İnsanlara hürriyət, millətlərə istiqlal!

Belə evləri alanlar uduzur — Açıqlama

251 23.07.2026 01:22 Ölkə A A

Son illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir.

Mənzilin gələcəkdə bahalaşacağını göstərən əsas əlamətlər hansılardır və alıcılar seçim zamanı nələrə diqqət etməlidir?

Açıqlama verən əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, investisiya xarakterli əmlak yatırımı ilə yaşamaq üçün edilən əmlak yatırımını bir-birindən ayırmaq lazımdır:

“Əgər yaşayacağımız və ya istifadə edəcəyimiz bir əmlak bu, hətta bağ evi də ola bilər, axtarırıqsa, vəziyyət tamamilə dəyişir. Burada diqqət etməli olduğumuz məqamlar başqadır. Ən başda gələn məsələ əmlakın ailə üzvlərimizin mütəmadi vaxt keçirdiyi yerlərə yaxın olması və ya oraya bir marşrutla rahat gedib-gəlməyin mümkün olmasıdır. İkinci dərəcəli diqqət etməli olduğumuz məqam isə ailə üzvlərinin sayına uyğun yataq otaqlarının olmasıdır.

Keçək kapital yatırımı baxımından yanaşmaya. Əmlakın kapitallaşmasında əsas indikator əmlakın bugünkü qiyməti ilə onun illik kirayə gəlirinin nisbətidir. Yəni bu gün əmlakın qiyməti 100 min manatdırsa və onun illik kirayə gəliri 5 min manat təşkil edirsə, deməli, o, normal yatırım alətidir. Əgər illik gəlir 5 min manatdan çoxdursa, yaxşı yatırımdır. 5 min manatdan azdırsa, yatırım aləti olaraq zəifdir. Yəni 5% göstəricisi burada orta hədd sayılır.

Eyni zamanda diqqət edəcəyimiz məqamlardan digəri isə, əmlakı nağd, kreditlə, yoxsa hissəvi ödənişlə almağımız yatırım baxımından xüsusi düşünülməlidir. Maliyyədə “pulun zaman dəyəri” deyilən bir anlayış var. Əgər ölkədə effektiv inflyasiya təxminən 13% civarındadırsa və biz bundan daha aşağı faizlə ucuz kredit tapırıqsa, birmənalı olaraq yatırımı kreditlə etmək daha əlverişlidir. Hətta qiymətdə müəyyən fərq yaransa belə, hissəvi ödənişə üstünlük vermək lazımdır. Çünki inflyasiya mühitində gələcək ödənişlərin real dəyəri düşür”.

Ekspert əlavə edib ki, həmçinin, bir çox alıcı aldanaraq rəqabət üstünlüyünü sırf aşağı qiymətdə görür:

“Unutmaq olmaz ki, ən ucuz əmlak ən yaxşı əmlakdır demək deyil. Ucuzluğun arxasında çox vaxt ciddi gizli problemlər dayanır.

Əgər mənzil yeni başlayan bir layihədən alınırsa, şirkətin hüquqi sənədlərinə və keçmiş fəaliyyətinə baxılmalıdır. Bu şirkət indiyədək həyata keçirdiyi digər layihələri vaxtında təhvil veribmi, yoxsa gecikmələr olub? Bununla yanaşı, şəhərin və nəqliyyatın inkişaf istiqamətinə (metro, avtobus qovşaqları) diqqət yetirməklə yanaşı, ərazinin mövsümi riskləri də nəzərə alınmalıdır. Yağış mövsümündə həmin ərazini sel və ya su basırmı? Elektrik, qaz, su və kanalizasiya xətləri artan tələbatı ödəyəcək gücdədirmi? Çünki biz əmlakı bir mövsümlük deyil, bütün illər və mövsümlər üçün alırıq. Sonda çox vacib bir faktı da qeyd etmək istəyirəm. Çox zaman bəzi iqtisadçılar bilməyərəkdən passiv yatırım alətləri ilə aktiv yatırım alətlərini bir-birindən ayıra bilmir və onları qarışdırırlar. Aktiv yatırım o deməkdir ki, siz mütəmadi olaraq bu işlə məşğul olursunuz, zamanınızı sərf edirsiniz və risk edirsiniz. Əlbəttə, aktiv yatırımın riskləri ilə yanaşı, gəlirləri də böyük olur. Passiv yatırımda isə zərər etmə ehtimalınız çox aşağı olur, ya az xeyir götürürsünüz, ya da heç götürmürsünüz. Ən böyük risk də budur. Üstünlüyü isə ondan ibarətdir ki, siz buna mütəmadi vaxt sərf etmirsiniz. Yəni bir ev aldınız, onu icarəyə verdiniz. Hər gün gedib o evin qapısını açıb içəridə hansısa iş görmürsünüz. Kirayə vaxtı çatdıqca ödənişinizi alırsınız, yəni passiv gəlir əldə edirsiniz. Müvafiq olaraq, riski az olduğu üçün gəliri də aktiv yatırım alətlərindən aşağı olur. Əmlakı dəyərləndirərkən bu fərqə mütləq diqqət yetirmək lazımdır”.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR