ABŞ prezidenti Donald Tramp Yəməndəki husilərin Qırmızı dənizdə mülki gəmilərə hücumlarını davam etdirəcəyi təqdirdə Vaşinqtonun buna görə məsuliyyəti birbaşa İranın üzərinə qoyacağını bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, bir il əvvəl ABŞ kommersiya gəmiçiliyinə hücumlara cavab olaraq husilərin mövqələrinə güclü zərbələr endirib.
O qeyd edib ki, bundan sonra, eləcə də İranla münaqişə zamanı qruplaşma "məsuliyyətlə davranıb".
Lakin ABŞ liderinin iddia etdiyinə görə, ötən gün axşam husilər yenidən Səudiyyə Ərəbistanına məxsus iki gəmiyə hücum ediblər.
"Əgər onlar bunu bir daha etsələr, ABŞ məsuliyyəti İranın üzərinə qoyacaq, çünki husilər İranın əlaltısı və etibarlı nümayəndəsidir. Həm İrana, həm də husilərə qarşı ciddi hərbi cəza tədbirləri tətbiq ediləcək", - deyə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
ABŞ prezidenti husilərin əməllərindən məyus olduğunu bildirib. O əlavə edib ki, əvvəllər bu qruplaşma onun qənaətincə "çox peşəkar və ağıllı davranırdı".
Musavat.com






