Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksiy Smirnov ilə Azərbaycan vətəndaşı Ramil Aslanov arasındakı məhkəmə çəkişməsi yeni mərhələyə qədəm qoyub.
Musavat.com xəbər verir ki, tərəflər Xətai Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Yaxın günlərdə apellyasiya instansiyasında iş üzrə baxış iclasının keçiriləcəyi gözlənilir.
Münaqişənin kökü 2025-ci il dekabrın 1-dən başlayır. Həmin tarixdə R.Aslanov yepiskop Aleksiy Smirnov və onun katibi D. Sveçnikov barəsində məhkəməyə müraciət edərək, din xadimlərinin xoşagəlməz əməllərə yol verdiyini iddia edib. R.Aslanovun rəsmi qurumlara və Moskva Patriarxiyasına şikayətlərindən sonra A.Smirnov da öz növbəsində məhkəməyə üz tutub.
Ramil Aslanovun sözlərinə görə, yepiskop Smirnovun bu addımı onun haqqında Moskva Patriarxiyasına ünvanlanan şikayətlərin qarşısını almaq məqsədi daşıyır:
"Əgər Aleksiy Smirnov ədalətli din xadimidirsə, məsələni məhkəməsiz həll edərdi. Onun mənəvi baxımdan ədaləti bərpa etmək imkanı var idi. Lakin o, buna üstünlük verməmiş, əksinə, məhkəmələrə müxtəlif yollarla təsit etməyə çalışmışdır. Cəmi 1 ildir Azərbaycana gələn və yenicə Azərbaycan vətəndaşlığını alan Aleksiy Smirnov mental dəyərlərimizi öyrənmək əvəzinə hüquqi təzyiq yolunu seçir. Görünür ki, o, müəyyən qüvvələrlə birgə vətəndaşın Zati-Aliləri Patriarx Kirilə rəsmi şikayətini məhkəmə müstəvisinə daşımaqla haqq-ədalətin yuxarı instansiyalara çatmasına mane olmaq istəyir. Belə əməllər edən şəxs hər hansı dini və ya ədalətli strukturda rəhbər vəzifəyə layiq deyil".
R.Aslanov əlavə edib ki, şikayət etmək və irad bildirmək hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur və bu hüquqa təzyiq göstərmək ədalət anlayışına ziddir.
Ramil Aslanov Xətai Rayon Məhkəməsində baxılan e-2(011)-8915/2025 saylı iş üzrə 15.05.2026-cı il tarixli qətnamədən və işi aparan hakim Leyla Şövkətli-Mənsimlidən də narazılığını ifadə edib. O bildirib ki, hakim proses zamanı ciddi prosedur pozuntularına yol verib və hüquq-mühafizə orqanlarının təqdim etdiyi mühüm sənədləri görməzdən gəlib:
BŞBPİ-nın rəsmi məktubu: DİN Bakı Şəhər Baş Polis İdarəsinin 23.12.2025-ci il tarixli (№ 3-13-44-2/2-A-62013) sənədi; Nəsimi RPİ-nin rəsmi məktubu: Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21.02.2026-cı il tarixli (№ 3-13-51/2-14885) sənədi.
R.Aslanovun sözlərinə görə, katib D. Sveçnikov barəsində olan bu rəsmi dövlət sənədləri və faktlar məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməyib:
"Məhkəmə icra və hüquq-mühafizə orqanlarının təqdim etdiyi faktlara göz yuma bilməz. Məhkəmə vətəndaş üçün son ümid yeridir. Əgər rəsmi dövlət qurumunun təqdim etdiyi faktlar kənara qoyulursa, bu artıq sadə səhv deyil, ədalət mühakiməsinə olan inamı sarsıdan ciddi haldır. 15.05.2026-cı il tarixli qətnamənin hansı əsasla qəbul edildiyi ciddi şübhələr doğurur."
Şikayətçi Ramil Aslanov vurğulayıb ki, yaranmış vəziyyətlə bağlı Zati-Aliləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirilə yenidən rəsmi müraciət ünvanlayacaq.
Tərəflərin Bakı Apellyasiya Məhkəməsindəki çəkişməsinin gedişatı və gözlənilən baxış iclasının təfərrüatları barədə oxucularımıza əlavə məlumat veriləcək.
E.Məmmədəliyev,
Musavat.com






