İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan Türkiyəyə qazlı tələb – Azərbaycanın EDƏ biləcəyi

1615 22.06.2026 16:25 Siyasət A A

Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürüb.

Musavat.com-un xəbər verdiyi kimi, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya rəsmi səfərinin yekunlarına dair bəyanatla çıxış edib.

Nazirin sözlərinə görə, rəsmi Ankara Brüsselin bu mövqedə qəti olduğunu anlayır.

4FuYoKG5W6p1BSsUL0GnkL7r0YelN2K21hpo4QBb_1200.jpg (24 KB)

“Bloomberg” agentliyi Katerina Rayxenin bu fikirlərini sitat gətirib: “Türkiyə Avropa İttifaqının Rusiya xammalından imtina etməyə böyük önəm verdiyini başa düşür və bu reallığı qəbul edir”.

Bununla belə, almaniyalı nazir Türkiyə rəsmilərinin məsələyə real yanaşmasını da diqqətə çatdırıb.

Ankara öz bazarında Rusiya qazının digər mənbələrlə əvəzlənməsinin qısa müddətdə mümkün olmadığını bəyan edib. Türkiyə tərəfi həm iqtisadi baxımdan, həm də mövcud resursların həcmi nöqteyi-nəzərindən Rusiya qazından birdən-birə imtina etməyin qeyri-real olduğunu bildirib.

Qeyd edək ki, iyunun 17-dən Aİ-nin Rusiya boru qazından imtina prosesinin birinci mərhələsi başlayıb. Ötən ilin dekabrında qəbul edilmiş qərara əsasən 17 iyundan etibarən spot bazarındakı qısamüddətli müqavilələr əsasında alınan Rusiya qazının Aİ-yə idxalı qadağan edilib.

14626090655075546283_1200x630.jpg (300 KB)

Aİ-nin yanvarın 26-da qəbul etdiyi qərara görə, Rusiya mayeləşdirilmiş təbii qazının tədarükünə tam qadağa 2027-ci ilin əvvəlindən, boru kəməri qazının tədarükünə isə 2027-ci il sentyabrın 30-dan qüvvəyə minəcək. Aİ Şurasının məlumatına görə, 2027-ci ildən etibarən Rusiya qazının idxalına qoyulan qadağanı pozan Avropa şirkətləri müqavilə dəyərinin 300 faizədək Avropa Komissiyasına cərimə ödəyəcəklər.

Bundan əlavə, Aİ 2027-ci il üçün Rusiya boru xətti qazından tam imtina ilə yanaşı, Azərbaycan və Türkiyədən nəql olunacaq qazın Rusiya mənşəli olmadığını isbat edən arayışın verilməsinə dair də qərar qəbul edib. Qərara əsasən hər iki ölkə Türkiyə ilə Bolqarıstan sərhədində yerləşən Strandja-1/Malkoçlar qaz ötürmə məntəqəsindən Avropaya nəql olunan qazın Rusiya mənşəli olmadığını rəsmi şəkildə isbat etməlidir. Avropa Qaz Ötürücü Sistemi Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatına görə, 2025-ci ildə bu məntəqə vasitəsilə Bolqarıstana 1,9 milyard kubmetr qaz tədarük edilib.

Həmin məntəqənin yaxınlığında başqa bir kompressor stansiyası olan Strandzha-2/Malkoçlar yerləşir ki, bu da Rusiyadan Türk Axını qaz kəmərinin dəniz hissəsinin qurudakı uzantısıdır. Hansı ki, bu uzantı vasitəsilə Türkiyə üzərindən nəql olunan Rusiya qazı Aİ ərazisinə daxil olaraq Serbiya, Macarıstan və Slovakiyaya çatdırılır. 2026-cı ilin əvvəlindən bəri bu məntəqədən qaz təchizatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,85 faiz artaraq 7,99 milyard kubmetrə çatıb.

bd07b26b-2c5a-3d9b-908c-eca4e2e0c358_1200.jpg (65 KB)

Aİ-nin Rusiya qazını tam qadağan edən qərarı qüvvəyə mindikdən sonra bu məntəqədən yalnız Aİ üzvü olmayan Serbiyaya qaz göndərilməsi mümkün olacaq. Serbiyanın Rusiyadan illik 2,2 milyard kubmetr qaz alışına dair müqaviləsi var.

Aİ-nin yoxlama qərarına əsasən oxşar sxem Aİ boru kəməri sistemini əhəmiyyətli miqdarda Rusiya qazı daşıyan boru kəmərlərinə birləşdirən digər kompressor stansiyalarına da tətbiq olunacaq. 

Rusiya qazından tam imtina qərarı verən Aİ-nin belə yoxlama tədbirlərinə əl atması təcrübədən qaynaqlanır. Belə ki, 2022-ci ildə Bolqarıstan Rusiya qazının alışından imtina etdiyini açıqlasa da, 2023-cü ildə məlum oldu ki, Transbalkan sistemi ilə Qazprom qazı bu ölkəyə çatdırılmağa davam edir. Bu kimi halların təkrarlanmaması üçün Aİ məhz həmin sistemə qaz ötürən kompressor məntəqəsini hədəf alıb.

Həmin məntəqədən Azərbaycan qazının da Transbalkan kəməri ilə Bolqarıstana nəqli həyata keçirilir. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP kəmərinin ötürücülük gücü Azərbaycanın artan ixrac potensialına cavab vermir. Buna görə də Bakı 2023-cü ildən Transbalkan kəmərindən geri rejimdə istifadə olunmaqla öz qazının bir hissəsini onunla Avropa ölkələrinə çatdırılmasına nail olub. Bu ilin əvvəlindən TAP-ın ötürücülük gücünün 11,2 milyard kubmetrə çatdırılması təmin olunub. Lakin bu həcm də ixrac potensialına uyğun deyil. Belə ki, 2025-ci ildə Azərbaycandan Avropaya 12,9 milyard kubmetr qaz ixracı qeydə alınıb. Cari il üçün bu həcmin ən pis halda dəyişməz qalması gözlənilir. TAP isə yalnız 11,2-11,5 milyard kubmetrin nəqlini təmin edə bilər. Bu baxımdan, Azərbaycan Transbalkandan istifadə etmək üçün Aİ-nin tələbinə əməl etməli olacaq.

Qərarın Azərbaycan üçün hər hansı problem yaradacağı gözlənilmir. Çünki Azərbaycanda qaz hasilatı və ixracı beynəlxalq şirkətlərin iştirakı ilə həyata keçirilir. Bu sahədə çox ciddi şəffaflıq tələbləri var və onlara tam əməl olunur. Azərbaycan Avropaya çatdırdığı qazın hər kubmetrinin mənşəyini rahatlıqla təsdiqləyə biləcək.

Türkiyəyə gəlincə, Aİ-nin Rusiya qazı ilə bağlı tələbləri bu ölkənin regional qaz habına çevrilmək planlarında ciddi dəyişikliklər etməsinə səbəb olur. Ankara özü Rusiya qazından imtina etmir, yaxın və ortamüddətli dövrdə bu, mümkün deyil. Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) məlumatına əsasən bu ilin yanvar-aprel aylarında Rusiyadan Türkiyəyə boru kəməri ilə qaz tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 8,3 milyard kubmetr təşkil edib.

Türkiyənin 2025-ci ildə ümumi təbii qaz istehlakının təxminən 60-61 milyard kubmetr olduğu bildirilir. Bunun 35 milyard kubmetrdən bir qədər artığı Rusiyadan alınıb. EPDK ölkənin bu il üçün təbii qaz istehlakı proqnozunu 58 milyard 511 milyon 978 min 267 standart kubmetr elan edib.

Hazırda Ankara ilə Moskva arasında 2026-cı ildən sonrakı dövr üçün qaz tədarükünə dair danışıqlar aparılır, çünki mövcud müqavilələrin müddəti başa çatmaqdadır. Türkiyənin energetika naziri Alparslan Bayraktar qeyd edib ki, tərəflər hələlik nə mümkün tədarük həcmləri, nə də yeni sazişlərin müddəti barədə yekun razılığa gəlməyiblər.

Türkiyə həm daxili tələbatı təmin etmək, həm də ixrac müqavilələrinə əməl etmək üçün hazırlıqlarını vaxtında görüb. Belə ki, 2024-cü ildən BOTAŞ Bolqarıstan, Rumıniya və Macarıstana qaz ixracına başlayıb. Ötən il və bu ilin arxada qalan dövründə şirkət bir neçə uzunmüddətli enerji alışı müqavilələri imzalayıb. Bu müqavilələrdən biri yanvar ayında Azərbaycanın “Abşeron” yatağından hasil olunacaq qazın alışını nəzərdə tutur. Ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi bildirib ki, "BOTAŞ yeni qaz təchizatı üçün SOCAR, TotalEnergies və ADNOC ilə 15 illik müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, Türkiyə 2029-cu ildən etibarən yeni investisiyalar vasitəsilə ümumilikdə 33 milyard kubmetr qaz alacaq. Tədarük həcmi ildə 2,25 milyard kubmetr olacaq.

4800288f-35b7-3478-b4b7-3b17466cc049_1200.jpg (130 KB)Ötən ilin sonlarında Türkiyə qısa və orta müddətli dövrdə maye qaz tədarükünü təmin edən təxminən 10 müqavilə imzalayıb. BOTAŞ həmçinin 2024-cü ildə Exxon və Shell ilə müqavilələr vasitəsilə ildə təxminən 5 milyon ton maye qaz alışını təmin edib. Türkiyənin yaxınmüddətli dövrdə ildə 19 milyon ton maye qaz alacağı gözlənilir.

S&P Global Energy CERA-nın məlumatına görə, Türkiyə 2026-cı ilin 1 yanvar-6 may tarixləri arasında 6,90 milyon ton mayeləşdirilmiş təbii qaz idxal edib. Bu, ötən ilin eyni dövründəki 6,57 milyon ton, 2024-cü ildəki 4,41 milyon tonla müqayisədə çoxdur. 2025-ci ildə Türkiyə ümumilikdə 12,38 milyon ton, 2024-cü ildə isə 9,17 milyon ton mayeləşdirilmiş təbii qaz idxal edib ki, bu da əvvəlki ilə nisbətən 35 faiz artım deməkdir.

Türkiyə Avropa üçün əsas tranzit mərkəzi kimi rolunu gücləndirmək üçün idxal infrastrukturuna investisiya qoyub, yüksək tələbat mövsümlərini ödəmək üçün çevik təchizat mənbəyi və boru kəməri idxalından asılılığı azaltmaq üçün mayeləşdirilmiş təbii qaz müqavilələri imzalayıb.

Artıq Avropa şirkətləri Türkiyənin maye qaz infrastrukturundan istifadə etməyə başlayıblar. Yunanıstanın DEPA şirkəti bu yaxınlarda Bulgargaz şirkətindən 2026-cı ilin yayında Türkiyənin Mərmərə limanında yenidən qazlaşdırma üçün 1 teravatt-saat mayeləşdirilmiş təbii qaz tədarük etmək və Bolqarıstana çatdırmaq üçün tenderi qazanıb.

c9ef2a58-ea32-34bc-938c-39e8e720e95e_1200.jpg (190 KB)

Daxili tələbatın gözlənilən artımı və Türkiyənin Avropaya təkrar ixrac etmək istəyi nəzərə alınmaqla, treyderlər yaxın bir neçə ildə tələbatın daha da artacağını proqnozlaşdırırlar.

CERA Türkiyənin LNG idxalının 2026-cı ildə 16,6 milyard kubmetr olacağını, 2027-ci ildə 17,95 milyard kubmetrə qədər artacağını və 2028-ci ildə artıq 18,88 milyard kubmetrə çatacağını proqnozlaşdırır: "Türkiyə ABŞ, Əlcəzair, Rusiya, Nigeriya, Azərbaycan və digər ölkələrdən mayeləşdirilmiş təbii qaz (LNG) mənbəyinə çevrilə və Avropaya satış üçün vahid bazar yarada bilər. Daha sonra Türkiyə vasitəsilə Avropanın qalan hissəsinə nəql ediləcək yenidən qazlaşdırılmış LNG-nin qiyməti yüksək olacaq, lakin bu, sabit tədarükü təmin edəcək".

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR