məqsəd Azərbaycanın əleyhinə təbliğat aparmaqdır: “Hətta özlərinin düşməni olan İrandan bizə qarşı istifadə edirlər. Bu hesabatlara artıq öyrəşmişik. Onlar eyni hesabatı hər il təkrarlayırlar, mübtəda-xəbərin yerini dəyişib yayırlar. Bu gün bizdən asılı olmayan səbəblərə görə Avropa İttifaqının bəzi dövlətləri və ABŞ-la münasibətlər o qədər də ürəkaçan deyil. Halbuki biz həmişə əməkdaşlığın tərəfdarı olmuşuq. Amma görünən odur ki, erməni lobbisinə yaxınlıq səbəbindən Azərbaycan əleyhinə hesabatlar hazırlayır”. 

Ç.Qənizadə qeyd etdi ki, hərçənd bizim ölkədə heç vaxt sünni-şiə məsələsi olmayıb: “Bu, qaralama kampaniyasıdır. Azərbaycan dini tolerantlıq olan ölkədir, bütün dinlərin nümayəndələri tədbirlərdə iştirak edirlər, dövlətin və ordunun yanında olurlar. Hesabat qərəzlidir, ictimai-siyasi sabitliyi pozmağa yönəlik addımdır”. 

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yeni Çağ Media

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə yada saldı ki, ilk dəfə belə qərəzli hesabat yayılmır: “Bu məsələdə ABŞ səfirliyi də məsuliyyət daşıyır. Regionda baş verənlər haqda səfirlik dolğun informasiya ötürməlidir. Hiss olunur ki, səfirlik yetəri obyektiv məlumata malik deyil”. Partiya sədri vurğuladı ki, ABŞ İrana sanksiya tətbiq edir, amma Tehran rejiminin casus şəbəkəsinin ifşasını tənqidlə qarşılayır ki, bu da daha çox ölkəmizə qərəzdən irəli gəlir: “Azərbaycanda dini zəmində problem yoxdur. Dini konfessiyaların ayrı-seçkiliyə məruz qalmadığı dövlətdir. Burada insanların dini baxışlarına görə həbs edildiyini söyləmək ədalətsizlikdir. Birləşmiş Ştatlar Azərbaycana Cənubi Qafqazda xüsusi əhəmiyyət verir. Təəssüf ki, bu hesabatlar münasibətlərə kölgə salır. İranın Azərbaycana təhdidləri zamanı Blinken Bakını müdafiə etməyə çağırmışdı, indi onun rəhbəri olduğu qurumun hesabatı məyusluq doğurur”. 

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu da hesabatın məqsədli hazırlandığını qeyd etdi: “Guya burada siyasi motivli həbslər aparılıb. Azərbaycanda kimisə inancına görə tutmurlar. Hazırda saxlanan şəxslər narkotik maddələrin satışı və yaxud casusluqda şübhəli bilinir. Eyni zamanda istintaq gedir və məhkəmə qərarı yoxdur. Dövlət Departamenti gözləməlidir ki, məhkəmənin hökmü olsun. Belə tələskənlik əlbəttə ki, qərəzdən xəbər verir. Digər tərəfdən, onlar din adı altında İran rejiminin təbliğatını aparmaqda ittiham olunurlar. ABŞ bunun qarşısının alınmasından niyə narahat olmalıdır? Sadəcə, hesabat hakimiyyətə təzyiq məqsədi güdür. Bununla rəy yaratmağa çalışırlar ki, Azərbaycanda siyasi həbslər var”. Hüquq müdafiəçisi hesab edir ki, Qarabağ ermənilərinin gedişinə verilən rəy də yalandır: “Onları buradan qovan olmayıb. Hesabatda manipulyasiyaya yol verilib. Guya hərbi əməliyyatlar dinc insanları qorxudub və psixoloji basqıya görə bölgədən gediblər. Halbuki əməliyyat keçirilən gün vərəqlər paylanmış, çağırışlar edilmişdi ki, dinc əhali evlərdən çıxmasın, mülki infrastruktura zərbə endirilməyəcək. Azərbaycan səliqəli antiteror əməliyyatı keçirdi, bir mülki erməninin belə burnu qanamadı. Sonra peçenye, şokolad yeyə-yeyə öz xoşu ilə getmək qərarı verdilər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR