İnsanlara hürriyət, millətlərə istiqlal!

Velosipedlə stadiona gedən ana, qardaşını belə ehtiyatda saxlayan məşqçi - Murat Yakın fenomeni kimdir?

821 10.07.2026 16:41 İdman A A

İsveçrə millisinin baş məşqçisi Murat Yakın son illərdə Avropa futbolunun ən çox danışılan simalarından birinə çevrilib. Hazırda davam edən Dünya Çempionatı 2026-da o bir daha adından söz etdirməyi bacardı. Artıq bütün dünya ondan danışır...

Adını futbol tarixinə qızıl hərflərlə yazdıran Murat Yakın kimdir?

Onun rəhbərliyi altında İsveçrə əvvəlcə 2022-ci il Dünya Çempionatına vəsiqə qazandı, daha sonra isə uzun onilliklər ərzində görünməyən uğurlara imza atdı. Amma Murat Yakını fərqləndirən təkcə nəticələr deyil. Onun həyat yolu yoxsulluqdan zirvəyə, ailə faciələrindən dünya futbolunun elit səviyyəsinə uzanan əsl film ssenarisidir.

WhatsApp Image 2026-07-10 at 15.52.27.jpeg (76 KB)

Murat Yakın 15 sentyabr 1974-cü ildə İsveçrənin Bazel yaxınlığındakı Münhenştayn bölgəsində anadan olub. O, Türkiyədən İsveçrəyə köç etmiş ailənin övladıdır. Anası Əminə Yakın Türkiyədən - Adana bölgəsindən gəlmişdi. Həyat onun üzünə heç vaxt gülməmişdi. İlk həyat yoldaşını faciəli şəkildə itirən Əminə xanım sonradan Mustafa Yakınla ailə qurdu. Bu nikahdan Murat və Hakan dünyaya gəldi. Murat anasının əvvəlki evliliyindən olan altı övladı ilə birlikdə ailədə səkkiz uşaq böyüyürdü. Valideynlərin ayrılmasından sonra ailənin bütün yükü Əminə xanımın üzərinə düşdü. O, sosial yardım hesabına, müxtəlif təmizlik və ağır işlərdə çalışaraq səkkiz uşağı böyütdü. Yakın qardaşları sonralar dəfələrlə etiraf ediblər ki, bugünkü uğurlarını ilk növbədə analarına borcludurlar.

İsveçrədə Əminə Yakın haqqında əfsanələr dolaşır. O, oğullarının heç bir oyununu buraxmamağa çalışırdı. Pulu az olduğundan stadionlara çox vaxt velosipedlə gedirdi. Hətta Murat və Hakan “Bazel”in ulduzuna çevriləndən sonra belə məşqlərə yemək aparır, tribunada onları dəstəkləyirdi. Əminə Yakın 2023-cü ildə 89 yaşında vəfat etdi. Murat Yakın onun ölümündən sonra “Həyatım boyu ən böyük qəhrəmanım anam olub” demişdi.

WhatsApp Image 2026-07-10 at 15.52.27 (1).jpeg (90 KB)

Muratın futbola həvəsi böyük qardaşı Ertan İrizikin sayəsində yaranıb. O, Murat və Hakana ilk dəfə futbol seçmələrinə getməyə kömək edib. Atası futbola isti baxmasa da, Murat artıq uşaq yaşlarında müdafiənin lideri kimi seçilirdi. İlk addımlarını FC Concordia Basel akademiyasında atan Murat sonradan İsveçrənin ən məşhur klublarından olan “Qrasshopper”ə keçdi. Murat Yakın peşəkar futbolçu kimi “Qrasshopper”, “Ştutqart”, “Fənərbağça”, “Bazel” və “Kayzerslautern” kimi klublarda çıxış edib. O, mərkəz müdafiəçisi olsa da, müdafiədən hücum qurmaq bacarığı və uzaq məsafədən güclü zərbələri ilə seçilirdi.

İsveçrə millisində 49 oyun keçirən Murat dörd qol vurub. UEFA Çempionlar Liqasında “Bazel”in kapitanı kimi “Liverpul”, “Mançester Yunayted”, “Yuventus” kimi nəhənglərə qarşı uğurlu çıxışı ilə yadda qalıb. 2000-ci illərin əvvəlində Murat Yakın "Fənərbağça"ya transfer olunsa da, Türkiyədə uzun müddət qala bilmədi. Sonralar etiraf edirdi ki, İsveçrədə böyüdüyü üçün İstanbulun həyat ritminə uyğunlaşmaq onun üçün çətin olub. Buna görə də qısa müddətdən sonra yenidən İsveçrəyə qayıtdı.

WhatsApp Image 2026-07-10 at 15.52.27 (2).jpeg (111 KB)

Murat Yakın məşqçi olanda ilk prinsipi ədalət oldu. “Luzern” klubunda işlədiyi dövrdə komandada qardaşı Hakan Yakın da çıxış edirdi. Maraqlıdır ki, Murat ən çox elə qardaşını ehtiyatda saxlayır, lazım gələndə ilk onu əvəz edirdi. O, sonradan bunu belə izah etmişdi: “Qardaşım olduğu üçün ona güzəşt etsəydim, komandanı idarə edə bilməzdim”.

Murat Yakın “Tun”, “Luzern”, “Şaffhauzen”, “Sion”, “Qrasshopper” və “Bazel”də çalışıb. 2014-cü ildə “Bazel”i ardıcıl çempion etdi və Çempionlar Liqasına çıxardı. 2021-ci ildə İsveçrə millisinin baş məşqçisi təyin olundu. İlk böyük uğuru İtaliyanı geridə qoyaraq komandanı birbaşa 2022 Dünya Çempionatına çıxarması oldu. Maraqlı hadisə də məhz həmin vaxt yaşandı. İtaliya Şimali İrlandiyanı məğlub edə bilməyəndə (0:0) İsveçrə qrup qalibi kimi mundiala vəsiqə qazandı. Murat Yakın minnətdarlıq əlaməti olaraq Şimali İrlandiya Futbol Assosiasiyasına düz 9,3 kiloqram İsveçrə şokoladı göndərdi. Bu jest bütün Avropa mediasında geniş müzakirə olundu.

Yakının rəhbərliyi altında İsveçrə millisi dünya çempionatında 72 ildən sonra yenidən 1/4 finala yüksəldi. Bundan əvvəl isveçrəlilər yalnız 1934, 1938 və 1954-cü illərdə bu mərhələyə qədər irəliləmişdilər. Bu nəticə Murat Yakının adını İsveçrə futbol tarixinə qızıl hərflərlə yazdırdı.

WhatsApp Image 2026-07-10 at 15.52.28.jpeg (107 KB)

Gələk onun şəxsi həyatına…

Murat Yakın şəxsi həyatını mediadan uzaq saxlamağı sevən məşqçilərdəndir. O, ailəsi və münasibətləri barədə çox danışmır. İllər ərzində müxtəlif münasibətləri haqqında xəbərlər yayılsa da, özü bu mövzuda demək olar ki, heç vaxt geniş açıqlama verməyib. Boş vaxtlarında qolf oynamağı sevir, biznes fəaliyyəti ilə də məşğul olur və sakit həyat tərzinə üstünlük verir.

Murat Yakın haqqında ən maraqlı faktlar aşağıdakılardır:

1. Türkiyə əsilli olsa da, İsveçrə millisinin simvollarından birinə çevrilib.

2. Qardaşı Hakan Yakın da İsveçrə millisinin ulduz futbolçusu olub.

3. Anası Emine Yakını həyatının ən böyük qəhrəmanı adlandırırdı.

4. Qardaşına belə güzəşt etməyən prinsipial məşqçi kimi tanınır.

5. Şimali İrlandiyaya göndərdiyi 9,3 kiloqram şokolad futbol tarixinin ən maraqlı jestlərindən biri hesab olunur.

6. İsveçrə futbolunda həm futbolçu, həm də məşqçi kimi çempionluq yaşayan azsaylı şəxslərdəndir.

WhatsApp Image 2026-07-10 at 15.52.28 (1).jpeg (90 KB)

Bu gün Murat Yakın təkcə uğurlu baş məşqçi deyil. O, çətin ailə şəraitindən çıxaraq Avropa futbolunun zirvəsinə yüksələn, prinsipial xarakteri, ailəsinə bağlılığı və peşəkarlığı ilə nümunəyə çevrilən futbol adamlarından biri kimi qəbul edilir. Onun hekayəsi göstərir ki, böyük uğurlar çox vaxt stadionlardan deyil, anaların fədakarlığından başlayır...

WhatsApp Image 2026-07-10 at 15.52.28 (2).jpeg (58 KB)

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR