İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa isti kabusunun içində: Azərbaycanda olsaydı ittiham yağışı başlayardı

771 04.07.2026 14:57 Dünya A A

Son günlər Avropanın bir çox ölkəsində müşahidə olunan rekord istilər artıq genişmiqyaslı humanitar və sosial problemə çevrilib. İspaniya, Fransa, İtaliya, Portuqaliya, Almaniya, Yunanıstan və digər ölkələrdə temperaturun 40-45 dərəcəni keçməsi insanların gündəlik həyatını iflic edib, səhiyyə sistemlərini ciddi sınaq qarşısında qoyub və insan tələfatının artmasına səbəb olub.

Bir çox Avropa şəhərlərində küçələr boşalıb, məktəblərin fəaliyyəti məhdudlaşdırılıb, açıq havada işləyən insanlar üçün xüsusi xəbərdarlıqlar edilib. Bununla yanaşı, meşə yanğınları minlərlə hektar ərazini əhatə edib, bəzi bölgələrdə fövqəladə vəziyyət elan olunub. Hətta illərdir dünyanın ən inkişaf etmiş sosial müdafiə və səhiyyə sistemlərinə malik olduğu deyilən ölkələrdə belə istilərlə mübarizənin kifayət qədər effektiv olmadığı üzə çıxıb.

Avropa mətbuatında yayılan məlumatlar göstərir ki, istilərdən ən çox əziyyət çəkənlər yaşlı insanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, uşaqlar və açıq havada çalışan şəxslərdir. Xüsusilə böyük şəhərlərdə kondisionersiz mənzillərdə yaşayan minlərlə insan üçün vəziyyət son dərəcə ağırdır. Təcili yardım xidmətlərinə müraciətlərin sayı rekord həddə çatıb, xəstəxanalar isə əlavə yüklənmə ilə üzləşib.

Lakin bütün bunların fonunda daha ciddi sual ortaya çıxır: Avropa ölkələri bu böhrana nə dərəcədə hazır idi?

İllərdir qlobal istiləşmə, iqlim dəyişiklikləri və ekstremal hava hadisələri barədə xəbərdarlıqlar edilir. Alimlər, beynəlxalq təşkilatlar və ekoloqlar dəfələrlə bildiriblər ki, Avropa gələcəkdə daha güclü istilik dalğaları ilə üzləşəcək. Buna baxmayaraq, bir çox ölkədə insanların sərinləyə biləcəyi ictimai məkanların sayı kifayət etmir, fövqəladə hallara hazırlıq mexanizmləri isə gözlənilən səviyyədə deyil.

ABŞ-də evlərin təxminən 90 faizində kondisioner olduğu halda, Avropada şiddətli isti hava dalğaları davam etməsinə baxmayaraq, qitə üzrə evlərin yalnız 20 faizində kondisioner var. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri budur ki, Avropadakı binaların əksəriyyəti çox köhnədir və kondisioner texnologiyası geniş yayılmazdan əvvəl inşa edilib. İngiltərə kimi ölkələrdə isə xüsusilə tarixi binaların görünüşünü pozduğu üçün kondisioner quraşdırılmasına icazə verilməməsi kimi məhdudiyyətlər var.

Beləliklə, bir sıra şəhərlərdə sakinlər sosial şəbəkələrdə və yerli mediada bələdiyyələrin fəaliyyətsizliyindən şikayətlənirlər. Tənha yaşayan yaşlı insanların vəziyyətinə nəzarətin zəif olması, pulsuz içməli su məntəqələrinin azlığı, soyutma mərkəzlərinin çatışmazlığı və tibbi xidmətlərin operativ təşkil olunmaması barədə çoxsaylı narazılıqlar səslənir. Bəzi bölgələrdə insanlar saatlarla təcili yardım gözləməli olur, bəzi hallarda isə istilərin qurbanları yalnız faciə baş verdikdən sonra aşkarlanır.

Ən diqqətçəkən məqamlardan biri isə odur ki, bütün bu problemlərə baxmayaraq, beynəlxalq informasiya məkanında məsələ daha çox "qlobal istiləşmə" çərçivəsində təqdim edilir. Şübhəsiz ki, iqlim dəyişikliyi əsas amillərdən biridir. Lakin insan həyatının itirildiyi hallarda dövlətlərin hazırlıq səviyyəsi, yerli hakimiyyət orqanlarının fəaliyyəti və böhran idarəçiliyi mexanizmləri də eyni dərəcədə müzakirə olunmalıdır.

Maraqlıdır ki, əgər oxşar vəziyyət Azərbaycanda baş versəydi, beynəlxalq media qurumları və müxtəlif təşkilatlar çox güman ki, ilk növbədə hakimiyyət orqanlarının məsuliyyəti məsələsini gündəmə gətirərdilər. İnsan tələfatı ilə bağlı xəbərlərlə yanaşı, dövlət strukturlarının fəaliyyəti, sosial xidmətlərin effektivliyi, fövqəladə vəziyyətə hazırlıq səviyyəsi və idarəetmə problemləri geniş şəkildə müzakirə olunardı.

Bu gün isə Avropada baş verən hadisələrdə əsas diqqət təbii amillərə yönəlir. Halbuki eyni suallar burada da verilməlidir: Nə üçün insanlar qoruna bilmədi? Niyə risk qrupları vaxtında müəyyən edilmədi? Nə üçün bəzi şəhərlərdə soyutma mərkəzləri kifayət qədər deyil? Niyə fövqəladə hallar planları daha effektiv işləmədi?

Əslində vəziyyətin miqyasını ortaya qoyan rəqəmlər olduqca düşündürücüdür. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun məlumatlarına görə, son dörd il ərzində Avropada isti hava şəraiti ilə bağlı səbəblərdən 200 mindən çox insan həyatını itirib. Bu barədə məlumatı "Medical Xpress" nəşri yayıb.

Daha diqqətçəkən məqam isə ÜST-nin qiymətləndirməsidir. Təşkilat hesab edir ki, bu ölümlərin əhəmiyyətli hissəsinin qarşısını almaq mümkün idi. Başqa sözlə, söhbət yalnız təbii fəlakətdən deyil, həm də hazırlıq səviyyəsindən, dövlət siyasətindən və böhran idarəçiliyindən gedir.

ÜST vurğulayır ki, ölüm hallarının böyük hissəsi ölkələrin ekstremal istilərə sistemli şəkildə uyğunlaşa bilməməsi ilə əlaqədardır. Təşkilat dövlətləri xüsusi milli fəaliyyət planları hazırlamağa çağırır. Bu planlara soyutma mərkəzlərinin yaradılması, iş saatlarının dəyişdirilməsi, insanların günün ən isti saatlarında açıq havada işləməsinin məhdudlaşdırılması, risk qruplarının monitorinqi və əhalinin məlumatlandırılması kimi tədbirlər daxildir.

ÜST hətta daha iddialı bir hədəf müəyyən edib: "İstidən sıfır ölüm".

Bu hədəf ilk baxışdan utopik görünə bilər. Lakin təşkilat hesab edir ki, müasir texnologiyalar, səhiyyə imkanları və qabaqlayıcı tədbirlər sayəsində istilərin qurbanlarının sayını minimuma endirmək mümkündür. Bunun üçün isə şəhərsalma, infrastruktur, səhiyyə və sosial müdafiə sistemlərinə uzunmüddətli investisiyalar yatırılmalıdır.

Əslində Avropada yaşanan son hadisələr bir mifin də dağılmasına səbəb olur. Uzun illərdir inkişaf etmiş ölkələrin istənilən böhrana tam hazır olduğu təsəvvürü formalaşdırılıb. Lakin son illərdə pandemiya, enerji böhranı, miqrasiya problemləri və indi də ölümcül istilər göstərir ki, ən inkişaf etmiş dövlətlər belə ciddi çağırışlar qarşısında aciz qala bilir.

Bu hadisələr bir daha sübut edir ki, insan həyatının qorunması məsələsində coğrafiya, siyasi sistem və ya iqtisadi inkişaf səviyyəsi həlledici amil deyil. Əsas məsələ dövlətlərin riskləri nə qədər düzgün qiymətləndirməsi, qabaqlayıcı tədbirləri nə qədər vaxtında həyata keçirməsi və böhran vəziyyətlərində vətəndaşlarını nə dərəcədə qoruya bilməsidir.

Avropanı bürüyən son istilər həm də dövlətlərin hazırlıq səviyyəsinin, yerli hakimiyyətlərin operativliyinin, sosial müdafiə sistemlərinin və böhran idarəçiliyinin real sınağıdır. Və görünən odur ki, bu sınaqdan hamı uğurla çıxa bilmir. İnsan tələfatının artdığı, yüz minlərlə insanın risk altında qaldığı bir şəraitdə isə ən vacib sual dəyişmir: əgər bu hadisələr başqa ölkədə baş versəydi, dünya eyni münasibəti göstərərdimi? Bu sualın cavabı isə beynəlxalq yanaşmalardakı fərqlər barədə ciddi müzakirələrə yol açır.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR