ABŞ-də dağa qalxan qadın 450 metr hündürlükdən sürüşərək möcüzə nəticəsində sağ qalıb.
Musavat.com xəbər verir ki, hadisə ABŞ-nin Kaliforniya ştatındakı Şasta dağında yerləşən Avalanche Gulch marşrutunda baş verib.
Məlumata görə, təcrübəsiz alpinist təxminən 3900 metr yüksəklikdə olarkən müvazinətini itirib və yüksək sürətlə təxminən 450 metr aşağı sürüşüb. Xoşbəxtlikdən, qadın yolda qayalara və digər maneələrə çırpılmayıb, nəticədə ciddi xəsarət almayıb.
Alpinistin iki yoldaşı dərhal SOS siqnalı göndərib və əraziyə xilasedicilər cəlb olunub. Güclü buludluluq səbəbindən helikopter zərərçəkənin yanına enə bilməyib. Buna görə də xilasedicilər daha aşağı hissəyə enərək piyada onun olduğu yerə çatmalı olublar.
Qadına ilkin tibbi yardım göstərildikdən sonra o, xərəkdə Helen gölünə endirilib və oradan helikopterlə xəstəxanaya təxliyə olunub.
Həkimlər müəyyən ediblər ki, qadın yalnız yüngül göyərmələr və sıyrıqlarla xilas olub. O, elə həmin gün xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, Şasta dağının hündürlüyü 4317 metrdir. Alpinist və qrupu zirvəyə çatmağa 400 metrdən bir qədər çox məsafə qalmış qəzaya düşüb. Maraqlıdır ki, qadın sağaldıqdan sonra yenidən həmin zirvəyə qalxacağını açıqlayıb.
Musavat.com






