İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ hücum edərsə, İran cəmi 20 gün tab gətirə bilər"

1147 27.01.2026 23:59 Dünya A A

ABŞ-nin İrana mümkün hücum ssenarisində öz qüvvələrini qorumaq məqsədilə bölgəyə əlavə “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri göndərdiyi bildirilir.

“New York Times” yazır ki, 2026-cı il yanvarın 26-dan etibarən “Tomahawk” raketləri ilə silahlanmış üç döyüş gəmisi ilə müşayiət olunan “Abraham Lincoln” aviadaşıyıcısı ABŞ Mərkəzi Qüvvələr Komandanlığının Qərbi Hind okeanındakı məsuliyyət zonasına daxil olub. Qeyd olunur ki, Ağ Evin hücum əmri verməsi halında aviadaşıyıcı 1–2 gün ərzində döyüşə hazır vəziyyətə gətirilə bilər.

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın ballistik raket arsenalı İsrailə ciddi problemlər yarada bilər, İsrailin onların öhdəsindən gəlməsi çətin görünür:

"Bundan əlavə, İranın Hərbi Dəniz Donanması ABŞ hərbi dəniz donanmasına qarşı olacaq. İran çalışacaq ABŞ hərbi gəmilərinə, hərbi bazalarına zərbələr vursun. Bunun qismən uğurlu olması istisna deyil.

İran kifayət qədər müqavimət göstərəcək. İsrail-İran arasında 12 günlük müharibədə Tehran hücumu gözləmirdi. Hazırda kifayət qədər hücuma və müdafiə hazır görünür. Necə ki, etirazları silahla dağıtdı və tam nəzarəti ələ aldı.

Əgər, ABŞ hücum edərsə, İran İsrailə raketlərlə zərbələr endirəcək. Bundan əlavə, ABŞ-nin Fars körfəzində və Hind okeanında gəmiləri raketlərə tuş gələ bilər. İranın cavab tədbirləri güclü olsa da, ABŞ və İsrailin güclü hücumu qarşısında 20 gün dayana bilər. 20 gün ərzində İranın hücumları fonunda İsraildə əhalinin yarısı ölkəni tərk edə bilər".

Politoloqun fikrincə, hazırda ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi-siyasi təzyiqlər təkcə Donald Trampın fərdi siyasi xətti kimi qiymətləndirilə bilməz:

"Bu, qlobal siyasi münasibətlər sisteminin transformasiyası ilə bağlıdır. Tramp administrasiyası beynəlxalq münasibətlər sistemini ABŞ-nin tam maraqları kontekstində yenidən dizayn etməyə çalışır. İrana qarşı tətbiq edilən təzyiqlərin əsas hədəfi Yaxın Şərqdə ABŞ-yə qarşı dayana biləcək istənilən güc mərkəzinin sıradan çıxarılmasıdır. Eyni zamanda İranın neft-qaz ehtiyatlarının dünya bazarına çıxarılması ilə Çin–Rusiya oxunun zəiflədilməsi də bu strategiyanın tərkib hissəsidir".

Politoloqun fikrincə, ABŞ–İran arasında aparılan diplomatik danışıqlar müharibə ssenarisini müəyyən müddətə təxirə sala bilər:

"Lakin İran üzərinə götürdüyü öhdəliklərə əməl etməzsə, hərbi müdaxilə ssenarisi yenidən gündəmə gələ bilər.

ABŞ İranın ali dini rəhbəri Əli Xameneinin istefasında maraqlıdır. Xameneinin hakimiyyətdən getməsi ABŞ üçün mümkün hərbi müdaxilədən imtina etmək və ya onu təxirə salmaq üçün əsas yarada bilər. Bu gün ABŞ ilə İran arasında mövcud olan kəskin ziddiyyətlərin və Tehranın radikal xarici siyasətinin əsas ideoloji dayağı məhz Əli Xameneidir.

Ə. Xamenei istefa verərsə, İranda mövcud siyasi sistemin dayaqları ciddi şəkildə sarsıla, ölkə daxilində yeni güc balansı formalaşa və İranın regional siyasətində köklü dəyişikliklər baş verə bilər".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR