İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirziyoyev diplomatik islahatlara BAŞLADI – Belarusdakı səfirini istefaya GÖNDƏRDİ

335 22.07.2026 12:51 Dünya A A

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Belarusdakı fövqəladə və səlahiyyətli səfir Rəhmətulla Nəzərovu investisiyaların cəlbi və xarici ticarətin inkişafı sahəsində qeyri-qənaətbəxş nəticələrə görə tutduğu vəzifədən azad edib.

Musavat.com Podrobno.uz-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının sədrliyi ilə keçirilən videokonfransda məlumat verilib.

Bildirilib ki, Rəhmətulla Nəzərov 2024-cü ildə Özbəkistanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Lakin səfirliyin investisiyaların cəlb edilməsi və xarici ticarətin inkişafı istiqamətində fəaliyyəti qənaətbəxş hesab edilmədiyi üçün diplomat vəzifəsindən kənarlaşdırılıb.

Attachment
Rəhmətulla Nəzərov

Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevaya iqtisadi diplomatiyanın səmərəliliyini təhlil etmək və digər diplomatlarla bağlı kadr qərarlarına dair təkliflər hazırlamaq tapşırılıb.

Məlumata görə, prezidentin göstərişi ilə Səidə Mirziyoyevanın rəhbərliyi altında xüsusi komissiya yaradılacaq.

Komissiya ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətini qiymətləndirəcək, həmçinin kadr tərkibinin, o cümlədən gənc mütəxəssislər hesabına yenilənməsi ilə bağlı təkliflər təqdim edəcək.

Müşavirədə bildirilib ki, Belarusla yanaşı, Özbəkistanın Fransa, Avstriya, İspaniya, İtaliya, Oman, İndoneziya, Malayziya və Sinqapurdakı səfirlərinin fəaliyyəti də kifayət qədər səmərəli hesab edilməyib.

Bununla yanaşı, prezident beynəlxalq investisiya layihələrinin icrasına nəzarətin gücləndirilməsi barədə göstəriş verib.

Attachment

Müşavirədə səsləndirilən məlumata əsasən, dövlət başçısının xarici ölkələrə etdiyi 52 yüksək səviyyəli səfər nəticəsində ümumi dəyəri 213 milyard dollar olan 1 600-dən çox layihənin həyata keçirilməsi barədə razılıq əldə edilib. Lakin bu layihələrin əhəmiyyətli hissəsinin icrası gecikir.

Bu səbəbdən layihələr üzrə yol xəritələrinin icrasına nəzarət Hesablama Palatası və Xarici İşlər Nazirliyinə həvalə olunub. Baş nazirə isə hər həftə sənaye rəhbərləri, vilayət rəhbərləri və səfirlərin iştirakı ilə hər bir ölkə və hər bir layihə üzrə icra vəziyyətini müzakirə etmək tapşırılıb.

Xatırladaq ki, bundan əvvəl Özbəkistan Prezidenti xaricdəki səfirlərə təşkil olunmuş əmək miqrasiyası çərçivəsində ölkə vətəndaşları üçün yüksək gəlirli iş yerlərinin daha fəal şəkildə axtarılmasını da tapşırıb.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR