Türkiyənin ən böyük şəhəri İstanbulda qəfil başlayan güclü fırtına şəhərin gündəlik həyatını iflic edib. Şiddətli külək və əlverişsiz hava şəraiti xüsusilə hava nəqliyyatına ciddi təsir göstərib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü külək səbəbindən İstanbulun hava limanlarında təyyarələrin enişi çətinləşib. Pilotlar eniş zamanı təhlükəsizlik baxımından bir neçə dəfə manevr etmək məcburiyyətində qalıblar, bəzi təyyarələr isə eniş cəhdini dayandıraraq yenidən havaya qalxıb.
Ən mürəkkəb vəziyyət Sabiha Gökçən aeroportu ətrafında yaranıb. Burada yan küləyin sürətinin artması səbəbindən təyyarələrin uçuş-eniş zolağına təhlükəsiz yaxınlaşması çətinləşib. Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişin təyyarələrinin güclü küləyin təsiri altında eniş etməyə çalışdığı, lakin son anda ikinci dövrəyə keçdiyi əks olunub. Aviasiya mütəxəssisləri bildirirlər ki, belə qərarlar pilotlar tərəfindən sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilir və beynəlxalq aviasiya qaydalarına tam uyğundur.
Hava şəraitinin pisləşməsi nəticəsində çoxsaylı reyslər gecikib, bəzi təyyarələr isə alternativ hava limanlarına yönləndirilib. Hava limanlarında sərnişinlərin uçuşlarını gözləməsi səbəbindən sıxlıq yaranıb. Aviaşirkətlər sərnişinlərə hava limanına yollanmamışdan əvvəl reyslərinin vəziyyətini yoxlamağı tövsiyə edirlər.
Meteorologiya xidmətinin məlumatına görə, İstanbul və Mərmərə bölgəsində küləyin saatda 70-90 kilometr sürətə çatdığı, bəzi ərazilərdə isə daha güclü əsdiyi bildirilir. Sinoptiklər leysan yağışlarının da davam edəcəyini, bunun yerli daşqınlar, nəqliyyatda ləngimələr, ağacların aşması və dam örtüklərinin zədələnməsi riskini artırdığını qeyd edirlər.
İstanbul Valiliyi və aidiyyəti qurumlar vətəndaşlara zərurət olmadıqca açıq havaya çıxmamağı, tikinti sahələri, reklam lövhələri və iri ağacların yaxınlığında dayanmamağı tövsiyə edib. Dəniz nəqliyyatında da bəzi reyslərin təxirə salındığı və ya ləğv edildiyi bildirilir.
Hazırda fövqəladə hadisələr nəticəsində insan tələfatı barədə rəsmi məlumat verilməyib. Bununla belə, aidiyyəti qurumlar hava şəraitinin normallaşmasına qədər bütün xidmətlərin gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini açıqlayıblar.
Meteoroloqların proqnozuna əsasən, fırtınalı hava şəraitinin gün ərzində də davam edəcəyi gözlənilir. Mütəxəssislər İstanbul sakinlərini və şəhərə səfər etməyi planlaşdıran şəxsləri rəsmi xəbərdarlıqları diqqətlə izləməyə çağırırlar.
E.Məmmədəliyev,
Musavat.com






