Ermənistanda revanşist mövqeyi və Azərbaycana qarşı sərt çıxışları ilə tanınan türkoloq Varujan Geqamyan regionda son prosesləri İrəvan üçün təhlükə kimi qiymətləndirib. Onu xüsusilə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin güclənməsi və Bakının regional diplomatiyada rolunun artması narahat edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Geqamyan Ermənistan ətrafında baş verən üç mühüm prosesə diqqət çəkib.
Onun fikrincə, Ermənistanda siyasi gündəm yeni parlamentdə mandatların bölüşdürülməsi ətrafında cəmləşdiyi halda, ölkənin sərhədlərindən kənarda daha mühüm proseslər gedir.
Geqamyan ilk olaraq ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsini qeyd edib. O iddia edir ki, münaqişə tərəflərin qarşısında faktiki olaraq eskalasiyanı davam etdirməkdən başqa vasitə saxlamayan yeni mərhələyə daxil olub. Türkoloqun sözlərinə görə, hazırda müharibəyə ABŞ tərəfindən birbaşa və dolayı şəkildə 50 mindən çox insan cəlb olunub və proses bununla yekunlaşmaya bilər.
Lakin Geqamyanın əsas narahatlığı Azərbaycanla bağlıdır. O, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə ardıcıl işləyərək Azərbaycanın mövqelərini gücləndirdiyini və Bakının getdikcə daha fəal şəkildə regional vasitəçi rolunda çıxış etdiyini yazıb.
Müəllif Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüşməsi barədə son məlumatı da Azərbaycanın artan regional çəkisinin göstəricisi kimi təqdim edib.
Azərbaycana qarşı mövqeyini gizlətməyən Geqamyan bundan belə bir nəticə çıxarıb:
“Sadə formulu yadda saxlamaq lazımdır: güclü Azərbaycan = bütün əsas məsələlərdə Ermənistana daha güclü təzyiq – ‘dəhlizdən’ Ermənistan ordusunun ixtisarına qədər”.
Geqamyanın narahat olduğu üçüncü istiqamət isə Türkiyənin NATO daxilində mövqelərinin güclənməsidir. O, Türkiyədə keçirilən NATO sammitindən sonra Ankara ilə alyans arasındakı münasibətlərin yeni impuls qazandığını bildirib.
Revanşist ekspertin qənaətinə görə, Soyuq müharibə illərində olduğu kimi, kollektiv Qərb Türkiyəni yenidən mühüm müdafiə xətti hesab edir və buna görə Ankaranı dəstəkləməyə, hətta onun tələbləri ilə hesablaşmağa hazırdır.
Geqamyan bütün bunların Ermənistan daxilində gedən mandat mübarizəsindən daha mühüm olduğunu bildirərək ölkəsini Azərbaycan və Türkiyənin mövqelərinin güclənməsinə qarşı hazırlaşmağa çağırıb.
Musavat.com






