Ukrayna müharibədə yeni taktikaya keçib və artıq əsas məqsədlərdən biri Rusiyanın arxa cəbhəsində normal iqtisadi həyatı pozaraq savaşın nəticələrini mümkün qədər geniş əhali kütləsinə hiss etdirməkdir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rusiyalı politoloq Abbas Qallyamov qələmə aldığı məqalədə yazıb.
Qallyamovun fikrincə, 2023-cü ildə cəbhə xəttini sabitləşdirdikdən sonra genişmiqyaslı əks-hücuma cəhd edən Ukrayna indi fərqli yol seçir. Kiyev daha böyük canlı qüvvə itkisinə getmək əvəzinə Rusiyanın iqtisadi həyatına təsir göstərə biləcək zərbələrə üstünlük verir.
Politoloq xüsusilə yanacaq və internet ticarəti kimi sahələri qeyd edir. Onun fikrincə, məhz bu sektorların fəaliyyətində problemlər yaranması mümkün qədər çox sıravi Rusiya vətəndaşının gündəlik həyatına təsir edə bilər.
Qallyamov hesab edir ki, Ukrayna rəhbərliyinin yanaşmasına görə, müharibəni aparan siyasi rejimin sosial bazası da savaşın nəticələrini öz üzərində hiss etməlidir.
Müəllif burada maraqlı məqama diqqət çəkir. Onun fikrincə, belə taktika müəyyən mənada Rusiya cəmiyyətinin proseslərə təsir etmək qabiliyyətinə inamın göstəricisidir. İnternetdə rusiyalıların siyasi passivliyi ilə bağlı ittihamların geniş yayılmasına baxmayaraq, Qallyamovun qənaətinə görə, Kiyev görünür hələ də Rusiya sakinlərinin sözünü deyərək müharibənin dayandırılmasına təsir göstərə biləcəyinə inanır.
Politoloq bununla yanaşı ciddi ziddiyyətin olduğunu da etiraf edir. Onun sözlərinə görə, Putin Rusiyası siyasi qərarların qəbulunda əhalinin mövqeyini nəzərə almayan avtoritar sistemdir. Bu baxımdan rəhbərliyin qərarlarına təsir etmək imkanları məhdud olan sıravi insanların həmin qərarların nəticələrinə görə əziyyət çəkməsi ədalətli sayıla bilməz.
Lakin Qallyamov hesab edir ki, Rusiya təbliğatı illər ərzində cəmiyyətin müharibəni geniş şəkildə dəstəklədiyi görüntüsünü yaradıb. Bunun nəticəsində xaricdə Rusiya əhalisi getdikcə yalnız hakimiyyətin siyasətinin obyekti deyil, həm də onun sosial dayağı kimi qəbul olunmağa başlayıb.
“Bu müharibə onların adından və onların razılığı ilə aparılır” təsəvvürünün formalaşdığını vurğulayan politoloq bildirir ki, məhz belə siyasi mənzərə Rusiyanın arxa cəbhəsində iqtisadi obyektlərə zərbələrin ayrıca məna qazanmasına gətirib çıxarıb.
Qallyamov sonda sərt istehza ilə müharibənin nəticələrindən əziyyət çəkən rusiyalılara vaxtilə avtomobilinə “Z” işarəsi yapışdıraraq Kiyevə zərbələri açıq şəkildə alqışlayan qonşularını xatırlamağı təklif edir. Onun fikrincə, müharibəyə ictimai dəstək görüntüsünün yaranmasına məhz belə davranışlar kömək edib.
Musavat.com






