Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Cosef Borrel Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin səlahiyyətləri genişləndirmək cəhdlərini sərt tənqid edib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin yazdığına görə, Borrel hesab edir ki, Avropa Komissiyasının öz səlahiyyətlərini genişləndirmək istəyi Avropa İttifaqının (Aİ) xarici siyasətində "tam xaosa" səbəb olub. “Avropa Komissiyası Avropa İttifaqı adından danışmır, o yalnız özünü təmsil edir”, – Borrel bildirib.
Keçmiş diplomat buna nümunə kimi Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsanın səfərini göstərib. Onun sözlərinə görə, Şuitsanın Aİ adından çıxış etmək səlahiyyəti olmayıb. Borrel həmin vaxt İsrailin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin ölkəyə girişini qadağan etdiyini də xatırladıb.
Borrel, habelə Avropanın müdafiə siyasəti sahəsində institusional gərginliyin artdığını bildirib. Onun fikrincə, Andryus Kubilyusun müdafiə məsələləri üzrə Avropa komissarı təyin edilməsi Avropa Komissiyasının səlahiyyətlərinə uyğun deyil. "Avropa Komissiyası özünü kölgə Pentaqonuna çevirməyə çalışmamalıdır”, – deyə o vurğulayıb.
“Politico” “Bloomberg” agentliyinin bu ilin may ayında Avropa rəsmilərinin Ursula fon der Lyayenin idarəetmə tərzindən narazı qalması ilə bağlı məlumatı da xatırladıb. Həmin məlumata görə, rəsmilər onun “hakimiyyətə hədsiz aludə olduğunu” düşünürlər.
Nəşrin iddiasına əsasən, Avropa Komissiyasının gündəlik fəaliyyətini fon der Lyayenin yaxın müşavirlərindən ibarət məhdud komanda idarə edir, komissiya sədri isə əksər yüksək vəzifəli şəxsləri qərarların qəbulundan kənarda saxlayaraq bütün proseslərə şəxsən müdaxilə edir.
“Politico”, əlavə edib ki, bu ilin fevralında da Aİ-nin bəzi üzv dövlətləri Avropa Parlamentinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı razılaşmaya görə Avropa Komissiyasını məhkəməyə vermək imkanını nəzərdən keçiriblər. Bu təşəbbüs ötən il Avropa Komissiyası ilə Avropa Parlamenti arasında əldə olunmuş və qanunverici orqanın qərarların qəbuluna təsirini artıran razılaşmanın mübahisələndirilməsinə yönəlib.
Musavat.com






