ABŞ və İran arasında əldə olunduğu bildirilən yeni razılaşma beynəlxalq siyasətin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. İlk baxışda maraqlı bir mənzərə yaranır. Belə ki, uzun illər İranın nüvə proqramına, regional təsir dairəsinin genişlənməsinə və Yaxın Şərqdəki fəaliyyətinə tənqidi yanaşan Avropa paytaxtları indi Vaşinqton-Tehran anlaşmasını müsbət qarşılayır.
Avropa doğrudanmı İranın uğuruna sevinir, yoxsa burada daha mürəkkəb siyasi və iqtisadi hesablamalar var?
Əslində Avropanın reaksiyasını İranın qələbəsinə sevinmək kimi qiymətləndirmək tam doğru olmazdı. Avropa İttifaqı və aparıcı Avropa dövlətləri üçün əsas məsələ İranın güclənməsi deyil, Yaxın Şərqdə yeni genişmiqyaslı müharibənin qarşısının alınmasıdır. Son illərdə Ukrayna müharibəsinin yaratdığı iqtisadi yük, enerji təhlükəsizliyi problemləri və qlobal ticarət marşrutlarında yaranan risklər Avropanı daha həssas vəziyyətə salıb. Məhz buna görə Brüssel, Berlin və Paris üçün ABŞ ilə İran arasında hər hansı diplomatik anlaşma ilk növbədə sabitlik və risklərin azalması deməkdir. Avropa liderləri də razılaşmanı məhz regionda gərginliyin azalması və müharibə təhlükəsinin uzaqlaşması kimi təqdim edirlər.
Məsələnin iqtisadi tərəfi isə daha diqqətçəkəndir. İran ətrafında hərbi qarşıdurmanın böyüməsi Hörmüz boğazının bağlanması və ya təhlükə altına düşməsi riskini artırırdı. Dünyanın ən mühüm enerji marşrutlarından biri hesab edilən bu boğazda hər hansı problem neft və qaz qiymətlərinin kəskin bahalaşmasına səbəb ola bilərdi. Enerji idxalından ciddi asılı olan Avropa iqtisadiyyatları üçün bu, yeni inflyasiya dalğası, istehsal xərclərinin artması və iqtisadi artımın zəifləməsi demək idi. Razılaşmadan sonra enerji bazarlarında qiymətlərin aşağı düşməsi də Avropanın niyə məmnun olduğunu göstərən əsas amillərdən biridir.
Digər mühüm səbəb isə iqtisadi perspektivlərdir. Sanksiyaların yumşaldılması və ya gələcəkdə tam aradan qaldırılması ehtimalı 90 milyondan çox əhalisi olan İran bazarını yenidən Avropa şirkətlərinin üzünə aça bilər. Energetika, avtomobil sənayesi, infrastruktur, bank sektoru və texnologiya sahələrində Avropa biznesi uzun illərdir İran bazarına maraq göstərir. Brüsseldə hesab edirlər ki, diplomatik münasibətlərin normallaşması həm Avropa şirkətləri üçün yeni imkanlar yaradacaq, həm də İranı daha çox beynəlxalq iqtisadi sistemə bağlayacaq.
Siyasi müstəvidə isə Avropa üçün daha bir vacib məqam var. Avropa İttifaqı uzun illər İranla nüvə danışıqlarının əsas təşəbbüskarlarından biri olub və diplomatiyanın hərbi müdaxilədən daha effektiv vasitə olduğunu müdafiə edib. Buna görə də Vaşinqtonla Tehran arasında əldə edilən istənilən anlaşma Avropa diplomatiyasının illərlə müdafiə etdiyi xəttin müəyyən mənada doğrulduğu kimi də qiymətləndirilir. Avropanın sevincinin arxasında İran sevgisi deyil, diplomatiyanın qalib gəlməsi, iqtisadi risklərin azalması və regional sabitlik ümidləri dayanır. Bununla belə, Avropada hamı eyni dərəcədə nikbin deyil. Bir çox siyasətçilər və ekspertlər hesab edirlər ki, razılaşma İranın nüvə proqramı, raket potensialı və regiondakı təsiri ilə bağlı bütün sualları cavablandırmır. Ona görə də Brüsseldə bu anlaşmanı yekun qələbə kimi deyil, daha böyük böhranın qarşısını almağa yönəlmiş müvəqqəti nəfəs fasiləsi kimi qələmə verənlər az deyil.

Politoloq Rəşad Bayramov Musavat.com-la ehtimallarını bölüşdü:
“Uzun illər İranın nüvə proqramını, regional siyasətini və Yaxın Şərqdəki təsir imkanlarını tənqid edən Avropa paytaxtlarının indi Vaşinqton-Tehran dialoqunu dəstəkləməsi ilk baxışda ziddiyyətli görünə bilər. Lakin bu yanaşmanı İranın qələbəsi kimi təqdim etmək Avropanın real motivlərini tam izah etmir. Əslində Avropanın əsas prioriteti regionda sabitliyin təmin olunması və yeni böyük münaqişənin qarşısının alınmasıdır. Son illərdə Avropa artıq bir neçə ciddi böhranla üzləşib. Ukraynada davam edən müharibə təhlükəsizlik xərclərini artırıb, enerji bazarlarında qeyri-sabitlik yaradıb və Hörmüz boğazındakı vəziyyət isə bu qeyri-sabitliyi daha da artıraraq Avropa iqtisadiyyatına əlavə təzyiq göstərib. Belə bir şəraitdə Yaxın Şərqdə hərbi qarşıdurma Avropa üçün əlavə siyasi və iqtisadi risklər demək olardı. ABŞ və İran arasında gərginliyin azalması isə ilk növbədə Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Hörmüz boğazındakı böhran Avropa ölkələri üçün iqtisadi artımın zəifləməsinə, inflyasiyanın artmasına və sənaye xərclərinin yüksəlməsinə səbəb olurdu. Buna görə də Avropanın diplomatik razılaşmaya müsbət yanaşmasının əsas səbəblərindən biri bu istiqamətdə risklərin azalmasıdır.
Razılaşmanın iqtisadi tərəfi də Avropa üçün əhəmiyyətlidir. Belə ki, əgər gələcəkdə sanksiyaların yumşaldılması prosesi baş verərsə, İran böyük iqtisadi potensiala malik bazar kimi yenidən beynəlxalq şirkətlər üçün açıq ola bilər. Bu baxımdan diplomatik normallaşma yalnız siyasi deyil, həm də iqtisadi imkanlar yarada bilər ki, bu da Avropanın marağındadır. Bununla belə, Avropada razılaşmaya tam nikbin yanaşmayan qüvvələr də mövcuddur və onlar öz narahatlıqlarında tamamilə haqlıdırlar. Əvvəla ona görə ki, Anlaşma memorandumu hələ ortada olan bütün fikir ayrılıqlarının aradan qalxması demək deyil. Ən vacib məsələ, yəni İranın nüvə proqramı ilə bağlı olan məsələ hələ də açıq olaraq qalır. Sənədin mahiyyətinə də baxdıqda görürük ki, söhbət tam və yekun sülh müqaviləsindən deyil, münaqişənin dayandırılması və sonrakı danışıqlar üçün siyasi çərçivənin yaradılmasından gedir. Razılaşmada əsas diqqət Hörmüz boğazının açılmasına, qarşılıqlı hərbi fəaliyyətlərin dayandırılmasına, müəyyən sanksiya yumşalmalarına və nüvə proqramı ilə bağlı gələcək müzakirələrə yönəlib. Ən mürəkkəb məsələlər-uranın zənginləşdirilməsi, ballistik raket proqramı və regional təsir şəbəkələri hələ tam həll olunmayıb. Üstəgəl, İsrailin ABŞ-İran razılşamasına nə dərəcədə əməl edəcəyi də məlum deyil. Bu isə anlaşmada vacib şərtdir. İsrailin Livan və digər istiqamətlərdə hərbi əməliyyatlara yenidən başlayacağı halda anlaşma faktiki olaraq ortadan qalxmış olacaq. Odur ki, Avropanın ABŞ-İran razılaşmasına münasibəti İranın uğuruna sevinc deyil, daha çox praqmatik siyasi hesablamadır. Avropa üçün əsas məsələ özünün maraqlarıdır və bu maraqlar da Yaxın Şərqdə sabitliyin bərpasını, enerji təhlükəsizliyinin təmin olunmasını və qlobal iqtisadi risklərin azalmasını ehtiva edir”.
Cavanşir Abbaslı
Musavat.com






