İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çindən Ukraynaya dəstək tələb edir: Ağ Ev Pekini onun "Axilles dabanı"na dağıdıcı zərbə ilə hədələyir

2177 27.04.2024 18:53 Analitika A A

ABŞ Çinin ən zəif yerini tam dəqiqliyi ilə bilir, ona görə də, rəsmi Pekinə məhz iqtisadi faktorlar üzərindən təzyiq göstərməyə çalışır... Böyük ehtimalla Ağ Evdə effektiv nəticəyə və Çinin iqtisadi böhrandan çəkinərək, ABŞ-ın tələblərini yerinə yetirməyə məcbur olacağına şübhə etmirlər...

Ukrayna savaşı yeni mərhələyə keçirildi. Çünki bu savaşın davam etməsində maraqlı olanlar var. Üstəlik, onların hamısı Qərb siyasi məkanına təsir mexanizmlərini öz əllərində cəmləşdiriblər. Yəni, Ukrayna savaşının gələcək taleyinin həll edilməsi daha çox səhnə arxasında olanlardan birbaşa asılıdır. Və savaşın davam edəcəyi, yaxud nə vaxt sona çatdırılacağı barədə məhz onlar qərar verirlər.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı hələ 2022-ci ilin yaz aylarında sona çatdırıla bilərdi. İstanbul anlaşması buna ilk dəfə geniş imkanlar açmışdı. Qərb mətbuatı hətta İstanbul anlaşmasının bəzi detallarını ictimailəşdirməyə də başlayıb. Halbuki indi həmin sənədin məzmunu o qədər də böyük əhəmiyyət daşımır. Əksinə, hazırda İstanbul anlaşmasının hansı səbəbdən imzalanmadığı daha böyük maraq doğurur. Və bu sənədi son anda hansı səhnə arxası güclərin bloklamağa nail olduğu önəmli sualdır.

6b39c1b60123df8d0e5a0bd0c2454571.jpg (169 KB)

Məsələ ondadır ki, həmin səhnə arxası güc bir müddət öncə daha bir, yəni ikinci İstanbul sülh prosesini də bloklamağa nail olublar. Buna paralel olaraq isə ABŞ Konqresi Ukraynaya 61 milyard dollar həcmində hərbi dəstək paketini təsdiqləyib. Halbuki, ABŞ Konqresində məhz Bayden administrasiyasının əsas siyasi rəqibləri - respublikaçılar Ukraynaya hərbi dəstək paketini israrla bloklayırdılar.

ABŞ respublikaçılarının öz sərt və birmənalı mövqelərindən geri çəkilmələri, səkkiz ay blokladıqları dəstək paketinin önünü açmaları təsadüf ola bilməz. Böyük ehtimalla İstanbul anlaşmalarını bloklayan və ABŞ respublikaçılarını Ukraynaya hərbi dəstək paketinə səs verməyə yönəldənlər eyni səhnə arxası gücü təmsil edirlər. Və bu baxımdan, hesab etmək olar ki, Ukrayna savaşını ssenariləşdirənlər hələ öz hədəflərinə tam çatmadıqlarına görə bu müharibənin davam etdirilməsinə qərar veriblər.

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, ABŞ siyasi dairələri daha qəliz siyasi manevrlərə də başlayıblar. Belə ki, Rusiyanın potensial hərbi-siyasi müttəfiqlərdən məhrum buraxmaq istiqamətində müəyyən addımlar atılmaqdadır. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çinə son səfəri bu baxımdan, diqqəti çəkir. Və bu səfər barədə hələlik geniş məlumatlar verilməsə də, hər halda, bəzi məqamlar artıq məlum olmağa başlayıb.

Qərb mətbuatında yer alan iddialara görə, dövlət katibi Entoni Blinken Çinin siyasi rəhbərliyinə ABŞ-ın müəyyən güzəştlərini təklif edib. Həmin təkliflərin sırasında rəsmi Pekinin birbaşa maraq dairəsində olan iqtisadi-ticari güzəştlər də mövcuddur. Xüsusilə də, Çinlə ticarətə əlavə vergi rüsumlarının tətbiqindən imtina oluna biləcəyinə müəyyən eyhamlar vurulub. Və bütün bunların rəsmi Pekin tərəfindən böyük məmnuniyyətlə qarşılandığı da artıq məlumdur.

ap23170317755845-0a4f76156b30b82b064c991b2637fb897c71afaa.jpg (501 KB)

Ancaq Çinin siyasi rəhbərliyini məyus edən və müəyyən tərəddüdlərə yönəldən məqamlar da olmamış deyil. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken Ağ Evin iqtisadi-ticari güzəştlərinin əvəzini ödəməyin qaçılmaz olduğuna da eyham vurub. Belə ki, Ağ Ev bütün bunların qarşılığında rəsmi Pekindən Rusiya ilə münasibətlərini maksimum səviyyədə məhdudlaşdırmağı tələb edir. Xüsusilə də, Çinin Rusiyaya hərbi texnika istehsalında böyük önəm daşıyan elektron komponentlərin satışını tamamilə dayandırılmasında israrlı mövqe tutulur. Və bu, o deməkdir ki, ABŞ Çini Rusiya ilə hərbi-siyasi tərəfdaşlıqdan qoparmağa çalışır.

Təbii ki, indi tərəddüdlər içərisində olduğu iddia edilən Çin prinsipial seçim qarşısında qalmış kimi görünür. Çünki rəsmi Pekin ya Rusiya ilə münasibətlərinə ciddi düzəlişlər etməklə, ABŞ-ın təklif etdiyi iqtisadi-ticari güzəştlərdən faydalanmalıdır. Ya da bundan imtina edərək, Çinin ABŞ və Qərbin sərt iqtisadi-ticari sanksiyalarına tuş gəlmək variantını gözə almalıdır. Və Ağ Ev ediləcək seçimdə Çinə üçüncü variant buraxmaq niyyətində deyil.

Rusiya siyasi dairələrində bəziləri Çinin ABŞ-ın dövlət katibi Entoni Blinkeni sərt cavab verməklə, Pekindən əliboş geri göndərdiyini iddia edir. Onların fikrincə, rəsmi Pekin Rusiya ilə daha intensiv münasibətlərdə birbaşa maraqlıdır və Çin bu tərəfdaşlığı ABŞ-ın iqtisadi-ticari güzəştlərinə qurban verməz. Və böyük ehtimalla məhz bu məsələdə Rusiya siyasi dairələri situasiyanı realistcəsinə dəyərləndirməkdən uzaqlaşmış kimi görünürlər.

Məsələ ondadır ki, birincisi, rəsmi Pekin Tayvan mövzusu istisna olmaqla, heç bir məsələ ilə bağlı sərt reaksiya ənənəsinə malik deyil. Yəni, rəsmi Pekinin dövlət katibi Entoni Blinkenin Rusiya ilə münasibətləri məhdudlaşdırmaq tələbinə sərt cavab verdiyinə inanmaq sadəlövhlük olardı. Və bu baxımdan, Rusiya siyasi dairələrinin məyus olma ehtimalı kifayət qədər yüksəkdir.

1647326821_1644327317_b291bf1bf78330b87c6835bb7eb8f573.jpg (53 KB)

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Çin iqtisadi-ticari münasibətləri əsas prioritet olaraq, qəbul etmiş dövlətdir. Rəsmi Pekin öz xarici siyasətini birmənalı şəkildə iqtisadi-ticari maraqlar üzərində qurur. Çinin əsas iqtisadi-ticari tərəfdaşları isə məhz ABŞ və Avropa ölkələridir. Bu baxımdan, rəsmi Pekin Qərb ölkələri ilə münasibətlərin qorunmasına böyük önəm verir. Əks halda, Çin iqtisadiyyatı dərin böhrana düçar ola bilər. Və belə olan təqdirdə, rəsmi Pekinin ABŞ-ın iqtisadi-ticari güzəşt təklifindən imtina edərək, Çini dərin böhrana sürükləmək hesabına Rusiyanı seçəcəyinə inanmaq çətindir.

Göründüyü, ABŞ Çinin "Axilles dabanı"nı tam dəqiqliyi ilə bilir. Ona görə də, məhz rəsmi Pekinə məhz ən zəif yerindən təzyiq göstərməyə çalışır. Böyük ehtimalla Ağ Evdə bu taktikanın effektiv nəticə verəcəyinə də qətiyyən şübhə etmirlər. Bu baxımdan, böyük ehtimalla Çin-Rusiya münasibətləri üçün müəyyən mənada, böhranlı mərhələ başlaya bilər.

Hər halda, Çinin Ağ Evin təklifinə necə reaksiya verdiyini dəqiqləşdirmək o qədər də çətin olmayacaq. Çünki Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda Pekinə rəsmi səfərinin nəticələri bir çox müəmmalı sualların cavablandırılmasına geniş imkanlar aça bilər. Və əgər, həmin səfər Kremlin gözləntilərinin uzağında qalarsa, bu, Çinin ABŞ-dan aldığı təklifləri qəbul edərək, dolayısı ilə Ukrayna savaşında Qərbin yanında yer almaq qərarı verdiyi anlamı daşıyacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR