ABŞ Ali Məhkəməsi prezident Donald Trampın 1977-ci ildə milli fövqəladə hallar üçün nəzərdə tutulmuş federal qanuna əsasən tətbiq etdiyi birtərəfli tariflərə qarşı qərar çıxarıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ali Məhkəmə 6 səs lehinə, 3 səs əleyhinə olmaqla prezidentin tarif tətbiq edərkən səlahiyyətlərini aşdığını müəyyən edib.
"Prezident birtərəfli olaraq məhdudiyyətsiz ölçüdə, müddətdə və əhatə dairəsində tariflər tətbiq etmək üçün fövqəladə səlahiyyətləri olduğunu iddia edir... Bu iddia edilən səlahiyyətlərin konstitusiya kontekstini nəzərə alaraq, o, onları həyata keçirmək üçün Konqresin icazəsinə istinad etməlidir", - deyə baş hakim Con Roberts hakimlər adından yazıb. Məhkəmə Trampın söykənməyə çalışdığı fövqəladə səlahiyyətlərin qanunun tələblərinə cavab vermədiyini müəyyən edib.
CNN qeyd edir ki, bu qərar, son bir ildə dəfələrlə prezidentin tərəfini tutan hazırkı Tramp administrasiyasının Ali Məhkəmədə uğradığı ən böyük məğlubiyyət olub.
Ali Məhkəmə işi şifahi mübahisələr üçün birləşdirilmiş üç ayrı iddiadan ibarət idi. Biri ailəyə məxsus oyuncaq şirkəti olan “Learning Resources” tərəfindən açılıb. Digəri isə bir qrup kiçik müəssisə adından ictimai maraq hüquq firması “Liberty Justice Center” tərəfindən açılıb. Üçüncü iddia isə ABŞ-ın 12 ştatı tərəfindən açılıb: Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Nyu-York, Oregon və Vermont.
Aşağı məhkəmələr Trampın yalnız milli fövqəladə hallarda istifadə üçün nəzərdə tutulmuş qanun çərçivəsində tariflər tətbiq etməklə səlahiyyətlərini aşdığına qərar verdikdən sonra iş Ali Məhkəməyə çatıb.
2025-ci ilin aprel ayında Tramp ABŞ-nin, demək olar ki, bütün xarici ticarət tərəfdaşlarından olan mallara "qarşılıqlı" tariflər tətbiq etmək üçün “Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər qanunu”na müraciət edib. O, həmçinin Çin, Kanada və Meksikaya tariflər tətbiq etmək üçün eyni qanuna istinad edib.
ABŞ maliyyə naziri Skott Bessent və Tramp administrasiyasının digər rəsmiləri əvvəllər ABŞ-nin mümkün qədər çox tarifləri qorumaq üçün digər hüquqi əsaslandırmalardan istifadə edəcəyini bildirmişdilər.
Politoloq Şahin Cəfərli bu məsələ ilə əlaqədar yazıb ki, indiyə qədər Trampın tətbiq etdiyi rüsumlar sayəsində büdcəyə 134 milyard dollar toplanıb: "Məhkəmənin qərarında bu pulun taleyinin necə olacağı barədə heç nə yoxdur. Bu barədə mübahisələrə ticarət məhkəmələrində baxılacaq. Ağ Evdən bildiriblər ki, prezident bu rüsumları təkrar tətbiq etmək üçün alternativ mexanizmlərə malikdir".
Musavat.com






