İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gəncin 60 yaşa çatması – o 60 ildə 600 ilin hadisəsi var

422 23.07.2026 08:00 Yazarlar A A

İki igidin ömrü qədər (42 il) öncəydi, Gəncə şəhərindəki eyni adlı çayın sağ sahilində, Pedaqoji İnstitutun həndəvərində, Qatır Məmmədin heykəlinin yaxınlığında yerləşən Qorki-44 ünvanındakı mənzildə yaşayan dostumuz İbrahimə baş çəkməyə gedəndə qapını üzümüzə arıq və hündürboy bir oğlan açdı. Onun əlində kitab vardı və şişmiş gözlərindən hiss olunurdu ki, oxumaqdan yorulub. O, Rauf Arifoğlu idi.

O zamanlar əlikitablı gənc görmək adi hal idi. Hamı mütləq nəsə oxuyurdu. Tələbələr də, müəllimlər də, şagirdlər də, hamı. Smartfonların icad edilmədiyi, tələbə hücrələrində televizorların olmadığı dövrdə kitab, jurnal, qəzet oxumaq həm maariflənmək üçün ideal vasitəydi, həm də vaxtı səmərəli keçirmək üçün.

Bu tanışlıqdan illər sonra Rauf Arifoğlunun imzasını şair Məmməd İsmayılın nəşr etdiyi, dövrün populyar jurnalı “Gənclik”də gördüm. Məqalənin sonundakı “Rauf Abbasov” imzasının kimə məxsus olduğunu mənə İbrahim dedi. Publisistik məqaləydi. İndiki terminlərlə desək, köşə yazısıydı. Məqalənin məzmunu beləydi ki, gənc məzun yol ayrıcındadır və ölkənin iqtisadiyyatını sarmış korrupsiya və rüşvətxorluq bataqlığına yuvarlanmaq istəmir, haqq-ədalətin, dürüstlüyün bərqərar olduğu mühitdə yaşamaq, işləmək istəyir.

O zamanlar ölkədə ən prestijli ixtisaslardan birinə (şərab texnoloqu) yiyələnmiş gənc məzun bir az irəli gedib “vinotdel” olmaq əvəsinə haqq-ədalət davası edirdi. Bilməyənlər üçün deyim ki, sovet dövründə şərab emalı zavodunda işləyən texnoloqların əli pulla oynayırdı.

Sonra Rauf bəylə yollarımız xalq hərəkatında kəsişdi. Yüz minlərlə başqaları kimi, biz də Qarabağın ölkəmizdən qoparılmamasını istəyirdik. İş elə gətirdi ki, bir qəzetdə işləyəsi olduq. Bu qəzetin ölkənin bir nömrəli, ən tirajlı qəzetinə çevrilməsinə çalışdıq, o günü gördük. Daha sonra, bəzən zarafatla dediyimiz kimi, Cənubi Qafqazın ən geniş auditoriyalı saytını yaratdıq.

“Yeni Müsavat”ın son 37 ildə qazandığı mətbu uğurlarda yüzlərlə başqa jurnalistin, əməkdaşın əməyi, imzası var, amma bu, danılmaz faktdır ki, əsas rol Rauf Arifoğluya məxsusdur. Onun yerində başqa biri olsaydı, bu qəzet nəinki böyüyüb media qrupuna çevrilər, hətta zamanın keşməkeşlərindən, dövrün təlatümlərindən salamat çıxa bilməz, onlarca başqa nəşrlər kimi bağlanıb gedərdi. Məsələn, zamanında “Yeni Müsavat”dan daha tirajlı olan qəzetlər siyasi burulğanlardan çıxa bilmədilər. Bunun səbəbləri çox ola bilər, amma bir amil barizdir. Bu, yaratdığı əsəri qoruyub saxlamaq, onun mövcudluğunu davam etdirmək istəyən şəxsin əzmi ilə bağlıdır.

Rauf Arifoğlu bu uğurlara işgüzarlığı, yorulmazlığı, dotələbliyi ilə nail olub. Erkən gəncliyindən bəri onda dincəlmək, hər şeyi öz axarına buraxıb rahatlaşmaq söhbəti yoxdur. Harada olursa-olsun, mütləq şəkil çəkəcək, informasiya toplayacaq, onları iş başında olan əməkdaşlara ötürəcək, daha sonra mətni təkmilləşdirəcək, daha çox oxucuya çatması üçün müxtəlif platformalarda paylaşacaq və s. Bəzən toy-nişan məclisində görürsən ki, o, tabağına qoyulan iki zeytunu yeyənə qədər Almaniyada çıxan “Süddeutsche Zeitung” qəzetindən nəsə bir xəbər tapdı, hazırladı. Allahdan, müasir texnoloji vasitələr (süni intellekt tətbiqləri, tərcümə platformaları, telefonda redaktə etmək imkanları və s.) də imkan verir və o, işləyir.

Bir dəfə dostlardan biri zarafatla dedi ki, milli futbol komandamızın baş məşqçisi Rauf olsa, bəlkə uğur qazanarıq. Dedik, Rauf bəy futbol mütəxəssisi deyil, futbolu da elə bizim qədər bilir. Adam dedi ki, o, işi yaxşı təşkil edər, ən yaxşı futbol mütəxəssislərindən ibarət komanda formalaşdırar, uğur qazanmağın ən optimal yollarını incələyər, futbolçuları gecə-gündüz məşq etdirər, axır ki, bir nəticə əldə edər.

Zarafatla deyilmiş bu fikirdə əsas həqiqət odur ki, Rauf Arifoğlu nəyisə təşkil etmək işini, qüvvələri, potensialı səfərbər etməyi, onları hədəfə doğru fokuslamağı gerçəkdən də yaxşı bacarır. Onun həmişə ehtiyat variantları olur və bu yaxşı, uğurlu menecer üçün əsas şərtlərdən biridir.

Onda situativ reallığı anındaca anlamaq, dövrün yeni çağırışlarına müsbət reaksiya vermək, yaxınlaşan təhlükəni sövq-təbii hiss etmək və ona qarşı tədbirlər görmək, özünü və yaxınlarını qorumaq üçün sona qədər mübarizə aparmaq kimi keyfiyyətlər də var.

İndi 42 il öncə gördüyüm əlikitablı oğlanın 60 yaşı tamam olur. Onun əlində yenə kitab, yazı-pozu var. Bu gündən durub üzü gerilərə baxanda adam bəzən zamanın necə sürətlə keçdiyinə heyrətlənir, amma bu keçən 60 ilə 600 ilin hadisəsi sığışar. Bu vaxt axarında R.Arifoğlunun ciddi təhlükələrdən sovuşduğu, mərhimiyyətlərə, məhdudiyyətlərə məruz qaldığı, həyatının tükdən asılı olduğu məqamlar çox olub. O sırada “bitmək bilməyən pis gün”lər, adama “Keçmiyor günlər, keçmiyor” şarkısı dinlətdirən aylar, “əfsanəli illər”, “ömrü yarıdan keçirən” qərinələr var.

Ona görə də bu yaşa çatmağın özü şükür ediləsi nailiyyətdir. Komandamızın liderinə isə əsas arzum cansağlığı və gümrahlıqdır, rəqəmlərə ifadə olunan ömür payının uzunluğunu isə özü bilər, Allahı bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR