Türkiyənin şimalında, Qara dəniz sahilində yerləşən strateji əhəmiyyətli Filyos bölgəsində hərbi təyinatlı olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) sahildə qəzaya uğrayıb. Hadisə dərhal ölkənin təhlükəsizlik qüvvələrini və xüsusi xidmət orqanlarını hərəkətə gətirib.
Musavat.com xəbər verir ki, Türkiyənin nüfuzlu İhlas Xəbər Agentliyinin (İHA) yerli mənbələrə istinadən yaydığı rəsmi məlumata görə, naməlum dron Zonquldak vilayətinin Çaycuma rayonuna bağlı Filyos qəsəbəsinin sahil xəttində yerli sakinlər tərəfindən aşkar edilib. Aparatın ölçüləri və üzərindəki xüsusi strukturlar onun sırf hərbi məqsədlər üçün istehsal edildiyi ehtimalını kəskin şəkildə artırıb. Tapıntı barədə daxil olan ilk məlumatdan dərhal sonra əraziyə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları, Türkiyə kəşfiyyatı və sapyor qrupları cəlb olunub.
Mütəxəssislər ərazidə geniş təhlükəsizlik kordonu quraraq sahildəki pilotsuz aparatın mənşəyini, hansı dövlətə məxsus olduğunu və dəniz vasitəsilə hansı istiqamətdən gəldiyini müəyyən etmək üçün genişmiqyaslı araşdırmalara başlayıblar. Qara dəniz hövzəsində davam edən regional hərbi gərginlik fonunda bu cür döyüş təyinatlı dronların Türkiyə sahillərinə vurması rəsmi Ankara tərəfindən ciddi nəzarətə götürülüb və faktla bağlı araşdırmalar davam etdirilir.






