İngiltərənin "Hull City" futbol klubunun sahibi Acun Ilıcalı, Alzheymer və mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 62 yaşlı azarkeş Ouen Qriffiisin ən böyük arzusunu reallaşdırıb.
Musavat.com xəbər verir ki, cəmi üç aylıq ömrü qaldığı bildirilən Qriffis komandanın məşq mərkəzini ziyarət edərək unudulmaz bir gün yaşayıb.
BBC-nin Böyük Britaniya üzrə xüsusi reportajında yer alan məlumatda bildirilib ki, Qriffiisin son arzusu həyat boyu dəstəklədiyi "Hull City" komandasını məşq zamanı izləmək olub.
Məşq meydançasında keçirilən görüşdə Acun Ilıcalı Oueni şəxsən qarşılayıb və ona xüsusi diqqət göstərib. Komandanın oyunçuları və meneceri Sergey Jakiroviç də Qriffis və onun qızı Sofi ilə yaxından maraqlanıblar.
Görüş zamanı duyğulu anlar yaşanıb. Azarkeşin qızı Sofi atasının vəziyyəti ilə bağlı bildirərək deyib:
“Bu günü heç vaxt unutmayacağam. Evə çatanda atam yəqin ki, hər şeyi unudacaq. Ona görə də bu hekayəni ona hər gün danışacağam”.
Musavat.com






