“Milləti birləşdirmək gücündə deyiləm”
Dünya şahmat tarixinin ən güclü qadın oyunçusu hesab edilən macar qrossmeyster Yudit Polqar Macarıstan prezidenti vəzifəsini tutmaq təklifini qəbul etməyib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Peter Macar ölkənin yeni prezidenti postuna məhz Yudit Polqarın namizədliyini irəli sürmüşdü. O, Polqarı istedadı, qətiyyəti və cəmiyyətdə qazandığı nüfuz səbəbindən ölkəni birləşdirə biləcək sima kimi təqdim etmişdi.
Lakin 49 yaşlı şahmat əfsanəsi sosial şəbəkə hesabında yaydığı açıqlamada bu məsuliyyəti üzərinə götürməyə hazır olmadığını bildirib: "Mənə göstərilən etimada görə sonsuz minnətdaram. Lakin bölünmüş bir milləti birləşdirmək kimi tarixi məsuliyyəti daşımaq üçün özümdə kifayət qədər güc hiss etmirəm. Buna görə də bu təklifi qəbul edə bilmərəm".
Qeyd edək ki, Yudit Polqar qadın şahmat tarixinin ən böyük siması hesab olunur. O, 15 yaşında qrossmeyster adını qazanaraq Bobbi Fişerin rekordunu yeniləmiş, karyerası ərzində Harri Kasparov da daxil olmaqla bir sıra dünya çempionlarını məğlub etmiş yeganə qadınlardan biri olub. Polqar qadınlar arasında 2700 Elo reytinq həddini keçən ilk və hələlik yeganə şahmatçıdır.
Yudit Polqarın qərarı sosial şəbəkələrdə və beynəlxalq mediada geniş rezonans doğurub. Bir çox şərhçilər bunu şəxsi ambisiyadan çox, dövlətçilik məsuliyyətinə realist yanaşmanın nümunəsi kimi qiymətləndirirlər.
E.Məmmədəliyev,
Musavat.com






