İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücü istəsəydi belə qəzadan yayına bilməzdi - Bəraət qüvvəsində qaldı

166 23.07.2026 02:07 Ölkə A A

Bakı Apellyasiya Məhkəməsinin kollegiyası ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıağa Ağayev barəsində çıxarılmış bəraət hökmünü qüvvədə saxlayıb.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci
- yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını ehtiyatsızlıqdan pozma nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə baxılan cinayət işi üzrə prokurorun Sabunçu Rayon Məhkəməsinin bəraət hökmündən verdiyi apellyasiya protesti təmin edilməyib.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb. Beləliklə, Hacıağa Ağayev barəsində çıxarılmış bəraət hökmü qanuni qüvvəyə minib.

Cinayət işi üzrə aparılmış istintaq və məhkəmə araşdırmaları zamanı hadisənin bütün halları, o cümlədən ekspertiza rəyləri ətraflı qiymətləndirilib.

Ekspertiza rəylərinə əsasən, sürücü istəsə belə, yol-nəqliyyat hadisəsinin qarşısını almaq imkanına malik olmayıb.

Araşdırmaların nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlinib və bu əsasla bəraət hökmü çıxarılıb. Apellyasiya instansiyası da həmin nəticəni əsaslı hesab edib.

Qeyd edək ki, hadisə 2023-cü il oktyabrın 20-də Sabunçu rayonunda baş verib. Hacıağa Ağayevin idarə etdiyi yük avtomobili yolu keçən piyada Yusif Rəhimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Beləliklə, iki ildən artıq davam edən istintaq və məhkəmə araşdırmalarından sonra həm Sabunçu Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi sürücünün təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək onun barəsində bəraət hökmünü qüvvədə saxlayıb.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR