İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Türkiyənin arasına girən F-16 yasağı götürülür

8330 13.10.2022 18:45 Fotosessiya A A

 

Vaşinqton Türkiyəni itirmək istəmədi

Türkiyənin ABŞ-dan F-16 döyüş təyyarələrinin almasına məhdudiyyətlər gətirən şərtlər aradan qaldırılır. Ötən gün mətbuatda gedən məlumatlara görə, Senat2023-cü il üçün nəzərdə tutulan ABŞ Milli Müdafiə Səlahiyyəti Aktında (NNDA) Türkiyəyə F-16 təyyarələrinin satışına məhdudiyyət gətirən maddələri ləğv edib. Növbəti mərhələdə Nümayəndələr Palatası oxşar addımı atdıqdan sonra sənəd prezidentə təqdim edilməsi və prezident Bayden tərəfindən təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, 2023-cü il üçün nəzərdə tutulan ABŞ Milli Müdafiə Səlahiyyəti Aktında (NNDA) “F-16-ların və ya F-16 modernizasiya dəstlərinin Türkiyəyə verilməsi qarşısında iki şərt qoyulmuşdu. Bunlar təyyarələrin Yunanıstanın ərazi bütövlüyünün pozulmasında istifadə olunmaması və satışın ABŞ-ın marağına uyğun olmasını nəzərdə tutulurdu.

ABŞ-Türkiyə münasibətləri istiləşəcək ? - AKTUAL

Əslində isə bu məhdudiyyətin gerçək səbəbi ABŞ-Türkiyə münasibətlərində Obama dövründə başlayan soyuqluqlar və Türkiyənin Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemləri alması dayanırdı. 2019-cu ildə Türkiyənin Rusiyadan ilk S-400 partiyasını almasının ardınca ABŞ Türkiyəni 5-ci nəsil F-35 döyüş təyyarələrinin istehsalı və satışı layihəsindən çıxardı. 2000-ci illərin əvvəllərində yaradılmış F-35 konsorsiumunda Türkiyə də iştirak edirdi və Ankara F-35-lərin bir sıra detallarını da istehsal etməklə birlikdə 100 ədəd yeni döyüş təyyarəsi almalı idi. Ancaq S-400-lərin alınması və Ankara-Vaşinqton münasibətlərində yaranan soyuqluq Türkiyənin F-35 proqramından çıxarılması ilə nəticələndi. 

Türkiyə F-35 proqramından tamamilə uzaqlaşdırıldıqdan sonra Ankara bu dəfə ABŞ-da qalan F-35 üçün verilən 1,4 milyard dolların əvəzində ABŞ-dan F-16 döyüş təyyarələri almaq istədiyini elan etdi. Çünki Türkiyə uzun illərdir F-16 təyyarələri istifadə və istehsal edir. Yeni döyüş təyyarələri almaqdansa modenrləşmiş F-16 almaq Türkiyə üçün daha əlverişli idi. 

TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək F-16 təyyarələri  Azərbaycana gəldi - VİDEO | KONKRET

Qeyd edək ki, Türkiyə hərbi hava qüvvələrinin istifadəsində hazırda iki əsas döyüş təyyarələri var. Bunlar F-4 və F-16 döyüş təyyarələridir. Hazırda Türkiyədə 30-a yaxın F-4 təyyarəsi aktiv istifadə olunur. Hazırda Türkiyə ordusunun əsas hərbi hava gücünü F-16 təyyarələri təşkil edir. 

F-16 döyüş təyyarələri Türkiyə HHQ istifadəsinə 35 il əvvəl, 1987-ci ildə qəbul olunub. Eyni zamanda Türkiyə ABŞ-la anlaşma çərçivəsində TUSAŞ (Türk Uçak Sanayii Anonim Ortaklığı) tərəfindən F-16 təyyarələri istehsal etməyə başlayıb. Qeyd edək ki, hazırda dünyanın bir çox ölkələrində F-16-lar aktiv şəkildə istifadə olunur. Bu təyyarələrin modernləşmiş versiyaları ən müasir tələblərə cavab verir. İlk dəfə Blok-1 modeli adı ilə istehsal olunan F-16-ların hazırda modernləşmiş Blok-70/72 modelləri mövcuddur. Türkiyədə isə yalnız Blok-30 modelləri olub.

TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri  ölkəmizə gəlib

2000-ci illərin əvvəllərində Türkiyə HHQ-nin 12 hava donanmasında 240 ədəd F-16 təyyarəsi olub. 2012-ci ildə isə əlavə olaraq ABŞ-dan 30 ədəd F-16 alınıb. Hazırda Türkiyədə modernləşdirilmiş Blok-50 modelləri mövcuddur. Qeyd edək ki, F-16 3-cü nəsil döyüş təyyarələri olsa da, yenilənmiş ən son modelləri 4 və 4+ nəsil hesab olunur. Hazırda Türkiyənin ABŞ-dan alması nəzərdə tutulan F-16 Blok-70 döyüş təyyarələri 4-cü nəsil hesab olunur və yüksək sürətə malikdir.

Qeyd edək ki, bu dövrdə Türkiyə özü də milli döyüş təyyarəsi MMU (Milli Muharib Uçak) layihəsini başladıb. 2017-ci ildə elan olundu ki, TF-X döyüş təyyarələri iki motorlu olacaq. MMU layihəsi üzərində iş gedir.

Lakin yeni milli təyyarələr istehsal olunana qədər Türkiyə F-16-larla davam etmək niyyətindədir. Çünki bu təyyarələr hazırda mövcud dünya standartlarına cavab verir. Üstəlik Türkiyədə bu təyyarələrin yenilənmə və təmir imkanları mövcuddur. Eyni zamanda Türkiyə HHQ pilotlarının bu təyyarələrlə bağlı ciddi təcrübələri var. 

Ankara hazırda ABŞ-dan 40 ədəd F-16 döyüş təyyarəsi və 80 ədəd F-16 modernizasiya dəsti almaq niyyətindədir. Yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ-ın Türkiyəyə təyyarə satışını dayandırması iki ölkə münasibətlərində soyuqluq və Ankaranın S-400 HHM sistemləri almasından sonra baş verib. F-16 satışına rəsmi qadağa isə senatorlar Bob Menendez və Kris van Hollen tərəfindən irəli sürülən layihə sayəsində dayandırılmışdı. Türkiyə NATO üzvü olmasına rəğmən ABŞ siyasətçiləri Ankaranı Yunanıstanı təhdid etməkdə ittiham edərək təyyarə satışına məhdudiyyət qoymuşdu. Rəsmi Ankara isə son aylarda Vaşinqtonda ciddi lobbi fəaliyyətləri həyata keçirdi və xüsusən də prezident Ərdoğanın İspaniyada NATO sammiti zamanı ABŞ prezidenti Baydenlə görüşündə F-16 satışı mövzusu danışıldı. 

Ərdoğan Baydenlə görüşəcək

Türkiyə prezidenti Ərdoğan müsahibəsində ABŞ liderinin ona söz verdiyini demişdi. Həmçinin bildirmişdi ki, əgər ABŞ imtina edərsə İngiltərə, Rusiya və Fransa kimi alternativlərə üz tuta bilərlər: “Bayden mənə məsələnin həlli barədə söz verdi. F-16 ilə bağlı ABŞ-dan istədiyimiz nəticəni ala bilməsək, başqa variantları gözdən keçirəcəyik”.

Belə görünür ki, Türkiyənin səyləri və təhdidi nəticə verib. Vaşinqtonun Türkiyə və Yunanıstan arasında gərginliyin davam etdiyi bir vaxtda Türkiyəyə F-16 satışına yaşıl işıq yandırması Ankaranın son zamanlar güclənən siyasi mövqeyi və Bayden administrasiyasının Yaxın Şərq siyasətindəki büdrəmələrlə izah olunmalıdır. 

Məsələ ondadır ki, Türkiyənin Vaşinqtonun bütün israrlarına rəğmən Rusiyadan S-400 alması göstərdi ki, Ankara lazım gələndə dirəniş göstərib mövqeyindən geri çəkilmir. Başqa sözlə, Türkiyə hava hücumundan müdafiə sistemləri alınmasında olduğu kimi, təyyarə alışında da alternativlərə baş vura bilər. Digər tərəfdən, Türkiyə hazırda təkcə regional siyasətdə deyil, qlobal səviyyədə aktiv oyunçuya çevrilib. Ankaranın Ukrayna müharibəsindəki hər iki tərəfin qəbul etdiyi etibarlı vasitəçi rolu, ərzaq dəhlizinin yaradılması, həmçinin Avropanın enerji təchizatındakı əsas rollardan birini üzərinə götürməsi Türkiyənin mövqelərini gücləndirib. Ankara indi təkcə Yaxın Şərq deyil, həmçinin Şərqi Avropa və Qafqaz və Mərkəzi Asiya regionunda əhəmiyyətli oyunçuya çevrilib. 

Ağ Evdən Kabildə yeni terror aktı barədə XƏBƏRDARLIQ

Cozef Bayden administrasiyasının Yaxın Şərq siyasətindəki qeyri-adekvat qərarları ABŞ-ın bu regiondakı siyasətini dalana dirəyib. Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft istehsalı ilə bağlı Moskva ilə birgə hərəkət etməsi, noyabrda hasilatın aşağı salınması qərarları göstərdi ki, Bayden administrasiyasının Yaxın şərq siyasətində ciddi boşluqlar var. Bu səbəbdən də Vaşinqton Türkiyə kimi önəmli müttəfiqi qoruyub saxlamaq üçün güzəştə getməyə razılaşdı. Başqa sözlə, F-16 satışı qərarı Ankaraya olan ehtiyacın nəticəsidir. Türkiyə artıq regional siyasətdə sadəcə iştirakçı deyil, həm də oyun quran ölkə kimi çıxış edir. Senatın qərarının arxasında məhz bu səbəb dayanır. 

Kənan Rövşənoğlu 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR