İnsanlara hürriyət, millətlərə istiqlal!

10 noyabr sənədində tilsimə düşən 9-cu bənd

1192 20.04.2024 09:49 Ölkə A A

Ekspert: “Bu sənəddə bir neçə komponent artıq öz əhəmiyyətini itirib, bəziləri həllini tapıb, amma...”

Rusiya sülhməramlıları Qarabağda öz missiyasını vaxtından əvvəl başa vurdu və hərbi kontingentin çıxarılması davam edir. Rusiya sülhməramlı qoşunlarının Qarabağdakı missiyası qarşıya qoyulan məqsədə nail olub və məntiqi sonluğa çatıb". Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Krasnaya Zvezda” qəzeti məlumat yayıb.

Nəşrdə qeyd edilib ki, indi “Rusiyanın Qarabağ iqtisadi rayonunda sülhməramlı missiyasının dayandırılması üçün obyektiv şərait yaranıb”.

Məqalədə deyilir: “Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişəli olan regiona sülh və sabitlik gətirdi və davam edən əməliyyat öz məqsədlərinə və məntiqi sona çatdı”.

2020-ci il 10 noyabr üçtərəfli 9 bəndlik sənəddə sülh sazişi, ümumiyyətlə, nəzərdə tutulmayıb. Öhdəliklərə gəlincə, Azərbaycan üzərinə düşənləri etdi, amma Ermənistan bunlara etinasız yanaşdı, xüsusilə də qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması tələbi uzun müddət gözardı edildi. Nəhayət, Azərbaycan özü bu bəndləri icra etdi. 

4 il əvvəl əldə olunmuş razılaşmaya əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağa 5 il müddətinə yerləşdirilmişdi və tərəflərdən biri etiraz etməzdisə, bu müddət daha 5 il  uzadıla bilərdi. Ermənilər könüllü köç etdikdən sonra bu artıq iki dövlətin - Azərbaycan və Rusiya  rəhbərliyi arasındakı razılaşmaya bağlı idi. Elə o razılaşmaya əsasən də sülhməramlıların Qarabağdan çıxarılması başlayıb. 

Qeyd edək ki, 10 noyabr üçtərəfli bəyanatı (sənədi) Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasının ardınca imzalanıb. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi olaraq Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edirdi.

Tarixə 10 noyabr üçtərəfli bəyanatı kimi düşən sənəd hərbi əməliyyatların dayanmasını təmin etdi.  

Bəyanat 9 bənddən ibarətdir: 

1.Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəsdən və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən Azərbaycan və Ermənistan öz mövqelərində dayanırlar;

Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılır;

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir;

Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir;

Münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədilə sülhməramlı mərkəz yerləşdirilir;

Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarərinə keçir (eni 5 km). Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir;

Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar;

Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır;

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Bəyanatda hazırda tərəflər arasında ciddi mübahisə predmetinə çevrilən nəqliyyat kommunikasiyalarının açılması üçün də konkret tarix nəzərdə tutulmayıb.  

Razılaşmadan  4 ilə yaxın müddət ötsə də, Ermənistan 9-cu bəndin tələbini də yerinə yetirməyib. Erməni liderləri dəfələrlə deyiblər ki, nə Azərbaycan, nə də Türkiyə tərəfi Meğri vasitəsilə Ermənistanın yurisdiksiyasından kənarda olacaq dəhliz almayacaq. Ermənistan bu cür bəhanələrlə vaxtı uzatmaqda davam edir. Bəs Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxmasından sonra 10 noyabr üçtərəfli sənədini qüvvədən düşmüş saymaq olarmı?

Prezidentin Ankaradan verdiyi mesajlar - hamı öz payına düşəni götürdü...

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlı qüvvələrinin çıxarılması prosesinin başlanması müsbət prosesdir, amma bu, 10 noyabr sənədinin tamamilə qüvvədən düşməsi demək deyil: “9-cu bəndin tələbini Ermənistan hələ də yerinə yetirməyib. Bu sənədin içərisində bir neçə komponent artıq öz əhəmiyyətini itirib, bəziləri həllini tapıb. Amma müəyyən komponentlər isə qalmaqdadır, həllini gözləyir. Əsasən də 9-cu bənd - kommunikasiyaların açılmasını nəzərdə tutan tələb yerinə yetirilməlidir. Ermənistan tərəfi üzərinə bununla öhdəlik götürüb. Həmin öhdəlik yerinə yetirilməyib. O baxımdan da hesab etmirəm ki, 10 noyabr üçtərəfli sənədini qüvvədən düşmüş saymaq olar. Heç bir tərəf - nə Azərbaycan, nə Ermənistan, nə də Rusiya bu sənədin qüvvədən düşməsi ilə bağlı rəsmi bəyanat verib”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR