İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunda 7 ayda 30 hərbçi ölüb – heç biri döyüş olayı deyil

230 23.07.2026 21:20 Dünya A A

2026-cı ilin ilk 7 ayı ərzində Ermənistan ordusunda 30 hərbçinin ölümü qeydə alınıb. Diqqətçəkən məqam bütün ölüm hallarının qeyri-döyüş şəraitində baş verməsidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin araşdırmasında bildirilir.

Təşkilatın məlumatına görə, 30 ölüm hadisəsindən 11-i rəsmi olaraq hərbi xidmətlə əlaqəli, 19-u isə hərbi xidmətlə əlaqəsi olmayan hadisə kimi təsnif edilib.

Sonuncu hadisə iyulun 21-də baş verib. Hərbçinin ölümü ilə əlaqədar onun ehtiyatsızlıqdan intihara sövq edilməsi maddəsi üzrə cinayət işi başlanıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, ölən hərbçinin iki xidmət yoldaşı – kiçik çavuş və sıravi hərbçi saxlanılıb. Onların həbs edilməsi üçün məhkəməyə vəsatət təqdim olunub.

Helsinki Vətəndaş Assambleyasının hesablamalarına görə, bu il qeydə alınan 30 ölümün 11-i, yəni təxminən 37 faizi intihar və qətllərin payına düşür. Səkkiz intihar hadisəsindən altısı, üç qətldən isə ikisi hərbi xidmətlə əlaqəli hesab olunub.

Təşkilat Ermənistan dövlət qurumlarının ölüm hallarını “hərbi xidmətlə əlaqəli” və “hərbi xidmətlə əlaqəsi olmayan” kateqoriyalara bölməsini də tənqid edir. Hüquq müdafiəçilərinin fikrincə, hərbçinin harada və hansı şəraitdə ölməsindən asılı olmayaraq, xidmət dövründə baş verən hər ölüm Silahlı Qüvvələrin itkisi kimi qiymətləndirilməlidir.

Araşdırmada daha bir mühüm məqama diqqət çəkilir: Ermənistan ordusunda təxminən iki il beş aydır atəşkəsin pozulması nəticəsində hərbçi ölümü qeydə alınmayıb. Son belə hadisə 2024-cü ilin fevralında baş verib.

Bununla belə, ordudakı ümumi ölüm hallarının, xüsusilə qeyri-döyüş itkilərinin uzunmüddətli statistikası ciddi problemlərin qaldığını göstərir.

Helsinki Vətəndaş Assambleyasının məlumatına görə, 2010–2017-ci illərdə Ermənistan Silahlı Qüvvələrində və keçmiş separatçı rejimin silahlı birləşmələrində 462 hərbçi ölüb. Bunlardan 163-ü döyüş, 299-u qeyri-döyüş şəraitində həyatını itirib.

2018–2025-ci illərdə isə ölən hərbçilərin sayı 511-ə çatıb. Onlardan 84-ü döyüş, 427-si isə qeyri-döyüş şəraitində ölüb.

Beləliklə, təşkilatın hesablamasına əsasən, 2018–2025-ci illərdə əvvəlki səkkiz illə müqayisədə ümumi ölüm hallarının sayı təxminən 11 faiz, qeyri-döyüş şəraitində ölüm hallarının sayı isə 45 faiz artıb.

2010–2017-ci illərdə qeyri-döyüş şəraitində ölən hərbçilərdən 131-i qətl və ya intihar nəticəsində həyatını itirib. 2018–2025-ci illərdə bu göstərici 120 olub.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi hesab edir ki, statistika Ermənistan Silahlı Qüvvələrində hərbçilərin həyat hüququnun qorunması sahəsində sistemli problemlərin qaldığını və təcili profilaktik və nəzarət tədbirlərinə ehtiyac olduğunu göstərir.

Qeyd edək ki, təşkilatın müqayisəli statistikasına 2016, 2022 və 2023-cü illərdə Azərbaycanla hərbi qarşıdurmalar zamanı baş vermiş döyüş itkiləri daxil edilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR