İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə “repetitorların bazarı bağlanır” iddiası

399 22.07.2026 10:45 Gündəm A A

Təhsil eksperti düşünür ki, repetitorluğa hər zaman ehtiyac olacaq

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi başa çatır. 

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Bildirilir ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Bu barədə Cebhe.info məlumat yayıb.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq. 

Qeyd edək ki, təmayül tədris modeli ölkədə əvvəllər də tətbiq olunub və o qədər də müsbət nəticə əldə edilməyib.

Bəs məktəblər doğrudan da ali məktəbə hazırlığın əsas ünvanına çevrilə biləcəkmi? Valideynlər repetitor xərclərindən xilas olacaq, yoxsa mövcud sistem buna hələ də imkan verməyəcək? Yeni təmayül tədris modelinin əvvəlki modeldən əsas fərqi nədən ibarətdir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, artıq bir müddət bundan əvvəl Elm və Təhsil Nazirliyi tərəfindən təmayülləşmə prosesinə start verib,  lakin həmin dövrdə bu proses daha geniş arealı əhatə edirdi: “Amma bu ildən, yeni tədris ilindən etibarən artıq paytaxt üzrə 131 təhsil müəssisəsi məhz təmayülləşmə istiqamətində fəaliyyət göstərəcək və bu dəfə tətbiq olunan yanaşma əvvəlkindən tamamilə fərqlidir”.

Elçin Əfəndi: “İnklüziv təhsil istiqamətində dövlət tərəfindən işlər  görülür”

Elçin Əfəndi

Elçin Əfəndinin fikrincə, bu yanaşma özünü doğruldacaq və şagirdlər məhz məktəbdə əldə etdikləri biliklər əsasında ali təhsil müəssisələrinə yüksək nəticələrlə qəbul ola biləcəklər: “Çünki bu prosesə həm peşəkar, yüksək ixtisaslı kadrlar cəlb olunur, eyni zamanda əvvəlki illə müqayisədə hər qrup üçün rəhbər təyin edilir, nəticələrin təhlili aparılır və mövcud mənfi məqamların aradan qaldırılması istiqamətində sistemli işlər görülür.

Ona görə də düşünürük ki, bəli, belə bir model ali təhsil müəssisələrinə hazırlığın əsas ünvanına çevrilə bilər. Bu isə repetitorlara olan ehtiyacın tədricən azalması və ya ən azı bu sahəyə müəyyən qədər təsir göstərməsi deməkdir. Qaldı ki, valideynlərin bu istiqamətdə repetitorlara vəsait xərcləməsinə, əlbəttə ki, nəticə etibarilə buna ehtiyac azalacaq. Çünki şagirdlər həmin bilik və bacarıqları birbaşa məktəbdə formalaşdıracaqlar. Düzdür, bunun nəticəsi bir və ya iki il ərzində deyil, ən azı qarşıdakı 3-4 il ərzində daha aydın və bariz şəkildə görünəcək. Hazırda bu istiqamətdə işlər davam etdirilir və son qəbul olunmuş sistem məhz daha yüksək nəticələrin əldə edilməsinə hesablanaraq qurulub. Fikrimcə, bu modelin effektivliyi müsbət olacaq".

Təhsil eksperti Elmin Nuri isə düşünür ki, repetitorluqdan xilas məsələsi heç zaman mümkün olmayacaq: “Birincisi, bizim orta təhsil seqmentində repetitorluqdan xilas məsələsi heç zaman tam mənada mümkün olmayacaq. Yəni repetitorluqdan birdəfəlik xilas anlayışını elə indidən unutmalıyıq. Bu, mümkün deyil. Bunun üçün ya ümumiyyətlə qəbul sistemi dəyişməlidir, ya da təhsil sistemində köklü dəyişikliklər baş verməlidir. Bütün bunların reallaşması üçün isə uzun illər keçməlidir. Çünki repetitorluq məsələsi təkcə təhsillə bağlı deyil, eyni zamanda kütlə psixologiyası hadisəsidir.

Artıq bu istiqamət cəmiyyətdə o qədər geniş yayılıb və kök salıb ki, bu gün ən güclü məktəbdə oxuyan, ən güclü şagird belə, əmin ola bilərsiniz ki, repetitor yanına getmədən özünü ciddi şəkildə boşluqda hiss edir. Bir növ psixoloji rahatlıq tapa bilmir, özünü sanki nəyisə əskik etmiş kimi hiss edir. Məsələnin bu tərəfi də var".

Ekspert qeyd edib ki, təmayül tədris modeli uğurlu modeldir: “Bu, beynəlxalq miqyasda sınaqdan çıxmış, müxtəlif ölkələrdə tətbiq edilərək özünü doğrultmuş bir modeldir. Amma eyni zamanda bu, kifayət qədər bahalı modeldir. Çünki çox uğurlu nəticə əldə etmək üçün həm böyük maliyyə resursları, həm də peşəkar və sistemli zəhmət tələb olunur. Həmçinin bunun üçün bizim kifayət qədər müəllim kadr potensialımız olmalıdır. Bunun üçün müəyyən tələblərə cavab verən maddi təminat da lazımdır. 31 məktəb - yəni ölkədəki 4432 məktəbdən 500-ünü çıxsaq, təxminən 4000 məktəbdən cəmi 31 məktəbin seçilməsi elə bu modelin nə dərəcədə ağır, mürəkkəb və resurs tələb edən model olduğunun ən böyük sübutudur.

Bəli, hələlik bu, pilot layihədir. Düşünürəm ki, iş uğurla həyata keçiriləcək. Burada əsas məqsəd şagirdləri elə məktəb illərindən etibarən uğurlu karyera istiqamətində formalaşdırmaqdır.

Bu modelin daha bir üstünlüyü ondan ibarətdir ki, artıq orta məktəbdən uşaqlar təbiət elmləri, riyaziyyat, İT, kimya, biologiya və digər istiqamətlər üzrə seçim edəcəklər və məhz həmin istiqamətdə irəliləyəcəklər. Yəni məktəb artıq uşağı gələcək karyerasına uyğun istiqamətləndirəcək və formalaşdıracaq. Bu, super modeldir, hətta superdən də üstün bir modeldir".

Məktəbdaxili qiymətləndirmələr əlavə yükdür” - Elmin Nuri

Bununla belə, Elmin Nuri qeyd edib ki, yeni modelin geniş kəmiyyət göstəricisini görə bilmək üçün uzun illər tələb olunacaq: “Çünki söhbət cəmi 31 məktəbdən gedir. Tutaq ki, qarşıdakı 5 il ərzində bu məktəblərin sayı 150-200 oldu. Təki daha çox olsun. Amma bizim məktəblərin sayı bununla məhdudlaşmır axı. Yəni bu model ölkənin, demək olar ki, bütün məktəblərində tətbiq olunmayınca, biz repetitor asılılığını ciddi şəkildə azalda bilməyəcəyik. Amma bir məsələni də qeyd edim ki, repetitorluq dünyanın hər yerində bizim ölkədə olduğu kimi deyil ki, məktəbi də, şagirdi də tamamilə öz təsiri altına alsın. Hətta hər şey qaydasına düşəndən sonra da repetitorluq yenə mövcud olacaq. Təmayül tədris modeli repetitorluğun başqa istiqamətlərinin də yaranmasına şərait yaradacaq. Məsələn, şagirdlər kimya istiqaməti üzrə təmayül tədris modelini seçəcəklər. Artıq bəlli olacaq ki, bu uşaqlar gələcəkdə kimya, tibb və biologiya sahələrinə yönələcəklər. Onlar da məhz bu istiqamətdə, sırf kimyaçı, həkim və ya bioloq olmaq üçün özlərini daha dərindən hazırlamaq istəyəcəklər. Bu zaman isə repetitorluğun başqa bir qolu formalaşacaq. Artıq daha yüksək səviyyəli, ixtisaslaşmış repetitorluq institutu yarana bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR