İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramovdan vacib təkliflər

1641 13.07.2026 15:14 İqtisadiyyat A A

Milli Məclisin iclasında “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com bildirir ki, deputat Vüqar Bayramov layihə barədə çıxış edib.

“Vacib qanun layihəsidir və İcbari Tibbi Sığorta Fondu anlayışı əsas anlayışlara daxil edilir. Eyni zamanda, fondun sərhədləri və formalaşma mənbələri daha aydın şəkildə təsbit edilir. Təklif edərdim ki, 1.1.18-ci maddə aşağıdakı redaktədə verilsin: “İcbari Tibbi Sığorta Fondu – səhiyyə xidmətlərinə universal çıxışı təmin etmək məqsədi ilə dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu”, - V.Bayramov deyib.

Deputat bildirib ki, səhiyyə xidmətlərinə universal çıxışın təmin edilməsinin qeyd edilməsi fondun ünvanlığını təsdiq etmiş olacaq:

“Digər tərəfdən, son 3 ildə fondun büdcə göstəricilərinin təhlili göstərir ki, bir sıra hallarda vəsaitlərin səhiyyə sisteminə yönəldilməsi deyil, qalıq kimi saxlanması müşahidə edilib. Son 3 ildə fondun təsdiq olunmuş büdcəsinin xərclərində artımlar qeydə alınıb. 2023-cü ildə fondun xərcləri 2 milyard 393 milyon manat təsdiq olunmuşdursa, bu göstərici 2024-cü ildə 2 milyard 850 milyon, 2025-cü ildə isə 2 milyard 941 milyon manat nəzərdə tutulmuşdu.

2025-ci ildən başlanan və bu il sürətlənən struktur və kadr islahatları fondun büdcəsinin stukturuna birbaşa təsir göstərib. İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri 2 milyard 621 milyon manat məbləğində təsdiq edilib. Burada vacib məqam xərclərin maliyyələşmə mənbələrdir Belə ki, fondun büdcə gəlirləri 1 milyard 976 milyon manat olsa da və icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 645 milyon 460 min manat vəsait ayrılıb”.

Vüqar Bayramov deyib ki, bu sahədə həyata keçirilən sitemli islahatlar dövlət büdcəsindən ayrılan vəsaitə qənaət edilməsinə imkan yaradıb:

“Əgər 2025-ci ildə dövlət büdcəsindən fonda 1 milyard 416 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdursa, bu il dövlət büdcənin hesabına sığortalanmaya 900 milyon manat ayrılacaq. Yalnız əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına 2025-ci ildə 1 milyard 266 milyon manat nəzərdə tutulmuşdur. Nəticədə, əvvəlki illərdə olan qalıq hesabına yalnız dövlət büdcəsindən fonda ayırmalarda 516 milyon manat qənaət etmək mümkün olacaq.

Digər tərəfdən, 2025-ci ildə işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları 909 milyon manat təsdiq olunmuşdursa, 2026-cı ildə yığımlar 1 milyard manatdan çox olacaq. Göründüyü kimi, bu ildən etibarən dövlət büdcəsindən fonda ayırmalarda azalmalar, fondun öz gəlirlərində isə artımlar qeydə alınacaq. Bu isə hazırda müzakirə etdiyimiz fondun büdcəsinin dayanıqlığı baxımdan vacibdir.

İcbari tibbi sığortanın idarəedilməsi sahəsindəki struktur və kadr islahatları həmçinin vəsaitlərin səmərəli istifadəsinə imkan yaratmaqdadır. Konseptual olaraq səmərəlilik, şəffaflıq və əlçatanlıq prinsiplərinin daha yaxından tətbiqi müşahidə edilməkdədir.

Qanun layihəsinin 15-3.5-ci maddəsinin aşağıdakı redaktədə verilməsini təklif edərdim:

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə ötürülmüş elektron resept əsasında yol verilir. Çünki yeni əlavə edilən 15-27-ci maddədə İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsi təklif edilir. Bu isə elektron resept anlayışının əsas anlayışlara gətirilməsi və 15-3.5-ci maddəyə daxil edilməsinə əsas yaradır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR