İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

574 28.03.2024 11:48 Gündəm A A

Almaniyanın Aşağı Saksoniya əyalətinin Hannover şəhərində Türkiyənin Baş Konsulluğu terror təşkilatı tərəfdarları tərəfindən daşla hücuma məruz qalıb.

Türkiyə mətbuatı bildirir ki, hücum edənlər əllərinə keçəni konsulluq binasına atıb, daha sonra hadisə yerindən qaçıblar.

Qeyd edək ki, daha öncə Belçikada PKK tərəfdarları küçələrə çıxaraq Türkiyə vətəndaşlarına məxsus iş yerlərinə və Ülkü karxanasının binasına hücum ediblər. Terror tərəfdarları onlara qarşı edilən bu hücumlara cavab verən türkləri sosial mediada hədəfə alıb və bir çox Avropa ölkəsindən böyük qrupların Belçikaya gəlmələrini istəyib. Nəticədə gərginlik Almaniyaya da sirayət edib, Türkiyənin Hannover Baş Konsulluğuna PKK-çılar daş və dəyənəklə hücum edib.

Almaniya polisinin Türkiyə Konsulluğuna bu hücumu zamanı heç bir təhlükəsizlik tədbiri görməməsi də diqqətdən yayınmayıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərə böyük reaksiya olub.

Beləliklə, dünyada yeni qarşıdurmalar hazırlanır və həyata keçirilir. Bu planlardan biri də etnik qarşıdurmaların qızışdırılmasıdır. Avropada  kürdlərin qəfildən türklərin kafelərinə, türkcə danışan insanlara səbəbsiz hücumlar təşkil etməsi də bu yöndə düşünülmüş planlardan biri kimi qiymətləndirilə bilər. Güclənən Türkiyəyə, Türk dünyasına qarşı hazırda ən məkrli işlər təşkil olunduğundan baş verən hadisələrin təsadüfi olmadığı və miqyasının arta biləcəyi təhlükəsi də var. 

Bəs Avropada türklərə qarşı “kürd hücumu” kimin planı ola bilər? Bu təxribat siyasi məqsədlə törədilən ilk həmlə ola bilərmi? Mümkündürmü qarşıdurma körüklənsin və coğrafiyası genişlənsin? 

Yücel Karauz: “Bu nifrət cinayətləri gələcəkdə Avropanın başına bəla  olacaq” | BuGün TV

Yücel Karauz: “Türklərə qarşı təxribatlar, hücumlar daha da yayıla bilər, ona görə ki...”

Mövzu ilə bağlı ehtiyatda olan türkiyəli general Yücel Karauz “Yeni Müsavat”a danışıb: “Avropa illərdir fərqli məqsədlərə kürd vətəndaşlarına qucaq açır, onlara vətəndaşlıq, yaşayış icazəsi verir, qanunsuz iqtisadi fəaliyyətlərinə göz yumur, beləliklə də gələcəkdə onları Türkiyəyə qarşı istifadə etmək siyasətini həyata keçirir. Bu gün Avropanın bir çox, yəni Almaniya, Fransa, İsveç və digər ölkələrdə Türkiyədə terroru dəstəkləyən, bu ölkənin birlik və bərabərliyini istəməyən qrupların təmsilçiləri var. Onları Avropa məhz bu günlər üçün bəsləyib, yetişdirib. Məlum olduğu kimi, Türkiyədə prezident seçkilərindən öncə Avropada yaşayan türk vətəndaşlarına qarşı terror aktı törətməyə çalışmışdılar. 

Səfirliklər və konsulluqlar olduqları ölkənin mühafizəsi altındadır. Belçikada baş verən hadisələrdən sonra Almaniya hökuməti səfirlik və konsulluqlara qarşı təhlükəsizlik tədbirlərini artırmalı idi. Amma müşahidə etdik ki, Almaniya hökuməti lazımi təhlükəsizlik tədbirlərini görmədi və bu, Almaniya dövləti üçün böyük bir ayıbdır".

Yücel Karauz qeyd edib ki, bununla da Avropada türklərə qarşı hücumlar arta bilər: “Xüsusilə türk milliyətçi təşkilatlarının (ülkü ocaqlarının) binalarına, səfirliklərə, konsulluqlara, həmçinin Ramazan ayı və bayramı dönəmində məscidlərə, orada ibadət edən insanlarımıza qarşı bu cür hücumlar edilə, beləliklə də Avropada mövcud olan islamfobiyaya türkfobiyası əlavə oluna, yaxın vaxtlarda türklərə qarşı "istəmirik" kampaniyası həyata keçirilə bilər".

Politoloq Elxan Şahinoğlu isə qeyd edib: “Avropada türklərə qarşı olan son hücumlar mənə 90-cı illərin sonlarında terrorçu PKK təşkilatının lideri Abdullah Öcalan  Afrikada həbs olunub Türkiyəyə gətiriləndən sonra PKK-ya bağlı qüvvələrin Avropadakı Türkiyə səfirlikləri qarşısında etiraz yürüşləri, piketləri, hücumları təşkil etməsini xatırladır. Lakin sonra bu hadisələr səngidi. 

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Elxan Şahinoğlu: “Baş verənlər 90-cı illərin sonlarındakı hadisələri xatırladır”

Bəs PKK niyə yenidən bu cür hücumları təşkil edir? Çünki PKK həm Suriyada, həm də İraqda çox ciddi zərbələr alır. 

Son illərdə Türkiyə hərbi texnologiyaların inkişafı sahəsində qazandığı uğurlar sayəsində PKK-ya elə bir zərbələr endirib ki, artıq bu terror təşkilatı Türkiyə ərazisində fəaliyyət göstərə bilmir, yalnız Suriya və İraqda fəaliyyət göstərir və Türkiyə onun da qarşısını almağa çalışır. Belə ki, hər gün mətbuatdan İraq və yaxud Suriyada hansısa PKK liderlərindən birinin neytrallaşdırıldığı barədə xəbərlər alırıq.  

Bugünlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqa səfər etdi və  çox ciddi nəticə əldə etdi. Belə ki, İraq hökuməti də PKK-nı terror təşkilat kimi dəyərləndirərək, Türkiyəyə dəstək verdiyini bildirdi. Halbuki keçmiş illərdə İraqda dəyişən hökumət narazılıq edirdi ki, Türkiyə  niyə onların  ərazisinə zərbələr endirir. Türkiyə isə bu məsələdə haqlı idi, çünki İraq hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi.

Beləliklə, PKK ilə mübarizədə çox ciddi nailiyyətlər var və bu da PKK-nı dəstəkləyənləri çox ciddi şəkildə narazı salır və Avropa ölkələrində bu cür təxribatlara, hücumlara gedirlər. 

Belçikada, Almaniyada baş verən hücumları müşahidə edəndə görürük ki, yerli polis  bu məsələyə qarışmır, təxribatın qarşısını almır. Əgər yerli polis bu cür hücumların qarşısını almayacaqsa, əlbəttə ki, toqquşmalar davam edə bilər. 

Avropada bir çox hallarda PKK-nı himayə də edirlər. Belə ki, Türkiyə uzun müddət ona görə İsveçin NATO üzvlüyünə qarşı çıxırdı ki, orada PKK çox açıq şəkildə fəaliyyət göstərir. Halbuki bu cür terror təşkilatları olduqları ölkələrin rəsmi qurumlarına da ciddi problemlər yaradır. Yəni bu cür toqquşmalar birinci növbədə həmin ölkələrdə sabitliyi pozur. Əslində onların marağında olmalıdır ki, PKK-nı nəzarətə götürsünlər. Amma buna getmirlər, çünki burada Türkiyə amili var.

Lakin bu hücumlar bir müddət sonra səngiyəcək. Yəni onların buna gücü çatmayacaq. Məsələn, bir ay aksiyalar, hücumlar təşkil etdikdən sonra başa düşəcəklər bu cür aksiyalar, hücumlar onların əleyhinə çevrilir, çünki nəhayətdə həmin ölkələrin polisi onlara qarşı ciddi tədbirlər görmək məcburiyyətində qalacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR