İnsanlara hürriyət, millətlərə istiqlal!

55 yaşlı “tank kimi” oğlan

1031 25.04.2024 10:46 Gündəm A A

Albert nə yəhudilərə, nə əmircanlılara şuşalılar qədər doğma ola bilməz...

Albert...Əmircanlı yəhudi balası. Bakı neftçisinin 10 uşağının sonuncusu... Şuşanı ölmədən tərk etməyən Milli Qəhrəman... 

Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

...Onu şuşalı Milli Qəhrəman Ramiz Qəmbərovdan heç ayırmadım. Ramiz şuşalılar üçün nə qədər əzizdirzə, Albert də o dərəcədə qiymətlidir. 

3f65e814ed911c08b0f284aa3537ad49.jpg (143 KB)

Bu gün- aprelin 25-i Albertin doğum günüdür, 5 gün sonra- aprelin 30-u Ramizin şəhid olduğu gündür. Albertin məzarı Şəhidlər Xiyabanındadır, Ramizin məzarı 2020-ci ilin 8 noyabrından azad Şuşada...Məzarmı var? Ermənilər Ramiz daxil bütün şəhidlərin məzarını düzləyiblər. Amma o adamlar əbədiyaşardı ki, onların məzarları könüllərdədir. Ramiz də elədir, Albert də.  

Ramizi yaxşı tanısam da, Alberti heç görmədim. Amma nə sirdirdisə, mənə Ramiz və digər şəhid qardaşlarımız qədər əzizdir, sanki bir yerdə “Bazarbaşı”nda çox söhbət etmişik, olan-keçənlərdən danışmışıq, “Süleymanın çayçı”sında kəkotulu çay içmişik, Yuxarı Gövhər ağa məscdinin qarşısından quş uçurtmuşuq... Bu qədər doğma... Bunun sirrini yalnız onun Azərbaycana və Şuşaya bağlılığı ola bilməz, nəsə fərqli bir sirr var... Bəlkə Ramizin qardaşıdır o?

Bəlkə də xatırlamamaq da olardı, amma...1991-ci ilin son günləri idi, deyirdilər ki, Şuşaya tanklar gələcək, yoldadır. Bir neçə gündən sonra üstündə pulemyot olan təkər üstündə “dəmir yığını” gəlib çıxdı. Onu da posta çıxaran kimi ermənilər  bazuka ilə vurub əritdilər. Sonralar tanklar da gəldi, onu Albert  kimi idarə edən qəhrəman oğullar da, amma gec idi...2020-ci ilin noyabrına kimə bu qədər yükü ürəkdə daşımaq da güc oldu... 

ALBERT 23.jpg (7 KB)

Əmircana illər öncə bir hüzrə getmişdim, ilk dəfə idi bu kənddə olurdum. Azərbaycana Səttar Bəhlulzadə, Ramiz Rövşən (və daha kimlər) kimi şöhrətli sənət adamları verən kənddə yanımda oturan yerli camaatdan birinə “Albertin kəndi” deyəndə heç duruxmadı. Hətta kədər qarışıq qürurla “hə...” dedi...

Amma məncə, Albert nə yəhudilərə, nə əmircanlılara şuşalılar qədər doğma ola bilməz. Albert Aqarunov onun yalnız rəsmi ad və soyadıdır. Albert şuşalıdır, 8 mayda həlak olması o pasportu ona verdi. Onun Bakıdakı heykəli çox möhtəşəmdir. Məndən təklif: ermənilərin (indi Bakıda hərbi Qənimətlər Parkındadır) Xankəndi-Şuşa yolunda götürülən tankının yerinə Albertin heykəlini qoyaq. Onlar Albertin vurduğu tankı illərlə belə “qiymətə mindirmişdilər”. Albert o yeri haqq edir.   

Şuşalı Albert, 55-ci ad günün mübarək! Yaşasaydı, 55 yaşı olacaqdı, deməyə dilim gəlmədi... 5 gün sonra Ramizin əbədiyyətə qovuşduğu gün olacaq. Bu tarixi də unutmayaq.... 

Nazim Sabiroğlu,
Musavat. com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR