Ermənistanda keçirilən parlament seçkiləri günündə Baş nazir Nikol Paşinyan ölkə iqtisadiyyatı və xarici ticarəti üçün tarixi dəyişiklik hesab olunacaq sensasion xəbəri ictimaiyyətə elan edib.
Musavat.com xəbər verir ki, hökumət başçısı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə keçirdiyi telefon danışığının təfərrüatlarını açıqlayaraq rəsmi İrəvanın Brüsseldən böyük iqtisadi güzəştlər qazandığını bəyan edib.
Paşinyan jurnalistlərə verdiyi açıqlamada Avropa İttifaqı tərəfindən Ermənistana fövqəladə maliyyə və ticarət dəstəyinin veriləcəyini vurğulayıb: "Ən mühüm və xoş xəbər ondan ibarətdir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mənimlə telefon danışığında kənd təsərrüfatı və digər məhsulların ixracı ilə bağlı süni şəkildə yaradılmış problemlərin subsidiyalaşdırılması üçün Ermənistana təcili olaraq 50 milyon avro məbləğində maliyyə yardımı ayrılacağını bildirdi".
Baş nazir çıxışında Brüsseldən gələn ən səs-küylü qərarı da diqqətə çatdırıb. Onun sözlərinə görə, fon der Lyayen erməni iqtisadiyyatını tamamilə Avropa bazarına inteqrasiya edəcək yeni rejimin tətbiq olunacağını təsdiqləyib: "Xanım sədr daha bir çox mühüm məlumatı çatdırdı. Belə ki, Ermənistan Respublikasının kənd təsərrüfatı məhsulları bundan sonra Avropa İttifaqına tamamilə gömrük rüsumları ödənilmədən ixrac ediləcək. Yəni, məhsullarımız Avropa bazarında tam azad gömrük rejimi çərçivəsində satılacaq".
Musavat.com






