İnsanlara hürriyət, millətlərə istiqlal!

"Adına 60 min manat vergi borcu gəlir..." - Siyavuş Novruzov

7515 30.06.2026 15:14 Gündəm A A

Milli Məclisin iclasında Cinayət və Cinayət-Prosessual Məcəllələrində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, layihəyə iqtisadi sahədəki bəzi cinayətləri törədən şəxslərin vurulmuş ziyanı tamamilə ödədikdə, yaxud cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə məsuliyyətdən azad olunmasını nəzərdə tutur.

Qanun layihəsinə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri - qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və sair - törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın - əldə edilmiş gəlirin - artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Bundan əlavə, sənədə görə, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.

Komitə sədri Siyavuş Novruzov çıxışında bildirib ki, sahibkarlığa həmişə yardım göstərilib. Bu mənada o, qeyri-qanuni yoxlamaların aradan qaldırılması, güzəştli kreditlərin verilməsini qeyd edib.

"Bizdə sahibkar elə başa düşür ki, yatırdığı investisiyanı 1 il içində götürməlidir. Dünya praktikasında bir sahibkarın illik gəliri 10%-dən artıq olursa, onunla ciddi qurumlar məşğul olur", - deyə komitə sədri bildirib.

S.Novruzov vətəndaşların aldadılmasından da danışıb: "Vətəndaşlardan şəxsiyyət vəsiqəsini alaraq onların adlarına şirkətlər yaradırlar. Bir kənddə oturmuş şəxs görür ki, adına 60 min manat vergi borcu olduğu barədə məlumat gəlir. Həmin şəxs də pis vəziyyətdə qalır. Hara müraciət edirsə, deyirlər sənədlər sənin adınadır".

Deputat bu kimi məsələlərə qarşı mübarizəni gücləndirməyə çağırıb.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR