“Bakubus” un sürücüsü ana-uşağı maşına minməyə qoymayıb, çünki uşağın skuteri var imiş. Videosübut yayılandan sonra idarə vətəndaşdan üzr istədi. Deyir, 60 santimetrə qədər ölçüsü olan əşyaları avtobusda aparmağa icazə var, sürücü səhv qərar verib, onu cəzalandıracağıq və sairə.
Doğrudan da, videodan aydın görünürdü ki, uşaq və skuter kiçikdir, içəridə kimsəyə maneçilik törətməzdi. Uşaq özü, yalan olmasın, 60 santimetrə güclə çatırdı. Digər tərəfdən, nə qədər idiot olmalısan ki, içərisində uşaq arabası və əlil arabası qoyulması nəzərdə tutulan ictimai nəqliyyata uşaq skuterini buraxmayasan? Bütün dünyada ictimai nəqliyyatda velosiped belə aparırlar.
Ancaq hörmətli oxucular bilir ki, ortada başqa hansısa məsələ olmasaydı bu mövzu mənim diqqətimi çəkməzdi – hər gün ictimai nəqliyyatımızda belə süpürləşmə və ağızlaşmalar yetərincədir. Məni avtobusa minməyə qoyulmayan ana-balaya dəstək vermək cəhənnəm, onları tənqid edən sərnişin(lər) düşündürdü. Videoda onlardan ən azı birinin cırıltılı səsi eşidilirdi, anaya hətta “sənin başın xarabdır” tipli irad tuturdu.
Öncə qeyd edim ki, dinə inanmıram, ancaq böyük ümid bəslədiyim şeylərdən biri cəhənnəmin ən isti bucağında belə ictimai diskussiyalara bildi-bilmədi soxulan və adətən iqtidar nümayəndəsini, güclünü, zoru dəstəkləyən tiplərə xüsusi bron yerlərin ayrılmasıdır. Bu yaxında 91 saylı avtobusda beləsinin birini canlı gördüm.
Binəqədidə, sonuncu dayanacaqda marşruta minmişik, istidən avtobus qaynayır və kondisioner işləmir. Sərnişinlərdən biri bunu sürücüyə bildirdi, o da dedi səbəbi... mənə məlum deyil, bayaq çalışırdı və sairə. Məsafə qısa olsa bəlkə dözmək mümkündür, lakin marşrut Beynəlxalq Avtovağzala qədər, hardasa 10 kilometr getməlidir. İşin ən tragikomik tərəfi isə pəncərələrin də bağlı olması idi, çünki şüşələri xüsusi, əldəqayırma dəmirlə korpusa bərkitmişdilər! Bunun sərnişindaşıma qaydalarına, təhlükəsizliyə uyğunsuzluğunu heç düşünməyə dəyməz. Ancaq ən dilxor edəni burada da “iqtidar tərəfdarının” (sürücü də yerinə görə bir iqtidar yiyəsidir əslində, dırnaq işarəsi artıq idi) olmasıydı. Bir zənən xeylağı özünə əl qatmışdı, sürücünü müdafiə edirdi. Deyirdi, iradlarınızı astadan bildirin, bunun günahı yoxdur, yaxşı olar yazılı ərizə ilə müraciət edəsiniz və sairə. Şikayətçilərdən biri dözməyib hətta belə dedi: “Xanım, siz bu sürücü ilə tələbə yoldaşı olmamısınız?” Yekun qərarımız belə oldu ki, mümkün deyil, bunlar heç dörd illik rus-tatar məktəbini də bitirənə oxşamır.
İndiki skuter əhvalatında “Bakubus” üzr istəyib, ancaq o sürücüyə dəstək verən yaramazlar haradadır? Onları tapmaq mümkün deyil. Onlar heç kimdən üzr istəmədən öz parazit ömürlərini sürəcəklər, orda-burda xalqa mız qoymağa, ictimai trolluq etməyə davam edəcəklər.
Bəlkə sizə, əziz oxucular, bir az şişirtmə kimi görünəcək, ancaq bizim xalq olaraq bir çox problemlərimizin qalmağının, çözülməməyinin, əlacsızlığımızın səbəbkarı elə “yolüstü dəstəkçilər”dir. Onlara görə bizi avtobusdan düşürdürlər, suyumuzu kəsirlər, uşaq pulumuzu vermirlər, ərzağı bahalaşdırır, həyatımızı ucuzlaşdırır, seçkimizi saxtalaşdırırlar. Ştatlı dəstəkçiləri bəlkə anlamaq olar, camaat maaş alır buna görə, ən pisi zorakılığa, yanlışlığa, pisliyə pulsuz, müftə, yalnız yaltaqlanmaq üçün dəstək verənlərdir. Belə söylədi Zamin.
Sonda bir hədis yazaq, təxminən bu temadadır: “İnsan dörd cür olar. Biri səxavətlidir – həm özü yeyir, həm başqalarına verir. Biri kərimdir – özü yeməz, başqalarına verər. Biri simicdir – özü yeyər, başqasına verməz. Nəhayət, ən pisi ləimdir – nə özü yeyər, nə başqasına verər”.
Qeyd: ləim - ərəbcə alçaq deməkdir.






