İnsanlar arasında “dünyaya gəlməzdən əvvəl valideynlərimizi özümüz seçirik” kimi müxtəlif fikirlər dolaşır. Bəziləri bu düşüncəni mənəvi və ruhani həqiqət kimi qəbul etsə də, digərləri onun İslam dinində heç bir əsası olmadığını bildirirlər.
Maraqlıdır, bu iddia İslam dinində öz təsdiqini tapırmı, yoxsa sadəcə dini əsası olmayan bir düşüncədir?
Dinşünas Tural İrfan Demokrat.az-a açıqlamasında bildirib ki, insanın dünyaya gəlməzdən əvvəl valideynlərini özü seçməsi ilə bağlı fikirlər yanlışdır və bunun İslam dinində heç bir əsası yoxdur:
“Son dövrlərdə İslam dinini təhrif etmək, müsəlmanları parçalamaq və yanlış əqidələrə yönəltmək məqsədilə xarici təsirlərin artdığı müşahidə olunur. Bu cür fikirlər müsəlman ölkələrində də yayılır və nəticədə insanlar arasında inanc baxımından parçalanma yaranır. Bir-birinə zidd inancların yayılması həmrəyliyə və birliyə mənfi təsir göstərir. Təbii ki, fərqli düşüncələrin və ənənəvi əqidələrin ifadə olunmasına maneə yoxdur. Lakin bu kimi iddialar zərərli vərdiş kimidir, insanlarda şübhə yaradır və yanlış təsəvvür formalaşdırır”.
Tural İrfan əlavə edib ki, İslam inancına görə, insanın valideynləri Allah tərəfindən müəyyən olunur:
“Qurana əsasən, insan cismən yaradılmamışdan əvvəl ruhən yaradılıb. Yəni onun mənəvi və ruhani mahiyyəti cismani varlığından daha əvvələ aiddir. Allah bütün ruhlardan məcazi mənada əhd alıb, onlara necə yaşayacaqları ilə bağlı təlim və təlqin verib. Sonrakı mərhələdə isə insan cismani olaraq yaradılıb və həmin ruh fiziki bədənlə qovuşdurulub. Xilqət yalnız Allaha məxsus olduğuna görə, insanın bu məsələdə hər hansı seçim və ya ixtiyarı yoxdur. Bunu qəti şəkildə mütləq Yaradan olan Allah müəyyən edir. Şüur və azad seçim qabiliyyəti insan dünyaya gəldikdən xeyli sonra formalaşır və inkişaf edir. Dünyaya gəlməzdən əvvəl isə şüurlu seçim anlayışından danışmaq yalnız təxəyyül məhsuludur. İnsanın həm dünyaya gəlməzdən əvvəlki, həm də dünyadan köçdükdən sonrakı mərhələlər onun ixtiyarında deyil. Həmin dövrlərdə şüurlu və azad seçim etməsi üçün heç bir imkanı yoxdur”.






