İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü, yoxsa rus arzusu?..

942 16.04.2024 09:02 Yazarlar A A

Bəlkə də Yaxın Şərqdə, son günlər İran-İsrail müstəvisində baş verən proseslərin fonunda qonşu Gürcüstanda müşahidə olunan olaylar elə də aktual, hətta maraqlı görünmür. 

Amma bu, zahirən belədir. Ən azı ona görə ki, son vaxtlar baş verən proseslərin hamısında əlahəzrət qlobal geopolitikanın izlərini sezməmək qeyri-mümkündür. Demək olar ki, hər şey, hətta ən xırda qarşıdurmalar belə məhz bu ünvana aparır...

Əslində son olaylara qədər də Gürcüstanda siyasi atmosfer elə də mülayim deyildi: prezidentlə hökumət arasında kəskin qarşıdurma hiss olunurdu. Hakim “Gürcü arzusu” koalisiyası Ukrayna müharibəsindən sonra Rusiya ilə əlaqələri təzədən təftiş etmək fikrinə düşmüşdü ki, bu da ölkənin qərbçi düşərgəsində ciddi narazılıq yaratmağa başlamışdı. 

Bidzina İvanişvili və onun “siyasi uşaqları” siyasətə daha çox rusiyayönümlü siyasi qüvvə kimi gəlmişdilər. Amma Ukrayna müharibəsinə qədər onlar Rusiya ilə əlaqələr istiqamətində ciddi bir addım atmadılar. 

Ruslar Kiyevə qarşı müharibəyə başlayandan sonra sanki “Gürcü arzusu” koalisiyasında bir oyanma baş verdi. Əvvəlcə onlar Rusiyaya qarşı sanksiyalara qoşulmayacaqlarını bəyan etdilər, daha sonra Rusiya ilə Gürcüstan arasında avia-reyslərin bərpa olunması haqqında xəbərlər daxil olmağa başladı. 

Bəzi siyasi müşahidəçilər bunu rusiyayönümlü “Gürcü arzusu” koalisiyasının maskasının yırtılması kimi yozsalar da və bundan sonra Tiflisin Avropaya yönəlik siyasətinin başa çatdığını desələr də daha təmkinli siyasi təhlilçilər buna anlaşıqla yanaşmağa cəhd etdilər - Tiflis Kiyev deyil və Gürcüstan-Rusiya müharibəsi zamanı o, Kremlin hərbi həmləsi qarşısında yarım gün belə duruş gətirməmişdi! 

Amma Qərb tərəfindən də tənbehlə qarşılansa da Gürcüstan hakimiyyəti Avropaya inteqrasiya siyasətinə də tamam son vermədi. 

Düzdür, bu müstəvidə də daha çox geosiyasi meyarlar özünü göstərməyə başladı. Qərb əvvəlcə Tiflisi cəzalandırmaq fikrinə düşdü. Ona görə ki, o, Qərbin Rusiya ilə bağlı təlimatlarına ciddi yanaşmırdı. Bəli, Brüssel Ukraynaya və Moldovaya Avropa İttifaqına üzvlüklə bağlı namizəd-dövlət statusu verdi, Gürcüstanı isə kənarda saxlayaraq onun qarşısında ondan çox tələb qoydu, halbuki Avropaya yönəlik parametrlərinə görə Tiflis heç də Kişinyovdan və Kiyevdən geri ölkə deyildi.

Amma Avropa strateqləri tez bir zamanda səhvlərini başa düşdülər və anladılar ki, onların Gürcüstana qarşı təzyiqləri mənfi nəticə də verə bilər və odur ki, bu ölkəyə qarşı siyasətlərini dəyişdilər və bu dəfə də geosiyasi mülahizələri və meyarları üstün tutaraq Tiflisi namizəd-dövlət statusu ilə mükafatlandırdılar, halbuki deyilənə görə, Gürcüstan onun qarşısında qoyulan ondan çox tələblərin yalnız birinə əməl etmişdi, hərçənd Tiflis qeyd olunan statusu alanda gürcü hökuməti lovğalanaraq bəyan etmişdi ki, guya onlar bu statusu almaq üçün gecə-gündüz çalışıblar...

Bir sözlə, pis-yaxşı, sürətli, ya da ləng, - hər halda, gürcü hökuməti yenidən Qərb istiqamətində irəliləməyə başladı. Hətta bu yaxınlarda belə məlum oldu ki, Rusiya prezidenti üçün Beynəlxalq Tribunal yaratmağa qərar verən qırxdan çox ölkənin arasında Moldova ilə birlikdə Gürcüstan da olub...

Amma “kartlar” hakim partiyanın “Xarici agentlər haqqında” qanun layihəsini yenidən parlamentə gətirmək istəyindən sonra yenidən qarışdı - ölkədə siyasi etirazlar başladı, prezident Salome Zurabişvili ilə hökumət arasında qarşıdurma bir az da gücləndi. Gürcü prezidenti hakim koalisiyanı “Rus arzusu”, hökumət isə prezidenti “satqın”, “ölkə polisini satmış bir şəxs” adlandırdı. Ona görə ki, S.Zurabişvili polisi təhqir etdiyi iddia olunan və güc strukturlarına müqavimət göstərdiyi deyilən bir qərbçi fəalı əfv etdi və bununla da hökumətin bir az da qəzəbini qazandı. Bundan sonra nə olacağını demək çətindir. Aydın olanı budur ki, müxalifət hakim siyasi koalisiyanın hakimiyyətinə son qoymaq üçün zəruri resurslara və gücə malik deyil. Elə hakim partiya da müxalif fikri və ovqatı tam susdurmaq iqtidarında deyildir. Odur ki, bir az gözləmək lazım gələcək - görək, nə olur...



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR