Qərb ölkələri Kremlin son davranışlarını Ukrayna müharibəsinin daha da uzana biləcəyinə yönəlik real əlamətlər kimi qəbul etməyə başlayıblar... Ona görə də, kollektiv Qərbin Ukraynaya hərbi yardımları artıracağı, Rusiyaya qarşı əlavə sərt sanksiyalar və NATO-nun şərq cinahında təhlükəsizliyin gücləndiriləcəyi qətiyyən istisna deyil...
Ukrayna savaşında Rusiya olduqca ağır duruma düşüb və canlı qüvvə itkiləri isə sürətlə artmağa başlayıb. Ona görə də, hazırda Rusiyanın siyasi rəhbərliyi ölkədə ümumi səfərbərliyin qaçılmaz olduğu qənaətinə çox yaxındır. Kremı bu məsələ ilə bağlı artıq həm hüquqi bazanı genişləndirməyə çalışır, həm də Rusiyanı gözləyən ölkədaxili risklərdən yayınmaq üçün müəyyən qabaqlayıcı addımlar atır. Hər halda, Rusiyada son vaxtlar qəbul edilən bəzi qanunlar və təhlükəsizlik strukturlarının səlahiyyətlərinin genişləndirilməsi Kremlin mümkün ümumi səfərbərlik ssenarilərinə hazırlaşdığı barədə mülahizələrə yol açmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya Dövlət Dumasının məhkumluğu olan, o cümlədən də qaçaqmalçılıq, təhlükəli maddələrin qanunsuz dövriyyəsi və bəzi mütəşəkkil cinayətlərlə bağlı məhkum edilmiş şəxslərin xüsusi dövrlərdə Müdafiə Nazirliyi ilə müqavilə bağlamasına imkan verən qanun layihəsini qəbul edib. Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəhbəri Viktor Qoremıkin də etiraf edib ki, bu dəyişiklik ordunun şəxsi heyət ehtiyatını genişləndirməyə xidmət edir. Və onun fikrincə, bu, Ukraynadakı müharibə üçün Rusiya ordusuna əlavə canlı qüvvənin cəlb edilməsini ciddi şəkildə asanlaşdıracaq.

Təbii ki, bu yeni qərar ilk növbədə Kremlin üçün könüllülərin sayının əvvəlki səviyyədə saxlanılmasının getdikcə, çətinləşdiyini dolayısı ilə göstərmiş olur. Belə ki, Ukrayna müharibəsinin uzanmasına paralel olaraq, canlı qüvvə itkilərinin kompensasiya olunması üçün daha geniş sosial qrupların hərbi xidmətə cəlb edilməsi, Kremlin mümkün seçim imkanlarını daha da artırmağa hesablanmış addım təsiri bağışlayır. Digər tərəfdən isə Federal Milli Qvardiya Xidməti müharibə, hərbi vəziyyət və səfərbərlik dövründə "Rosqvardiya"nın fəaliyyət qaydalarını yeniləməyi təklif edib.
Ancaq bu barədə hazırlanmış qanun layihəsi ilk dəfə olaraq, ümumi səfərbərlik dövründə yarana biləcək təhlükələrə qarşı xüsusi hazırlıq mexanizmlərini də nəzərdə tutur. Qərb analitiklərinin qənaətinə görə, bu önəmli dəyişikliklər yalnız xarici təhlükələrə deyil, eyni zamanda, həm də Rusiya daxilində yarana biləcək etiraz aksiyalarına və ictimai sabitliyin pozulma ehtimalına hesablanıb. Və bütün bunlar Kremlin hazırda Rusiya üçün olduqca təhlükəli ola biləcək mərhələyə hazırlaşdığını göstərir.
Əslində, Kreml son illərdə mərhələli şəkildə belə təhlükələrə qarşı hüquqi baza formalaşdırmaqdaydı. Belə ki, daha əvvəl qəbul edilmiş qanunlarla ehtiyatda olan hərbçilərin rəsmi ümumi səfərbərlik elan edilmədən döyüş bölgələrinə göndərilməsi mümkün olmuşdu. İndi isə həm hərbi kontingentin genişləndirilməsi, həm də ölkədaxili təhlükəsizlik sisteminin gücləndirilməsi paralel şəkildə reallaşdırılır. Və bu isə Kremlin ehtimal olunan müxtəlif təhlükəli ssenarilərə əvvəlcədən hazırlaşmaq istədiyini göstərən əlamətlərdən biri kimi qəbul olunur.

Maraqlıdır ki, Rusiyada mümkün ümumi səfərbərlik hazırlığı barədə iddialar hazırda bir neçə hüquqi və institusional dəyişikliklərlə əsaslandırılır. Birincisi, hərbi xidmətə qəbul oluna biləcək şəxslərin dairəsi genişləndirilir. Yəni, əgər, əvvəllər ciddi məhdudiyyətlər mövcud idisə, indi müəyyən kateqoriyadan olan məhkumların da müqavilə əsasında orduya cəlb edilməsinə geniş şərait yaradılır.
İkincisi, "Rosqvardiya"nın funksiyalarının genişləndirilməsi Kremlin ölkədaxili təhlükəsizlik sistemini mümkün böhran şəraitinə uyğunlaşdırmağa çalışdığını göstərir. Belə ki, bu hərbi strukturun əsas missiyası ölkədaxili sabitliyi qorumaq olduğundan, onun ümumi səfərbərlik dövrünə uyğun hazırlanması ictimai narazılıqların əvvəlcədən nəzərə alındığını göstərən əsas əlamət hesab olunur. Nəhayət üçüncüsü, əvvəlki illərdə qəbul edilən qanunlara paralel olaraq, bu dəyişikliklər həm də Rusiyanın müharibə iqtisadiyyatı və uzunmüddətli hərbi qarşıdurma modelinə uyğun idarəetmə mexanizmi qurduğunu da göstərir.
Onu da nəzərə almaq lazımdır ki, 2022-ci ildə elan olunan qismən səfərbərlik Rusiyada ciddi ölkədaxili narazılıqlar yaratmışdı. Belə ki, onminlərlə insan ölkəni tərk etmişdi, müxtəlif regionlarda etiraz aksiyaları keçirilmişdi. Ona görə də, Kreml yeni səfərbərlik qərarının siyasi nəticələrini indi daha diqqətlə hesablamaq məcburiyyətində qalmış kimi görünür. Çünki bəzi ehtimallara görə, rəsmi ümumi səfərbərlik elan olunacağı təqdirdə, Rusiya cəmiyyətində narazılıq yenidən dərinləşə, hərbi xidmətə çağırışdan yayınmaq istəyənlərin sayı arta, ölkə iqtisadiyyatı əmək bazarında əlavə çətinliklərlə üzləşə və hakimiyyət daxili təhlükəsizlik tədbirlərini daha da sərtləşdirmək məcburiyyətində qala bilər.

Digər tərəfdənsə, Kreml uzun müddətdir ki, dövlət mediası vasitəsilə Ukrayna ilə müharibəni Rusiya üçün milli təhlükəsizlik məsələsi olduğunu təlqin etməkdədir. Bu ölkədaxili informasiya siyasəti Kremlə yönəlik ictimai dəstəyi müəyyən qədər qorusa da, uzunmüddətli müharibənin sosial və iqtisadi yükü Putin hakimiyyəti üçün olduqca ciddi risk olaraq, qalmaqdadır. Halbuki, bütün bunlara paralel olaraq, əgər, prezident Vladimir Putin yeni ümumi səfərbərlik elan edərsə, bu, Rusiyanın canlı qüvvə ehtiyatını artıraraq, cəbhədəki rotasiya imkanlarını da genişləndirə bilər. Və nəticədə, xüsusilə də daha uzunmüddətli hücum əməliyyatlarının davam etdirilməsi baxımından, Rusiya ordusunun hərbi potensialı müəyyən qədər güclənmiş olar.
Ancaq Rusiya ordusunda şəxsi heyətin sayının artırılması da Ukrayna müharibəsinin taleyini müəyyənləşdirə biləcək əsas faktor hesab olunmur. Çünki müasir müharibələrdə ordunun döyüş hazırlığının səviyyəsi, silah-sursat təminatı, logistika, PUA sistemləri və komanda-idarəetmə imkanları da həlledici rol oynayan faktorlar sırasına daxildir. Ona görə də, Kremlin planlaşdıraraq, ciddi şəkildə hazırlaşdığı əlavə səfərbərlik də avtomatik şəkildə Rusiyanın savaş meydanında hərbi-strateji üstünlük qazana biləcəyi anlamına gəlmir.
Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Qərb ölkələri Kremlin son addımlarını Ukrayna müharibəsinin daha da uzanacağına yönəlik real əlamətlər kimi də qiymətləndirə bilərlər. Bu haldasa, kollektiv Qərb tərəfindən Ukraynaya hərbi yardımların artırılması, Rusiyaya qarşı əlavə sanksiyalar və NATO-nun şərq cinahında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qaçılmaz xarakter daşıyacaq. Bu baxımdan, Qərb ölkələrinin son baş verənlərə reaksiyasının ilk növbədə, Rusiyanın savaş meydanındakı vəziyyətindən və Kremlin ölkədaxili siyasi riskləri necə qiymətləndirməsindən asılı ola biləcəyi də qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu







