İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın revanşist rəqibinə cinayət işi açıldı

521 23.07.2026 00:53 Dünya A A

Ermənistanda Azərbaycana qarşı sərt və revanşist çıxışları ilə tanınan, “Güclü Ermənistan” müxalif blokunun aparıcı simalarından Narek Karapetyan barəsində cinayət təqibinə başlanılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun nümayəndəsi məlumatı “Azadlıq” radiosunun erməni xidmətinə və “Armenpress” agentliyinə təsdiqləyib.

35 yaşlı Narek Karapetyan son parlament seçkilərində “Güclü Ermənistan” alyansının seçki siyahısına rəhbərlik edib və deputat mandatı qazanıb. O, Rusiyada böyük sərvət toplamış iş adamı və blokun lideri Samvel Karapetyanın qardaşı oğludur.

Narek Karapetyana qarşı insanların zor tətbiq etməklə və ya zor hədəsi ilə toplantıda iştiraka məcbur edilməsi, həmçinin xüsusilə külli miqdarda çirkli pulların yuyulması maddələri üzrə ittiham irəli sürülüb.

Deputat toxunulmazlığına malik Karapetyan barəsində cinayət təqibinə başlanması üçün əvvəlcə Ermənistan Mərkəzi Seçki Komissiyasının razılığı alınıb. Komissiya onun məsuliyyətə cəlb edilməsinə icazə versə də, həbsinə razılıq verməyib.

Prokurorluğun Narek Karapetyanla bağlı vəsatətinin Samvel Karapetyanın tərəfdarı Alik Aleksanyanın həbs olunduğu cinayət işi ilə əlaqəli olduğu bildirilir. Aleksanyan xüsusilə külli miqdarda çirkli pulların yuyulması və seçicilərin ələ alınmasında ittiham edilir.

Narek Karapetyanın əmisi Samvel Karapetyan isə hazırda Ermənistanda ev dustaqlığındadır. Ona hakimiyyətin ələ keçirilməsinə və konstitusiya quruluşunun devrilməsinə çağırış, eləcə də xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı ittihamlar irəli sürülüb.

Maraqlıdır ki, “Güclü Ermənistan” blokundan parlamentə seçilmiş şəxslərlə bağlı hüquqi problemlər bununla bitmir. İyulun 21-də deputat mandatı alan David Qazinyan və Hayk Sukiasyan da hazırda həbsdədirlər. Onlar seçkiqabağı dövrdə seçicilərə rüşvət paylamaqda ittiham olunurlar.

Beləliklə, Samvel Karapetyandan sonra onun siyasi komandasının əsas simalarından və yaxın qohumlarından biri olan Narek Karapetyan da Ermənistan hüquq-mühafizə orqanlarının hədəfinə çevrilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR