İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzu Nağıyev Rauf Arifoğlu barədə danışdı: “Öz səmt küləyini seçmiş, hara lövbər salacağını bilən adamdır” VİDEO

206 23.07.2026 20:06 Ölkə A A

Yeni Müsavat Media Qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə təbriklər davam edir.

Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı Arzu Nağıyev yubiley münasibətilə Rauf Arifoğlu haqqında səmimi xatirələrini bölüşüb, onun şəxsiyyəti, peşəkar fəaliyyəti və həyat yolu barədə fikirlərini səsləndirib.

Deputat bildirib ki, Rauf Arifoğlunu hər zaman öz yolunu və prinsiplərini dəqiq müəyyənləşdirən insan kimi tanıyıb. Onun sözlərinə görə, həyatda uğurun əsas şərtlərindən biri insanın istiqamətini düzgün seçməsidir:

“Əgər gəmi bilmirsə hansı sahilə lövbər salacaq, heç bir səmt küləyi ona kömək eləmir. Mən belə düşünürəm ki, Rauf öz səmt küləyini seçmiş adamdır. Əgər Rauf haqqında film çəksəm, onu məhz öz səmt küləyini seçmiş və hara lövbər salacağını əvvəlcədən bilən bir insan kimi təqdim edərdim.”

Arzu Nağıyev qeyd edib ki, onların tanışlığı uzun illərə söykənir. Uşaqlıq illərindən ailələrinin bir-birini tanıdığını deyən deputat, aralarında hər zaman səmimi münasibətlərin mövcud olduğunu vurğulayıb.

Deputat bildirib ki, Rauf Arifoğlu jurnalistika təhsili almamasına baxmayaraq, Azərbaycan mediasında özünəməxsus dəst-xətti formalaşdırıb və peşəkarlığı ilə seçilən simalardan birinə çevrilib. Onun sözlərinə görə, Rauf Arifoğlunun əsas üstünlüklərindən biri insanları düzgün tanımaq və onlarla uyğun ünsiyyət qurmaq bacarığıdır.

“Raufun ən gözəl xüsusiyyətlərindən biri odur ki, qarşısındakı insanı başa düşür, onun kim olduğunu dərk edir və ona uyğun olaraq söhbətini qurmağı bacarır.”

Arzu Nağıyev çıxışında doğulduqları Tovuz rayonunun uzun illər Ermənistanla sərhəddə yerləşən ən həssas bölgələrdən biri olduğunu da xatırladıb. O bildirib ki, həmin çətin illərdə Rauf Arifoğlu və onun ətrafında olan insanlar doğma torpaqların qorunması istiqamətində öz töhfələrini veriblər.

“Acınacaqlı günlər də olub. Tovuz 69 kilometr Ermənistanla sərhəddə yerləşir. O illərdə Raufun və onun ətrafında olan şəxslərin həmin torpaqların qorunmasında da rolu olub.”

Millət vəkili sonda yubilyara ən xoş arzularını çatdıraraq, ona ilk növbədə sağlam ömür arzulayıb. O, Rauf Arifoğlunun nəvə sahibi olmasını da ürəkdən istədiyini bildirib və fikirlərini Həzrət Məhəmmədin (s.ə.s.) məşhur kəlamı ilə tamamlayıb:

“Raufun ən böyük arzularımdan biri odur ki, baba olsun, o hissləri yaşasın, eyni zamanda sağlam olsun. Məhəmməd peyğəmbərin bir sözü var: ‘Mənə rəhmət oxudacaq üç amil var: elmim, əməlim və övladlarım.’ Mən arzulayıram ki, insanlar həmişə onun övladlarını görəndə desinlər: ‘Sənin atan yaxşı kişi olub.’ Bundan gözəl arzu yoxdur.”

Arzu Nağıyevin səmimi fikirləri Rauf Arifoğlunun həm peşəkar jurnalist, həm də dostluğa, ailəyə və milli dəyərlərə bağlı bir insan kimi ətrafında qazandığı hörmətin daha bir ifadəsi kimi dəyərləndirilir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR